Düzgün olanı əldə etmək sənəti

09.07.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Diplomatiyada belə bir deyim var: "Əgər masa arxasında deyilsinizsə, deməli, menyüdəsiniz".

Azərbaycan dəfələrlə və inandırıcı dəlillərlə isbatladı: menyüdə deyil, masadadır. Bu, Azərbaycan diplomatiyasının ən başlıca uğurudur.

Otto fon Bismark da hökumət başına diplomatik xidmətdən gəlmişdi. Onun məşhur bir sözü var: "Siyasət - mümkün olanı ldə etmək sənətidir".

Əslində Azərbaycanın təcrübəsinə baxanda bəlkə də belə demək olar: siyasət bəzən mümkün olmayanı belə əldə etmək sənətidir. Üstəlik Azərbaycanın hazırkı diplimatik xidməti düzgün olanı əldə etməyin yüksək sənətkarlığını göstərir.

Əvvəlki yazılarından birində Prezident İlham Əliyevi " Ali Baş Diplomat" adlandırmışdım.

Bunları deyərkən nəyə əsaslanıram?

Əlbəttə, çoxlu faktlar sadalaya, konkret sübutlar gətirə bilərəm. Düşünürəm, görünən kəndə, doğrudan da, bələdçi lazım deyil.

Bu gün peşə bayramını qeyd edən Azərbaycan diplomatları ölkə prezidentinin rəhbərliyi ilə mühüm uğurlar qazanıblar. "Dinc mübarizə ordusu" olaraq diplomatların qazandığı ən böyük nəticə Azərbaycan adlı gəmini bu fırtınalı-qasırğalı zamanda - mürəkkəb tarixi mərhələdə sabit, təhlükəsiz saxlaya bilməkdir.

Azərbaycanda müxtəlif sahələrlə bağlı müxtəlif fikirlər söylənilir. Ancaq Azərbaycanın xarici siyasət kursu haqqında cəmiyyətin özündə də, ölkə xaricində də yekdil fikir var: seçilmiş xətt, yürüdülən siyasət doğrudur.

Bilirsiniz, deyirlər, müharibə - diplonatiyanın silahla davamıdır. Ancaq müharibədə qazanılmış hərbi qələbələri uğurlu diplomatik nəticələrə bağlamaq da asan deyil. Çətindir və çox mühümdür. Azərbaycan isə göstərdi ki, həm hərbdə, həm diplomatiyada "yüksək pilotaj" göstərə bilir. Ən mürəkkəb vəziyyətlərdə belə ölkəni itkisiz, yaxud mümkün olan ən cüzi itki ilə çıxara bilən xarici siyasətə, təbii ki, öz halal qiymətini vermək gərəkdir. Mən də bunu az-çox etməyə çalışdım.

Ən yüksək ierarxik səviyyədən başlayaraq bütün diplomatlarımızı təbrik edirəm! Yeni uğurlar gözləntisi ilə;

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol. info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью