Düşmən qovulub, düşmənçilik isə qalıb

26.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın minatəmizləmə savaşı və qlobal həmrəylik imtahanı

Onilliklər ərzində çirklənmiş ərazilərin gizli təhlükədən – minalardan tam təmizlənməsi böyük maliyyə resursları, müasir texnologiyalar, yüksək ixtisaslı mühəndis-istehkamçı kadrlar və uzunmüddətli sistemli fəaliyyət tələb edir.

Beynəlxalq təcrübə göstərir ki, heç bir dövlətin bu ağır yükün altından qısa müddətdə öz daxili imkanları hesabına çıxması asan deyil. Çünki torpaqda qalan hər mina təkcə mülki əhalinin təhlükəsizliyinə deyil, həm də bütövlükdə, regionda dayanıqlı sülhə, sabitliyə və inkişafa ciddi maneə yaradır.

Bu baxımdan mina təhlükəsi ilə mübarizə bir ölkənin sərhədləri daxilində qalan lokal problem olmayıb, beynəlxalq ictimaiyyətin ortaq məsuliyyəti və qlobal həmrəylik tələb edən humanitar missiyadır. 

Mina statistikası 

Azərbaycan Respublikasının Minatəmiz­ləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun Ağdamda açıq­ladığı son göstəricilər qarşıda duran vəzifə­nin nə qədər böyük olduğunu aydın göstərir. Onun sözlərinə görə, 2020-ci ilin noyabrın­dan bəri təxminən 313 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlə­nib, 272 minə yaxın mina və partlamamış hərbi sursat isə aşkar edilərək zərərsizləşdi­rilib. Hazırda minatəmizləyənlərin həyatları bahasına apardığı bu mübarizə təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində də davam etdirilir. 

Bu rəqəmlər bir tərəfdən Azərbaycan dövlətinin və ANAMA əməkdaşlarının orta­ya qoyduğu əzmi, peşəkarlığı göstərirsə, di­gər tərəfdən qarşıda duran yolun nə qədər çə­tin, uzun və məsuliyyətli olduğunu xatırladır. Çünki minadan təmizlənən hər qarış torpaq, sadəcə, statistika deyil, həm də Böyük Qayı­dış karvanının yolunun açılması, yeni mək­təblərin, xəstəxanaların təməlinin qoyulması, illərdir xam qalmış münbit torpaqların yeni­dən kənd təsərrüfatına qaytarılması və bölgə­də həyatın yenidən canlanması deməkdir. 

Çinin humanitar dəstəyi 

Azərbaycanın minatəmizləmə sahəsində apardığı mübarizədə beynəlxalq tərəfdaşların dəstəyi önəmlidir. Bu baxımdan Çinin atdığı addımlar qeyd olunmalıdır. Çinin ölkəmizdə­ki səfiri Lu Meyin vaxtilə işğal nəticəsində yerlə-yeksan edilən, “Qafqazın Xirosiması”­na çevrilən Ağdamın Nəmirli kəndinə səfəri, burada ANAMA-nın səhra şəraitində fəaliy­yət göstərən mobil bazasının maddi-texniki imkanları və tətbiq olunan müasir texnologi­yalarla tanışlığı iki ölkə arasındakı humanitar əməkdaşlığın sözdən əmələ keçdiyini göstə­rir. Səfər zamanı ANAMA İdarə Heyəti səd­rinin təqdim etdiyi faktlar, xəritələr və sahə əməliyyatlarının gedişatı diplomatik missiya rəhbərinə fəlakətin miqyasını birbaşa təmiz­ləmə xəttində görmək, reallıqları yerində dəyərləndirmək imkanı yaratdı. 

Onu da qeyd edək ki, mina ilə çiriklən­miş torpaqların təmizlənməsi sahəsində Çi­nin Azərbaycana dəstəyi üçüncü mərhələyə çatıb. Birinci mərhələdə yaşayış evlərinin yoxlanılması və minatəmizlənməsi zama­nı istifadə olunan iki xüsusi rentgen aparatı təqdim edilib. İkinci mərhələdə Azərbay­cana 2,3 milyon yuan məbləğində maliyyə yardımı göstərilib. Sonuncu mərhələdə isə humanitar minatəmizləmə fəaliyyətinə əlavə olaraq 1 milyon yuan vəsait ayrılıb. Maliy­yə yardımının təqdim edilməsi mərasimində iştirak edən səfir Lu Mey Pekinin uzun müd­dətdir humanitar minatəmizləmə sahəsində beynəlxalq səyləri və əməkdaşlığı dəstəklə­diyini bildirib. O, ötən ilin aprel ayında iki ölkənin liderlərinin iştirakı ilə Azərbaycan və Çin arasında bu sahədə əməkdaşlığın güclən­dirilməsinə dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb. 

Çin tərəfinin bu ardıcıl təşəbbüsü göstərir ki, humanitar minatəmizləmə sahəsində bey­nəlxalq əməkdaşlıq konkret maliyyə və tex­niki dəstək mexanizmləri vasitəsilə səmərəli şəkildə inkişaf etdirilə bilər. Belə addımlar yalnız ikitərəfli münasibətlərin möhkəmlən­məsi baxımından deyil, həm də digər döv­lətlərin və beynəlxalq təşkilatların bu qlobal humanitar prosesə daha fəal qoşulması üçün nümunə kimi əhəmiyyət daşıyır. 

Qarabağ ölüm tələsi torunda 

Lakin ümumi mənzərəyə analitik prizma­dan nəzər saldıqda beynəlxalq dəstəyin möv­cud ehtiyaclardan və problemin real miqya­sından qat-qat geri qaldığı, hətta simvolik xarakter daşıdığı aydın görünür. ANAMA İdarə Heyətinin sədri V.Süleymanovun diqqət çəkdiyi rəsmi rəqəmlər bu kəskin maliyyə və məsuliyyət təzadını bütün çılpaqlığı ilə orta­ya qoyur. 2020-ci ilin noyabrından bəri Azər­baycanda humanitar minatəmizləmə əməliy­yatlarına, ümumilikdə, təxminən 590 milyon ABŞ dolları vəsait yönəldilib. Buna qarşılıq olaraq, xarici dövlətlərin və beynəlxalq do­nor təşkilatlarının bu prosesdəki payı ümumi maliyyələşmənin 5 faizindən də azdır. Yəni cəmi 29 milyon dollara yaxındır. Bu statis­tika sübut edir ki, qlobal humanitar fəlakət sayılan mina probleminin aradan qaldırılması yükünün 95 faizindən çoxunu Azərbaycan dövləti öz daxili resursları hesabına daşıyır. 

Əlbəttə, ötən müddət ərzində bir sıra tərəfdaşların göstərdiyi yardımları qeyd et­mək vacibdir. Avropa İttifaqı 10 milyon dol­lardan çox, Birləşmiş Ərəb Əmirlikləri 5 mil­yon dollar, Səudiyyə Ərəbistanı ANAMA-nın əməliyyatlarına birbaşa dəstək üçün 3 milyon dollar, ABŞ isə 2,5 milyon dollar maliyyə yardımı ayırıb. Bununla yanaşı, Böyük Brita­niya, Yaponiya, Almaniya, Belçika və Cənubi Koreya kimi ölkələr də müxtəlif formatlarda bu missiyaya qoşulublar. Eyni zamanda, bu il noyabrın 17-18-də ABŞ Senatının Təxsi­satlar Komitəsinin 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin büdcə layihəsində Azərbaycan da daxil olmaqla bir sıra ölkələr­də minatəmizləmə proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə etməsi müsbət siq­nal kimi dəyərləndirilə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qərar hələlik təsdiqlən­miş və icraya yönəlmiş maliyyə ayırması de­yil, yalnız büdcə layihəsi çərçivəsində veril­miş tövsiyədir. 

Bu beynəlxalq dəstək görülən və görülə­cək işlərlə müqayisədə kişik məbləqdir. Hal­buki Azərbaycanın üzləşdiyi mina çirklən­məsinin nəhəng miqyası birdəfəlik layihələr, kiçik qrantlar və ya vədlər deyil, uzunmüd­dətli, davamlı və sistemli beynəlxalq dəstək mexanizmləri tələb edir. 

Unutmaq olmaz ki, mina təhlükəsi yal­nız bir ölkənin sərhədləri daxilində qalan lo­kal problem deyil. Onun dağıdıcı nəticələri birbaşa insan həyatına, regional təhlükəsiz­liyə, iqtisadi dirçəlişə və gələcək nəsillərin taleyinə ağır zərbə vurur. Problemin həllin­də beynəlxalq dəstək aparıcı qüvvə olmalı­dır. Buna görə də minatəmizləmə fəaliyyə­tinə dəstək vermək, sadəcə, maddi yardım göstərmək deyil, günahsız insanların həya­tının xilasına, sülhün möhkəmlənməsinə və təhlükəsiz gələcəyin qurulmasına verilən ən ali töhfədir. 

Beləliklə, torpaqları işğaldan azad etmək nə qədər böyük qəhrəmanlıq idisə, o torpaqla­ra yenidən nəfəs vermək, onları təhlükəsiz et­mək də bir o qədər ağır və uzun bir yoldur. Mi­nadan təmizlənən hər qarış yer insanların öz evinə, sülhə və Böyük Qayıdışa açılan qapısı olmaqla yanaşı, həm də bölgədə dayanıqlı sa­bitliyin və yeni geosiyasi reallıqların bərqərar olması deməkdir. Amma bu qapını sona qədər açmaq təkcə Azərbaycanın işi olmamalıdır. 

Bölgədə real sülh və əməkdaşlıq görmək istəyən, insan həyatına dəyər verən hər kəs, bütün dünya bu yükün altına çiyin verməlidir. Çünki mina bəlasına qarşı çiyin-çiyinə da­yanmaq təkcə bir xalqın öz yurduna qayıdı­şını tezləşdirmir, həm də beynəlxalq birliyin regional sülhə nə qədər səmimi yanaşdığını, vicdan və ədalət imtahanından necə çıxdığını göstərir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью