Əbədi müstəqilliyə gedən yol

22.05.2026

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1918-ci ilin 28 mayında Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoyaraq tarixdə ilk dəfə Şərqin və müsəlman dünyasının ilk demokratik, hüquqi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması böyük siyasi və mənəvi proseslərin nəticəsi idi. Həmin dövrdə xalqın milli şüuru artıq formalaşmış, azadlıq və müstəqillik ideyaları geniş yayılmışdı. Azərbaycanın qabaqcıl ziyalıları, maarifçiləri və mütəfəkkirləri milli dirçəlişə, xalqın öz taleyini müəyyən etmək istəyinə ciddi təsir göstərmişdilər. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi siyasi hadisə deyil, milli oyanışın məntiqi yekunu idi. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır."

1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi ağır sınaq qarşısında qalmışdı. Müstəqilliyin ilk illəri xaos, daxili çəkişmələr, Ermənistanın işğalçılıq siyasəti və iqtisadi böhranla xarakterizə olunurdu. Məhz bu çətin dövrdə xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi və o, ölkəni bəlalı vəziyyətdən çıxarmaq üçün bütün siyasi iradəsini və fədakarlığını ortaya qoydu.
Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. O vaxt ölkə faktiki olaraq vətəndaş müharibəsi astanasına gəlib çıxmışdı. Bir tərəfdən cəbhədə məğlubiyyətlər, digər tərəfdən isə paytaxtda siyasi qarşıdurmalar hökm sürürdü. Heydər Əliyevin gəlişi ilə vəziyyət sürətlə dəyişməyə başladı. Onun böyük idarəçilik təcrübəsi, dərin siyasi zəkası və xalqına olan məsuliyyət hissi Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi.
Heydər Əliyevin siyasi iradəsinin ən parlaq təzahürlərindən biri 1994-cü ilin may ayında Bişkek protokolunun imzalanması ilə atəşkəsin əldə olunması oldu. Bu, Azərbaycan üçün strateji zərurət idi. Müharibəni davam etdirmək ölkəni tamamilə məhv edə bilərdi. Ulu Öndər bilirdi ki, əvvəlcə ordu qurmalı, iqtisadiyyatı bərpa etməli və beynəlxalq dəstək qazanmalıyıq. Atəşkəs bu uzunmüddətli strategiyanın ilk addımı oldu.
İqtisadi sahədə də Heydər Əliyevin fədakarlığı və uzaqgörənliyi özünü göstərdi. 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji siyasətində dönüş nöqtəsi oldu. Dünyanın aparıcı neft şirkətləri ilə əməkdaşlıq ölkəyə böyük investisiyalar gətirdi, beynəlxalq nüfuzunu artırdı və iqtisadi inkişafın əsasını qoydu. Bir çoxları bu müqaviləni təhlükəli hesab etsə də, Ulu Öndər Azərbaycanın suveren hüquqlarını qoruyaraq, eyni zamanda ölkənin gələcəyini təmin edə bildi.

Bu gün tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının sevincini və yeni reallıqların fonunda Azərbaycanın qarşısında açılan imkanların qürurunu yaşayırıq. Müasir müstəqil Azərbaycan Cümhuriyyət qurucularının ideyalarını yaşadır, onların arzuladığı güclü və qüdrətli dövlət kimi inkişaf edir. Bu gün qürurla qeyd edirik ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin bütün arzularını reallığa çevirdi. Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdisə, Prezident İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırdı.
Azərbaycan xalqı öz müstəqilliyini qürurla qoruyur. Müstəqillik Günü milli həmrəyliyi gücləndirən əlamətdar tarixdir. Bu bayram xalqın keçmişinə ehtiramını ifadə edir. Azərbaycanın gələcəyi daha parlaq inkişaf perspektivləri vəd edir. Dövlətimizin gücü gündən-günə artır. Azərbaycan xalqı müstəqil və qüdrətli dövlət qurmaq əzmini davam etdirir.

Mələk Rzayeva
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью