Əbu Dabi danışıqları neftin qiymətinə necə təsir edəcək?

11.11.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 11 noyabr, AZƏRTAC

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə başlayan üçtərəfli danışıqlar təkcə siyasətçilərin deyil, həm də qlobal neft bazarı iştirakçılarının diqqətini cəlb edib. Diplomatik dialoqun bərpası investorların ehtiyatlı reaksiyasına səbəb olub, onlar münaqişənin həlli perspektivlərini və bunun beynəlxalq neft ticarətinə mümkün təsirini yaxından izləyirlər.

AZƏRTAC xəbər verir ki, diqqəti cəlb edən hadisələrdən biri danışıqların başlanğıcı fonunda London birjasında yanvar ayı üçün fyuçerslərin qiymətinin 1 barel üçün 89,7 dollara düşməsidir.

İnvestorlar üçün danışıqların bərpa olunması faktının özü geosiyasi risklərin mümkün azalmasına işarə edir. Rusiya qlobal enerji bazarının ən böyük oyunçularından biridir. Buna görə də, Moskva ilə Qərb ölkələri arasında münasibətlərdə dəyişiklik qlobal neft bazarına təsir göstərir.

Danışıqlar hərbi əməliyyatların dayandırılmasına gətirib çıxararsa risklər azalar, investorlar nəqliyyat, sığorta və enerji ticarəti üçün daha proqnozlaşdırıla bilən şərtlərə etibar edərlər ki, bu da qiymətlərin sabit qalmasını təmin edər. Lakin danışıqların başlanması hələ sanksiyaların aradan qaldırılması, əvvəlki ticarət əlaqələrinin bərpası və ya Rusiya neft tədarükünün dərhal artması demək deyil. Buna görə də qiymətlərdə kəskin azalma hələ ki müşahidə olunmur.

Bazara təsir göstərən təkcə Rusiya ilə Ukrayna müharibəsi deyil. Yaxın Şərqdəki geosiyasi gərginlik də nəzərə alınmalıdır. Ötən gün husilərin nümayəndəsi Yəhya Sari Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə müraciət edərək onları bu ölkədəki sərmayələrini geri götürməyə çağırıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanına hücumlar davam edəcək. Bununla yanaşı İranın Ali Təhlükəsisizlik Şurasının katibi Möhsün Rezayi bildirib ki, ABŞ ilə heç bir danışıqlar aparılımır və rəsmi Vaşinqtonun İrana hərbi müdaxiləsi cavabsız qalmayacaq.

ABŞ mərkəzi komandanlığının “Dəmir qapı” əməliyyatını həyata keçirməyə başladığı haqqında xəbərlərin ciddi mətbuat orqanlarında yayılması da qlobal bazarda neftin qiymətinə ciddi təsir göstərən amillərdəndir.

Əbu-Dabidəki danışıqlar bazar iştirakçılarına geosiyasi risklərin qiymətləndirilməsini yenidən nəzərdən keçirmək üçün əlavə imkan verib. Diplomatik proses uğurla davam edərsə, bu, neft qiymətinin aşağı düşməsini şərtləndirər. Razılaşmaların olmaması və ya yenidən hərbi eskalasiya geosiyasi risk artırar ki, bu da öz növbəsində neftin qiymətini artırmış olar.

Neft qiymətlərindəki dəyişikliklər təkcə Rusiya və Ukraynaya deyil, həm də beynəlxalq enerji ticarətində iştirak edən bütün ölkələrə təsir göstərir. İdxalçı ölkələr üçün neft qiymətlərinin aşağı düşməsi potensial olaraq yanacaq və nəqliyyat xərclərinə, eləcə də, inflyasiya risklərinin azaldılması deməkdir. Neft ixrac edən ölkələr üçün isə vəziyyət fərqli ola bilər. Aşağı qiymətlər, xüsusən də iqtisadiyyat enerji sektorundan çox asılı olduqda, büdcə gəlirlərini azaldar.

Bu, xüsusilə Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün əhəmiyyətlidir. Buna görə də sərmayədarlar təkcə diplomatik siqnalları deyil, həm də təchizat, sanksiyalar siyasəti və beynəlxalq münasibətlərdəki real dəyişiklikləri qiymətləndirərək işə başlayırlar.

ABŞ Enerji İnformasiyalarının İdarəolunması Agentliyinin proqnozuna əsasən, 2026-cı ilin sonuna kimi “Brent” markalı neftin 1 bareli dünya bazarında 97,44, 2027-ci ildə isə 85,78 dollara satılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью