Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Misli Premyer Liqasının XII turunun “Şamaxı” – “Turan Tovuz” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Maraqlı oyun oldu. Çox təəssüflər olsun ki, uduzduq. Birinci hissədə uşaqlar yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol vermədik. İkinci hissədə psixoloji tarazlıq pozuldu. Oyun üslübumuzda müəyyən axsamalar oldu. Amma yenə də yolumuza davam edəcəyik. Oyundan-oyuna belə hallara hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Amma biz daha güclü olmalıyıq.
– Fasilədə Ayman Bualini əvəzlədiz. Bu, zədə ilə bağlı idi?
– Buali birinci hissədə meydanda istədiklərimizi vermədi. Amma ondan razıyıq. Futboldur, əvəzetmə də olur. Daha yaxşısını etmək istədik. Necə alındığı artıq sonrakı məsələdir.
– Hakimliklə bağlı fikriniz necədir?
– Emin Əliyev gənc hakimlərimizdəndir. Səhv hamıda olur. Biz də səhv edə bilirik. bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrisə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.
– Komandanız say üstünlüyü əldə etsə də, rəqib qol vurdu. Sizcə, niyə belə oldu?
– Komanda qol vurmağa tələsdi. Hücuma atıldıq. Gözlədiyimiz başımıza gəldi. “Turan Tovuz”un futbolçularının fərdi keyfiyyətlərini bilirik. Fərdi keyfiyyətin nəticəsində də qol vurdular. Sevindirici hal odur ki, gənc futbolçu Hacıəli Şirəliyev bu gün debüt etdi. Buna sözün əsl mənasında sevinirəm.
– Fasilədə hakimlə danışanda rəqib məşqçi Yunis Hüseynov müdaxilə etdi. Orada nə baş vermişdi?
– Yunis müəllim bizim veteran futbolçularımızdandır. Meydançada bəzi şeyləri düzgün görməyib. O, elə düşünürdü ki, mən azarkeşləri qızışdırıram. Buna görə mənə iradını bildirdi. Məsələ bitdi. Azarkeşlərdən xahiş elədim ki, hakimlərə nəsə deməsinlər, ancaq komandamıza dəstək olsunlar. Həmişə düzgün nədirsə, onun arxasındayam.
Şahin Cəfərov