Duz çörək minnəti: Bu, milli ikiüzlülükdür?

04.07.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan cəmiyyətində qonaqpərvərlik hər zaman milli kimliyimizin əsas dəyərlərindən biri hesab olunub. Evə gələn qarşısına çay qoymaq, sonra süfrə başına keçirmək adətkərdən biridir. “Əşşi, çayımızdan içməmiş, çörəyimizdən yeməmiş hara gedirsən?!” inadı da bəzən küsülülük səbəbi olur.

Amma bu qonaqpərvərliyin, səmimiyyətin astar üzünə də rast gəlmək olur. Bir xahiş, istək yerinə yetirilmədikdə “birlikdə 1 ton çörək yemişdik, nooldu?!”, “duz-çörək itirmə” kimi üzə vurulur.

Buna nə ad verəsən: milli ikiüzllük, yoxsa fürsətçilik? Toyuqlu pizza

“Yeni Sabah”ın sualını iki nəfər cavablandırıb.

Xalq şairi Sabir Rüstəmxanlı: “Keçmişimizi niyə tənqid eləməliyik ki?! Dədələrimiz, babalarımız o cür yaşayıblar. Duz-çörək kəsiblər, kəsilən duz-çörəyə dəyər veriblər, ona hörmət göstəriblər. İndi də bu adət qalır. Amma bunu buna bir borc, yəni minnət davası yaranması üçün etməyiblər. Guya hər kəs sənə duz-çörək verirsə, sən də onun qarşısında mütləq duz-çörək verməlisən. Belə şeyləri müzakirəyə çıxarmaq və yüzillərdən bəri xalqın psixologiyasında, həyat tərzində, yaşayışında formalaşmış dəyərli adət-ənənələri müzakirə mövzusuna çevirmək, məncə, yol verilən deyil.

Amma bu cür gözəl bir adət var. İnsan duz-çörək kəsirsə, onu qədir bilir. Məsələyə bu cür yanaşmaq lazımdır. Ola bilsin, heç bir vaxt o adamın sənə işi düşməsin. Amma bir dəfə duz-çörək kəsiblər. Yaxud haradasa təsadüfən oturublar, rastlaşıblar, illər sonra o kəsilən duz-çörəyi dəyərli bir xatirə kimi yada salacaq”.

Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov: “Bu cür davranışı milli ənənəyə zidd və ya ikiüzlülük kimi qiymətləndirmək düzgün deyil: Amma çox şey dəyişib. Tərbiyə qaydalarımızı, adətlərimizi zamanla təhrif ediblər. Ənənəmizə görə evə gələn, istər tanış olsun, istərsə də yad adam qonaqdır. Ona çay-çörək vermək, hörmət göstərmək ev sahibinin borcudur. Çünki qonaq Allah qonağı sayılır.

Bu gün insanlar çay-çörək verəndə qarşılığında nəsə gözləyirlərsə, bu artıq törəmizin pozulmasıdır. Millətin öz qaydaları var. O ənənələrdə qonaqdan heç nə ummaq yoxdur. Əksinə, qonaq yola salınanda ona evdən pay verərlər, hətta ailəsinə də sovqat göndərərlər.

Təəssüf ki, hər kəs bu qaydaların mahiyyətini başa düşmür. Bu, millətin deyil, ayrı-ayrı insanların tərbiyəsi, dünyagörüşü və bəzən də çatışmazlıq kompleksi ilə bağlıdır. Səməd Vurğun deyirdi: “Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən”.

Bu gün imkanlı olub, amma bu dəyərləri anlamayan insanlar çoxdur. Əvvəllər toyda, məclisdə hər adam durub söz deyə bilməzdi. Böyüyün yanında danışmağın, sual verməyin də öz qaydası var idi. Kiçik əvvəlcə böyüklərdən icazə alar, sonra sözünü deyərdi. İndi isə bu qaydalar pozulur. Bu, millətin mahiyyətini yox, həmin insanların tərbiyəsini və dəyərlərə münasibətini göstərir.

Aytəkin Əzizqızı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью