Əbu Dabi görüşü: Bakı artıq regional yox, geosiyasi aktordur

04.02.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Azərbaycanın son illərdə yürütdüyü xarici siyasət kursu onu təkcə regionda deyil, daha geniş coğrafiyada sabitlik yaradan əsas aktorlardan birinə çevirib. Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Əbu-Dabidə baş tutan görüşü bu strategiyanın ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bir daha nümayiş etdirdi”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məcliisn deputatı Müşfiq Məmmədli deyib.
Deputatın fikrincə, birbaşa dialoq  tərəflərin yekun sülhün əldə edilməsini istiqamətində ciddi addımlar atmasına genic fürsətlər yaradır. “Tərəflərin ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinin icrasındakı irəliləyişi alqışlaması isə əldə olunmuş razılaşmaların real icra mərhələsinə keçdiyini təsdiqləyir.
Bu yanaşma regional proseslərdə vasitəçilərin rolunu azaltmaqla, sahiblik prinsipini ön plana çıxarır və sülhün dayanıqlığını artırır”, - o  vurğulayıb.

O əlavə edib ki, danışıqlarda xüsusi vurğulanan məqamlardan biri sülhün artıq real iqtisadi faydalara çevrilməsidir: “İkitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı, eləcə də üçüncü ölkələrdən Ermənistana taxıl və digər yüklərin Azərbaycan ərazisi vasitəsilə tranziti tərəflərin qarşılıqlı asılılıq mexanizmini formalaşdırdığını göstərir.

Bu, klassik təhlükəsizlik modellərindən fərqli olaraq, iqtisadi inteqrasiya üzərindən sülhün möhkəmləndirilməsi strategiyasının tətbiq olunduğunu sübut edir. Tərəflər sülhün faydalarını cəmiyyət səviyyəsində hiss etdikcə, münaqişəyə qayıdış ehtimalı da azalır”.

 Deputat hesab edir ki, ikitərəfli  əlaqələrin yaranması  tərəflər arasında etimad  mühitinin formalaşmasında müstəsa rol malikdir: “Əbu-Dabi görüşündə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərlərinin alqışlanması və etimad quruculuğu tədbirlərinin genişləndirilməsi məsələsi xüsusi yer tutub. Bu, sülhün təkcə siyasi elitalar arasında deyil, cəmiyyətlər arasında da legitimləşdirilməsi məqsədi daşıyır.

Uzunmüddətli sülh yalnız sənədlərlə deyil, insanların gündəlik həyatında yaranan yeni münasibətlər üzərindən dayanıqlı ola bilər. Bu baxımdan Bakı prosesi sülhü “yuxarıdan aşağı” deyil, paralel şəkildə üfüqi əlaqələr vasitəsilə inşa etməyə çalışır.

Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında TRIPP və digər bağlantı layihələrinin müzakirəsi sülh prosesinin geoiqtisadi ölçüsünü ön plana çıxarır. Bu layihələr Cənubi Qafqazı regional nəqliyyat-logistika qovşağına, Avropa–Asiya xəttində strateji körpüyə, enerji və ticarət marşrutlarının təhlükəsiz tranzit zonasına
çevirmə potensialına malikdir.

Bu kontekstdə Azərbaycan təşəbbüskar və aparıcı rol oynayaraq regionda oyunqurucu statusunu daha da möhkəmləndirir.

Əbu-Dabi görüşü göstərir ki, Azərbaycan artıq yalnız münaqişədən çıxmış ölkə deyil, münaqişə sonrası nizamı formalaşdıran aktordur. Bakı həm siyasi dialoqu təşviq edir, həm iqtisadi mexanizmlər yaradır, həm də etimad quruculuğu proseslərinə liderlik edir”.
 Deputat həmçinin əlavə edib ki, bu yanaşma Azərbaycanın beynəlxalq imicini, etibarlı tərəfdaş, rasional vasitəçi, sabitlik ixrac edən ölkə kimi möhkəmləndirir.

Əbu-Dabi görüşünün nəticələri onu deməyə əsas verir ki, Azərbaycan–Ermənistan normallaşma prosesi artıq geri dönməz mərhələyə qədəm qoyub. Prinsipial məsələlər üzrə mövqelər hələ tam üst-üstə düşməsə də, tərəflərin dialoqu davam etdirmək əzmi yekun sülh sazişinin uzaq olmayan perspektiv olduğunu göstərir.

Bu proses bir daha sübut edir ki, Bakı Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın əsas memarlarından biri kimi çıxış edir və regionun gələcək siyasi arxitekturasını formalaşdırmaqda davam edir”.
 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью