Əbu Dabi danışıqları müharibənin taleyini dəyişəcək? AÇIQLAMA

11.11.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli danışıqlar Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında dönüşə nail olmaq imkanı yaradır.

Bunu ABŞ Prezidenti Donald Tramp "Reuters"ə müsahibəsində bildirib. Əbu-Dabidəki danışıqlarda irəliləyişin mümkün olub-olmadığı barədə suala cavabında Tramp "Bu mümkündür. Orada nəsə baş verə bilər", – deyə bildirib.

Bununla yanaşı, Ukraynada hakim "Xalqın xidmətçisi" partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya "Deutsche Welle"yə açıqlamasında Kiyevin danışıqların ilk raundundan ciddi irəliləyiş gözləmədiyini bildirib.

"İlk danışıqlar raundundan gözləntilərimiz minimaldır. Bununla belə, ikinci raunddan artıq müəyyən nəticələr gözləyirik", – Araxamiya qeyd edib.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, hazırkı məqamda belə bir görüşün təşkili hər iki tərəf üçün zəruridir:

"Çünki enerji sektoru ilə bağlı kifayət qədər mürəkkəb məsələlər mövcuddur. Həm Rusiya, həm də Ukrayna qarşı tərəfin enerji infrastrukturuna kütləvi hücumlar həyata keçirir. Bu isə qarşıdan gələn qış aylarında hər iki ölkə üçün əlverişsiz vəziyyət yaradır.

Ona görə də burada əsas məsələlərdən biri qarşılıqlı hücumların dayandırılması olacaq. Eyni zamanda, tərəflər bir-birini müəyyən güzəştlərə getməyə məcbur etməyə çalışacaqlar. Hazırda müharibə ərazisində demək olar ki, heç bir tərəfin aşkar üstünlüyü yoxdur. Konkret olaraq, mövqe döyüşləri gedir və qışa doğru vəziyyət getdikcə daha da gərginləşir. Ümumilikdə həm Rusiya, həm də Ukrayna ciddi resurs itkisi ilə üzləşir. Bu itkiləri kompensasiya etmək üçün hər iki dövlətin, heç olmasa, müharibənin intensivliyini azaldacaq addımlar atmasına ehtiyac var”.

Analitik qeyd edib ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi müharibənin müəyyən qədər səngiməsinə yardımçı ola bilər:

"Eyni zamanda, Rusiyanın da bu görüşdə öz məqsədləri var. Belə ki, Moskva ABŞ tərəfindən tətbiq edilən, xüsusilə enerji sektorunu əhatə edən sanksiyaların aradan qaldırılmasına və ya ən azı yumşaldılmasına nail olmağa çalışır. Ehtimal ki, Rusiya nümayəndə heyəti danışıqlar zamanı bu məsələləri də gündəmə gətirəcək. Atəşkəsin əldə olunacağına, yaxud dərhal sülh müqaviləsinin imzalanacağına dair böyük gözləntilər yoxdur. Ancaq ola bilsin ki, tərəflər arasında müəyyən müddətə atəşkəslə bağlı razılıq əldə olunsun. Bununla belə, belə bir razılaşmanın uzunmüddətli olacağı hələ də müəmmalı olaraq qalır”.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью