Düzgün əyləşək, sonra siyasətdən danışaq!

07.09.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu mövzu barədə çoxdandır, yazmaq, fikrimi bildirmək barədə düşünürdüm. Hər hansı bir şəxs dövlət, dövlət başçısı tərəfindən həyata keçirilən işlər, dövlət başçısının səfərləri barədə fikir bildirir, açıqlama verir və yaxud təhlil xarakterli danışır. Əla, hər bir vətəndaşın borcudur ki, hadisələrə öz münasibətini bildirsin. Lakin bəzi insanlar var ki, danışdığı mövzu ilə oturuşu tərs mütənasiblik təşkil edir. Yəni ağzından çıxardığı söhbətin mövzusu ilə əyləşmə forması tamamilə bir-birinə uyğunsuz olur.

Bir neçə dəfə mətbuatda belə fotolarla qarşılaşmışam. Və ikrah hissi keçirmişəm ki, görəsən insanın danışdığı mövzu ilə hərəkəti necə bu qədər bir-birinin ziddinə olar... Ümumiyyətlə, hər söhbətin öz oturuş-duruş forması var, bu, məlumdur. Biz istədiyimiz formada əyləşib dövlət başçısının səfərləri barədə danışa bilmərik. İstədiyimiz formada dayanıb dövlət tərəfindən həyata keçirilən işlərdən danışa bilmərik. Bir dövlət qurumuna hər hansı bir işlə bağlı müraciət edərkən necə gəldi, əyləşə bilmərik. Qonaq dəvət edildiyimiz veriliş olsun, iştirak etdiyimiz yığıncaq, iclas olsun, toy şənliyi, hüzr yeri olsun, məktəbdə valideyn iclası, kafe-restoranda dost-rəfiqələrlə əylənmək olsun, hər birinin öz oturuş forması var. Biz harada daha ciddi, harada ciddi, harada az sərbəst və harada daha sərbəst ola bilərik, bax, buna qərar verməyi bacarmalıyıq.

Bütün bunların fonunda haqqında danışdığım mövzuya qayıdır və qeyd edirəm ki, xüsusilə dövlət, dövlət başçısı haqqında danışarkən ədəb-ərkana fikir vermək hər bir vətəndaşın, vəzifəli şəxsin və yaxud da böyükdən kiçiyə hər kəsin borcudur. Bu, ümumi Azərbaycan ziyalısının fikridir, Azərbaycan mədəniyyətinin nümunəsidir, xalqın milli-mənəvi dəyərlərinin bir parçasıdır.

Belə bir aforizm var: insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Burada ağıl insanın ümumi dünyagörüşünü, savadını, ədəb-ərkanının toplusudur. Gözəl, dəblə, zövqlə geyinmək olar. Lakin bəzən ağzını açıb danışarkən fikirləri və yaxud insanın oturuşu-duruşu, jestləri ilə yaratdığı mənzərəni əynindəki geyim xilas edə bilmir. Ona görə də qarşılanarkən yuxarı başa keçirilən bəzi insanlar yola salınarkən qarşılayanın yadına belə düşmür. Çünki görünən o olur ki, kasıb bir cisim bahalı, dəbdəbəli geyimlərin kölgəsinə sığınır, ondan özünə mədəd umur.

Lakin elə sadə geyimlərdə insanlar görürük ki, ədəb-ərkanı, ağzından tökülən dürr kimi cümlələrlə insanı valeh edir, ətrafa o qədər zənginlik saçır ki, bu mənzərədə geyiminin sadəliyinə diqqət edən belə olmur.

Odur ki, gözəl geyinmək olar, gözəl danışmaq da olar, lakin bu danışıq o vaxt sanballı, ürəyəyatan, diqqətçəkən olur ki, ona ədəb-ərkan yoldaşlıq edir. Əlbəttə, əgər mövzumuz dövlət başçısının səfərlərinə münasibət bildirmək, yaxud da dövlətin hər hansı işlərindən danışmaqdırsa, bu dəfə bir dəfə deyil, iki dəfə düşünməli, oturuş-duruşumuza bir dəfə deyil, iki dəfə fikir verməli, söhbətin sonunadək bütün bunlara diqqət etməliyik. Eləcə də mediaya təqdim etdiyimiz fotomuza diqqət etməliyik: mən bu fotonu mediaya verə bilərəmmi, yoxsa telefon və kompüterimdə daimi qalmalıdır, kimi suallara doğru cavab taparıqsa, sonra ümidvaram ki, hansı fotomuzun mediaya çıxmasına da doğru qərar vermiş olarıq.

Bir sözlə, mədəniyyət, ədəb-ərkan bütün zamanlarda ağıl-zəka, təhsil, elm, dünyagörüşlə yarı olub. Hələ məncə bu, onlardan çox-çox üstündür. Nəyə görə, deyim. Ona görə ki, nəyə lazımdır o elm-irfan ki, orada ədəb-ərkan yoxdur.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью