Icma.az, Baku.ws saytına istinadən bildirir.
Əbu-Dabidə ABŞ–Rusiya–Ukrayna üçtərəfli danışıqları konstruktiv atmosferdə keçib və gələn həftə davam etdirilməsi planlaşdırılır.
BAKU.WS xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff sosial media hesabında bildirib ki, görüşlər məhsuldar olub və Prezident Donald Trampın komandası müharibənin sona çatdırılması istiqamətində səylərini davam etdirir.
Danışıqların əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlıq olub. "Politico" nəşrinin ABŞ rəsmisinə istinadən yazdığına görə, tərəflər iqtisadi məsələlərlə yanaşı, Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət mövzusunu da müzakirə ediblər. Bildirilir ki, Rusiya və ABŞ stansiyada birgə fəaliyyət imkanlarını nəzərdən keçirməyə başlayıblar ki, bu da gələcəkdə iki ölkə arasında biznes layihələri üçün yeni perspektivlər aça bilər.
Eyni zamanda, danışıqlarda ərazi məsələləri də gündəmdə olub. "The Times" qəzetinin rusiyalı diplomata istinadən verdiyi məlumata görə, Rusiya tərəfi Ukraynadakı ərazi məsələlərində ABŞ-ın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalıb. Mənbənin sözlərinə görə, Moskva əvvəlcə müəyyən güzəştlər barədə öhdəlik əldə etməyə ümid etsə də, nəticədə Vaşinqtonun yanaşmasını qəbul edib.
Qeyd edək ki, ABŞ, Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinin 1 fevralda Əbu-Dabidə keçirilməsi nəzərdə tutulur. Görüşlərin həm siyasi, həm də iqtisadi müstəvidə irəliləyişlər üçün zəmin yaradacağı gözlənilir.