Düyü, yoxsa bulqur: Hansı daha sağlamdır?

15.09.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətbəximizin geniş istifadə olunan iki əsas məhsulu – düyü və bulqur arasında hansı qidanın daha sağlam olması ilə bağlı müzakirələr uzun illərdir davam edir. Elmi araşdırmalar isə bu iki məhsulun qida dəyəri baxımından fərqlərini ortaya qoyub.
Demokrat.az
xəbər verir ki, xüsusilə ağ düyü ilə müqayisədə bulqurun daha yüksək lif və bəzi vitamin-mineral tərkibinə malik olması onun üstün tərəflərindən biri hesab edilir.
“Journal of Cereal Science” jurnalında dərc olunan araşdırmaya əsasən, bulqurun emalı zamanı dənənin rüşeym və kəpək təbəqələri böyük ölçüdə qorunur. Bu xüsusiyyət onun qida dəyərinin daha yüksək olmasına şərait yaradır. Məlumata görə, bulqur ağ düyü ilə müqayisədə təxminən dörd dəfə çox lif və daha yüksək miqdarda B qrupu vitaminləri ehtiva edə bilər.
Digər mühüm fərq isə qlisemik indekslə bağlıdır. Ağ düyü yüksək qlisemik indeksə malik olduğundan qanda şəkərin səviyyəsini daha sürətlə yüksəldə bilər. Sonradan şəkərin sürətli enməsi isə bəzi insanlarda daha tez aclıq hissinin yaranmasına səbəb ola bilər.
Bulqurun qlisemik indeksinin daha aşağı olması isə qanda şəkərin daha sabit qalmasına və daha uzun müddət toxluq hissinin qorunmasına kömək edə bilər. Eyni zamanda məhsul maqnezium və dəmir kimi minerallarla da zəngindir.
Bu səbəbdən ümumi qidalanma və metabolik sağlamlıq baxımından bulqur ağ düyüdən daha üstün seçim hesab olunur. Bununla belə, düyünün də qidalanmada öz yeri var. Xüsusilə idmançılar və həssas həzm sisteminə malik insanlar üçün düyü bəzi hallarda daha uyğun alternativ ola bilər.
Beləliklə, gündəlik qidalanmada lif və mineral baxımından daha zəngin seçim axtaranlar üçün bulqur daha əlverişli variant kimi önə çıxır.
Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью