Əbədi dostluq: münasibətlərin fövqündə dayanan qətiyyət

24.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud gələcəyə baxışın Azərbaycan–Özbəkistan mesajı

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Prezident İlham Əliyevin qardaş Özbəkistana səfərinin ən mühüm nəticəsidir. Şübhəsiz, burada başlıca məqam iki dövlətin “əbədi dostluq” anlayışını diplomatiya müstəvisinə gətirmələridir. Belə yanaşma özlüyündə son dərəcə unikal mahiyyət daşıyır və sənəd üzərində xüsusi dayanmaq, onun dünyadakı bənzərlərinə nəzər salmaq, paralellər aparmaq zərurəti yaradır. Amma vurğulanmalı məqam yalnız bu deyil.

***

Bəli, Azərbaycan–Özbəkistan arasında 23 avqust 2026-cı il tarixdə ərsəyə gəlmiş müqavilə nadir mahiyyət daşıyır. Amma sənəd beynəlxalq diplomatiyada bir o qədər presedentsiz deyil. Elə Özbəkistanın özü Qazaxıstan və Qırğızıstanla belə bir sənəd imzalayıb. Ona əsasən tərəflər münasibətlərini “əbədi dostluq”, qarşılıqlı etimad, suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri üzərində qurmağı öhdələrinə götürüblər. 1997-ci ildə imzalanmış müqavilə sonradan BMT səviyyəsində qeydiyyata da alınıb. 

Bundan başqa, 1984-cü ildə Argentina və Çili “Sülh və Dostluq Müqaviləsi” imzalayıblar ki, sənəddə tərəflərin öz aralarındakı daimi dostluğu əbədiyyətə daşımaq əzmi vurğulanıb, mövcud istiqamətdə əlaqələri qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək öhdəliyi götürülüb. Müqavilə 1985-ci ildə qüvvəyə minib. Daha əvvələ getsək, 1830-cu ildə ABŞ və Çoktav xalqı (Ameriakda qəbilə) arasında imzalanmış müqavilənin, İngiltərə və Portuqaliya arasındakı Vindzor müqaviləsinin üzərində dayanmaq mümkündür. Qeyd edək ki, ingilislərin və portuqalların çoxəsrlik ittifaqını rəsmiləşdirən 1386-cı ilə aid bu sənəd əbədi dostluq paktı kimi xarakterizə olunur. 

Onu da bildirək ki, 1927–1928-ci illərdə Fransa ilə ABŞ da, belə demək mümkünsə, dostluğu əbədiləşdirməyə cəhd göstəriblər. Yəni, ölkələr arasında belə bir müqavilənin hazırlanması ideyası olub. Amma ABŞ Dövlət Departamentinin tarixi sənədlərində bu layihə açıq göstərilir, qüvvəyə minmiş müqavilə deyil, diplomatik layihə olaraq qalır. Görünür, Parislə Vaşinqtonun əbədi dostluğu alınmayıb. 

***

Bəs Azərbaycanla Özbəkistanın imzaladığı sənədini fərqləndirən nədir? Əlbəttə,  mühüm məqam müasir dövrdə iki müstəqil türk dövlətinin münasibətlərini strateji tərəfdaşlıq və müttəfiqlik kontekstində “əbədi dostluq” anlayışı ilə rəsmiləşdirmələridir. Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanan bu müqavilə dövlətlərin münasibətlərində yeni səhifə açmaqla yanaşı, iki xalq arasında əsrlərdən gələn doğmalığın müasir dövlətçilik və beynəlxalq hüquq müstəvisində ifadəsidir. Deməli, müqavilə sadəcə diplomatik deyil, tarixlə gələcəyin vəhdətini əks etdirən sənəddir. Onu dünyadakı bənzər müqavilələrdən fərqləndirən ilk məqam da elə budur. 

***

Həqiqətən, Azərbaycanla Özbəkistanın münasibətlərini yalnız son illərin siyasi uğurları ilə izah etmək yerinə düşmür. Bu əlaqələrin kökləri ortaq türk tarixinin dərinliklərinə, eyni mədəniyyət və mənəvi dəyərlər məkanına gedib çıxır. Obrazlı ifadə etsək, Bakı ilə Daşkəndi Xəzərin mavi sularından başlayıb Mərkəzi Asiyanın geniş düzənliklərinə qədər uzanan coğrafi məsafədən daha güclü tellər birləşdirir. 

Nizami Gəncəvi ilə Əlişir Nəvai, Mirzə Fətəli Axundzadə ilə özbək ədəbiyyatının klassikləri, Azərbaycan muğamı ilə Özbəkistanın zəngin musiqi ənənələri böyük mənəvi körpünün ayrı-ayrı sütunlarıdır. Yəni, dövlətlərarası münasibətlərin əbədi dostluq paradiqması üçün zəmin çoxdan formalaşıb. Hazırkı müqavilə isə Azərbaycanla Özbəkistanın əlaqələri qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik üzərində qurduğunu bəyan edir. Özü də dünyaya mesaj ruhunda bəyan edir. 

Əlbəttə, əbədi dostluq heç də siyasi romantika deyil. Baxmayaraq ki, bir çoxları diplomatik sənəddə “əbədi” sözünün işlədilməsinin, ilk baxışdan, poetik çalarlarına köklənirlər. Köklənsinlər, amma nəzərə alsınlar ki, beynəlxalq münasibətlərdə bu tipli ifadələrin arxasında ciddi siyasi məna dayanır. Axı dövlətlərin münasibətləri hökumətlər dəyişdikcə, beynəlxalq konyunktura yeniləndikcə, geosiyasi mənzərə dəyişdikcə müxtəlif mərhələlərdən keçir. Əbədi dostluq bu dəyişkənliyin fövqündə dayanan siyasi iradənin göstəricisidir. Bu iradə isə xalqların haqqında söz açdığımız yaxınlıq tellərindən nəşət alır. 

Bəli, Azərbaycan və Özbəkistan dövlətləri mesaj verirlər ki, onların münasibətlərinin əsası yalnız müəyyən hökumətlərin cari mənafelərindən ibarət deyil. Bu əlaqələr xalqların tarixi yaxınlığına, qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara söykənir. Deməli, müqavilənin adı onun mahiyyətinin açarıdır. Yəni, dostluq münasibətin ruhudur, müttəfiqlik siyasi məzmunudur. Əbədi dostluq isə gələcəyə ünvanlanmış qətiyyətdir.

Sonda onu da bildirək ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin hər bir müddəasının arxasında iki xalqın tarixi yaşantısı dayanır. Suverenliyə hörmətin arxasında dövlətçilik təcrübəsi, təhlükəsizlik öhdəliyinin arxasında qarşılıqlı etimad, nəqliyyat əməkdaşlığının arxasında ortaq coğrafiya, iqtisadi layihələrin arxasında qarşılıqlı maraq, dil və təhsil məsələlərinin arxasında ortaq mədəniyyət, əbədi dostluğun arxasında isə ortaq gələcəyə baxış amili var. Elə buna görədir ki, Daşkənddə imzalanmış sənədin adı digər oxşar məzmunlu müqavilələrdən daha tutarlı səslənir.

Ə.CAHANGİROĞLU  

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью