Əbədi dostluqdan ortaq gələcəyə ŞƏRH

26.08.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan əlaqələrinin tarixində xüsusi siyasi əhəmiyyət daşıyan səfər kimi yadda qaldı. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Daşkənddə baş tutan yüksək səviyyəli görüşlər, imzalanmış mühüm sənədlər və əldə edilən razılaşmalar iki ölkə arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini ortaya qoydu. Buxarada keçirilən tədbirlər isə bu əməkdaşlığın yalnız siyasi müstəvidə deyil, humanitar və iqtisadi sahələrdə də genişləndiyini göstərdi. Azərbaycan və Özbəkistan arasındakı münasibətləri birləşdirən amillər təkcə müasir siyasi maraqlardan ibarət deyil. İki xalqı əsrlər boyu formalaşmış ortaq tarix, dil və mədəni yaxınlıq, eyni zamanda türk dünyasına məxsus mənəvi dəyərlər bir araya gətirir. Son illərdə bu təbii yaxınlıq dövlətlərarası münasibətlərdə konkret layihələr və uzunmüddətli strateji məqsədlərlə tamamlanır. Bu baxımdan Prezident İlham Əliyevin səfərini mövcud tərəfdaşlığın daha yüksək səviyyəyə yüksəldilməsi kimi qiymətləndirmək mümkündür.

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi əlaqələrin sistemli və institusional xarakter aldığını bir daha təsdiqlədi. Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin gələcək inkişaf istiqamətləri nəzərdən keçirildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də səfərin əhəmiyyətini yüksək qiymətləndirdi. Səfərin ən mühüm siyasi nəticələrindən biri Əbədi Dostluq haqqında Müqavilənin imzalanması oldu. Bu sənəd Azərbaycan və Özbəkistan arasında qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlıq niyyətinin hüquqi-siyasi ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız mövcud münasibətlərin rəsmiləşdirilməsindən getmir. Sənəd eyni zamanda iki dövlətin gələcək nəsillər üçün davamlı dostluq və həmrəylik mühiti yaratmaq əzmini nümayiş etdirir.

Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi layihələrin açılışı və yeni təşəbbüslərin təməlinin qoyulması da iqtisadi tərəfdaşlığın praktik nəticələrini nümayiş etdirdi. “Davr Bank”, gips istehsalı müəssisəsi, STEAM məktəbləri, SOCAR-ın yanacaqdoldurma məntəqələri, yaşayış kompleksləri və digər layihələr Azərbaycan biznesinin Özbəkistan bazarında iştirakının artdığını göstərir. Beləliklə, dövlətlərarası siyasi münasibətlər konkret iqtisadi təşəbbüslərlə möhkəmləndirilir.

Əməkdaşlığın digər strateji istiqaməti nəqliyyat və tranzit sahəsidir. Trans-Xəzər marşrutunun imkanlarının genişləndirilməsi, logistika infrastrukturunun inkişafı və yükdaşımaların daha səmərəli təşkil edilməsi ilə bağlı razılaşmalar iki ölkənin regional iqtisadi proseslərdə ortaq maraqlarının olduğunu göstərir. İki ölkənin münasibətlərində mədəni-humanitar istiqamət də xüsusi yer tutur. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılışında iştirak edilməsi və Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması bunun mühüm nümunələridir. Azərbaycan və Özbəkistan xalqlarının ədəbi-mədəni irsində Nizami Gəncəvi və Əlişir Nəvai kimi böyük şəxsiyyətlərin xüsusi mövqeyi var. Onların yaradıcılığına həsr olunacaq birgə film layihəsinin planlaşdırılması ortaq mədəni irsin müasir vasitələrlə gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Bu səfərin mühüm cəhətlərindən biri də Azərbaycan–Özbəkistan münasibətlərinin artıq yalnız ikitərəfli çərçivədə nəzərdən keçirilməsinin kifayət etməməsidir. Bakı və Daşkənd arasında genişlənən əməkdaşlıq Türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasına da mühüm töhfə verir. İki ölkənin müxtəlif sahələrdə birgə fəaliyyəti türk dövlətləri arasında praktiki əməkdaşlığın gücləndirilməsi baxımından nümunə təşkil edir.

Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Özbəkistanda yüksək səviyyədə qarşılanması və yola salınması, həmçinin dövlət başçılarının qarşılıqlı olaraq ali dövlət mükafatları ilə təltif olunması iki ölkə rəhbərliyi arasında formalaşmış xüsusi münasibətlərin və qarşılıqlı hörmətin göstəricisi kimi qiymətləndirilə bilər. Bu addımlar Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında dövlət rəhbərlərinin siyasi iradəsinin mühüm rol oynadığını nümayiş etdirir. 23–24 avqust səfərinin əsas nəticəsini belə ümumiləşdirmək olar: Azərbaycan və Özbəkistan arasında tarixi-mədəni yaxınlıq artıq konkret siyasi mexanizmlər, iqtisadi layihələr, investisiyalar, nəqliyyat dəhlizləri və humanitar təşəbbüslərlə daha möhkəm əsaslar üzərində qurulur.

Bu gün iki ölkə qarşısında yeni imkanlar açılır. Xəzərdən Mərkəzi Asiyaya, oradan isə Avropaya qədər uzanan nəqliyyat və iqtisadi marşrutlar Azərbaycanla Özbəkistanın regional əhəmiyyətini daha da artırır. Bu prosesin əsasını isə yalnız iqtisadi maraqlar deyil, qarşılıqlı etimad, siyasi iradə və iki xalq arasındakı tarixi qardaşlıq münasibətləri təşkil edir. 23–24 avqust 2026-cı il tarixləri Azərbaycan–Özbəkistan münasibətlərində yeni səhifənin başlanğıcı kimi qiymətləndirilə bilər. Daşkənddə əldə olunan razılaşmalar və həyata keçirilən tədbirlər göstərir ki, iki ölkə keçmişdən gələn dostluq bağlarını gələcəyin davamlı və çoxşaxəli strateji tərəfdaşlığına çevirmək əzmindədir.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью