“Əbu Dabi görüşü normallaşma prosesində müsbət dinamikanın qorunmasına xidmət edir”

04.02.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Əbu-Dabidə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə Vaşinqton Sülh Sammitindən sonra əldə olunan razılaşmaların icrası və Azərbaycan–Ermənistan münasibətlərinin ikitərəfli əsasda normallaşdırılması istiqamətində irəliləyiş müzakirə olunub. Tərəflər ticarət əlaqələrinin başlamasını, tranzit və enerji əməkdaşlığını müsbət qiymətləndirib, etimad quruculuğu tədbirlərinin və iqtisadi əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildiriblər. Görüşdə sülh və sabitliyin möhkəmləndirilməsi üçün dialoqun davam etdirilməsi barədə razılıq ifadə olunub.

Görüş ilə bağlı Redaktor.az-a açıqlama verən deputat Bəhruz Məhərrəmov bildirdi ki, Azərbaycan Prezidentinin BƏƏ-yə səfəri yalnız iki dövlət arasında münasibətlər çərçivəsində təhlil edilə bilməz:

"Bu mənada, Əbu-Dabidə Azərbaycan Prezidentinin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü və sülh prosesi çərçivəsində bu tip təmasların Əbu-Dabidə ilk dəfə baş tutması Azərbaycanla BƏƏ arasında münasibətlərin həm də uğurlu bir platforma formalaşdırdığı qənaətinə gəlməyə imkan verir. Məlumdur ki, Azərbaycanla Ermənistan arasında ötən il avqustun 8-də ABŞ-də Prezident Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Sülh Sammiti və qəbul edilən qərarlar Bakı və İrəvan arasında sülh prosesinin yeni mərhələsi hesab olunur. Ötən 6 ay ərzində Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyədə təmaslar davam etmiş və Əbu-Dabidə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşündə də ifadə olunduğu kimi, Vaşinqton görüşündən sonra sülh prosesi alqışa layiq formada irəliləyib. Təbii ki, hazırkı mürəkkəb mərhələdə prosesin uğurunun əsas göstəricisi təmasların davamlılığı hesab olunmalıdır".

Millət vəkili hesab edir ki, Əbu-Dabi görüşü Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli əsasda irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanması niyyətinin gösrəticisi sayılmalıdır.

"Aydındır ki, 2025-ci ilin avqustundan ötən dövr ərzində məhz Bakının aparıcı aktor qismində çıxış etdiyi sülh prosesi praktik mərhələyə qədəm qoymuş, liderlərin Əbu-Dabidə də bəyan etdiyi kimi, ikitərəfli ticarətin başlanması, Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsi, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsi məmnunluq doğurmaqdadır. Daha korrekt desək, görüşdə də ifadə olunduğu kimi artıq hər iki cəmiyyət sülhüm faydalarına real həyatda şahid olmaqdadır. Belə bir məqamda tərəflərin Əbu-Dabidə ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağa davam etmək barədə razılığa gəlməsi əslində hazırkı de-fakto sülh mərhələsinin de-yure sülhə addımlaması istiqamətində çox vacib element kimi çıxış edəcək", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью