Əbu Dabidə sülh axtarışı

12.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya–Ukrayna müharibəsinin taleyi və Avropada təhlükəsizlik

Noyabrın 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin yenidən danışıqlar masası arxasına əyləşməsi diqqətləri bir daha regiona yönəldib. Budəfəki görüşü əvvəlkilərdən fərqləndirən əsas cəhət gündəlikdə Rusiyanın Avropanın təhlükəsizlik sistemindəki mümkün yeri və qitənin gələcək geosiyasi mənzərəsinin də yer almasıdır. Yada salmaqda fayda var ki, bu ilin yanvarında və fevralın əvvəlində də Əbu-Dabidə ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli görüşlər keçirilmişdi. Həmin danışıqlardan əldə olunan yeganə konkret nəticə 314 hərbi əsirin qarşılıqlı mübadiləsi olmuş, müharibənin əsas səbəbləri və tərəflərin fundamental fikir ayrılıqları ilə bağlı irəliləyiş qeydə alınmamışdı. Cari ilin əvvəlində keçirilən üç raund danışıqlar da ciddi nəticə verməmişdi.

Noyabrın 10-da başlayan yeni görüş isə fevraldan bəri ilk üçtərəfli təmasdır. ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff görüşlərin tarixini hələ noyabrın əvvəlində açıqlayaraq Vaşinqtonun müharibədən sonrakı təhlükəsizlik mexanizmləri, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə doğru növbəti addımlar üzrə müzakirələrə vasitəçilik edəcəyini bildirmişdi. Danışıqların iştirakçı tərkibi də diqqət çəkib. Rusiya nümayəndə heyətinə Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edib. 2022-ci ilin martında İstanbulda keçirilən danışıqlardan bəri Moskvanın nümayəndə heyətinə başçılıq edən Medinskidən başqa, heyətdə xarici işlər nazirinin müavinləri Sergey Ryabkov və Mixail Qaluzin, eləcə də hərbi kəşfiyyatın rəhbəri İqor Kostyukov yer alıb. Ukrayna tərəfini Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov təmsil edib. Nümayəndə heyətinə prezident Volodimir Zelenskinin aparat rəhbəri Kirilo Budanovun daxil olduğu bildirilir. ABŞ-dan isə Stiv Uitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner danışıqlara qatılıblar. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkevç də görüşdə iştirak edib. Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan tərəfləri qəbul edərək danışıqları alqışlayıb və müharibənin başa çatdırılması istiqamətində praktik addımlar atılacağına ümid etdiyini bildirib.

Əbu-Dabidəki müzakirələrin ən maraqlı məqamlarından biri Avropanın prosesdə hansı rolu oynayacağı ilə bağlıdır. Rustem Umerovun sözlərinə görə, ilk gün Ukrayna və ABŞ nümayəndələri ilə yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının təmsilçilərinin iştirakı ilə ayrıca görüş keçirilib. Lakin Rusiya üçtərəfli formatda Avropa nümayəndələrinin iştirakına etiraz edib. Cared Kuşner Rusiya və Avropa ölkələrinin də iştirak edəcəyi yeni təhlükəsizlik arxitekturasının yaradılması ideyasını irəli sürüb.

Donald Tramp da ötən həftə Ukraynadan daha geniş məsələləri əhatə edəcək “böyük razılaşma” üzərində iş aparıldığını bildirmişdi. Kuşner isə görüş iştirakçılarına yeni təhlükəsizlik çərçivəsinin yaradılması zamanı əvvəlki institutların təcrübəsindən yararlanmağın, işlək mexanizmləri qorumağın və uğursuzluğa düçar olmuş yanaşmaları yenidən nəzərdən keçirməyin vacibliyini deyib.

İrəliləyişə ümid azdır

Bütün diplomatik nikbinliyə baxmayaraq, Moskva ilə Kiyev arasındakı əsas ziddiyyətlər aradan qalxmayıb. Rusiya Ukraynanın 2022-ci ildə ilhaqını elan etdiyi, lakin tam nəzarətə götürə bilmədiyi dörd regiondan qoşunlarını çıxarmasını, NATO-ya üzvlük istəyindən imtina etməsini və silahlı qüvvələrinə ciddi məhdudiyyətlərin tətbiqini tələb edir. Vladimir Putin ümumi atəşkəsə də müsbət yanaşmır. Moskvanın mövqeyinə görə, belə bir fasilə Ukrayna qüvvələrinə yenidən toparlanmaq və silahlanmaq imkanı verə bilər. Kiyev ərazi güzəştlərini və ordusunun imkanlarının məhdudlaşdırılmasını qəbuledilməz hesab edir. Ukrayna tərəfi zənn edir ki, ilk növbədə, atəşkəs əldə olunmalı, ərazi məsələləri Putinlə Zelenski arasında birbaşa görüşdə müzakirə edilməlidir. Yəni tərəflərin sülhə aparan yol barədə təsəvvürləri hələ də bir-birindən ciddi şəkildə fərqlənir.

Son dövrlər humanitar məsələlər üzrə məhdud razılaşmaların mümkünlüyünü göstərən nümunələr də var. Oktyabrın sonunda Xerson vilayətinin işğal altındakı Oleşki şəhəri ətrafında yerli atəşkəs qüvvəyə minib. Ağ Ev bu razılaşmanın əldə olunmasında ABŞ-ın birinci xanımı Melaniya Trampın vasitəçiliyini xüsusi qeyd edib. Rusiyanın insan hüquqları üzrə müvəkkili də humanitar missiya çərçivəsində əldə olunan razılaşmanı təsdiqləyib. Buradan belə nəticəyə gəlmək olar ki, genişmiqyaslı siyasi razılaşma əldə olunmasa belə, konkret humanitar məsələlər üzrə tərəfləri ortaq məxrəcə gətirmək mümkündür. Əbu-Dabidəki danışıqların ikinci günündə əsas diqqət də məhz bu istiqamətdə mümkün nəticələrə yönəlib. Hərbi əsirlərin növbəti mübadiləsi ən real gözləntilərdən biri olaraq qalır. Digər tərəfdən, Stiv Uitkoff və Cared Kuşnerin iki həftə ərzində Moskvaya səfər edə biləcəyi bildirilib.

Üçtərəfli görüşün nəticəsi kimi, tərəflərin “1000-in 1000-nə” və ya daha çox formula üzrə əsirlərin mübadiləsi barədə razılığın əldə edilməsi qeyd oluna bilər. Son məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner noyabrın 12-də Stiv Uitkoffla birlikdə Moskvaya səfər etməyi, Rusiya Prezidenti Vladimir Putinlə görməyi planlaşdırdığını bildirib.

* * *

Görüşlə bağlı xarici medianın yayımladığı xəbərlər və rəsmilərin açıqlaması da diqqət çəkir.

“Ukrinform”: Zelenski nümayəndə heyətindən aldığı məlumatdan sonra danışıqların ilk gününü “konstruktiv və kifayət qədər məzmunlu” adlandırıb. O bildirib ki, tərəflər humanitar tədbirlərin zəruriliyini və mümkün parametrlərini müzakirə ediblər. Xüsusilə hərbi əsirlərin azad edilməsinin prioritet olduğunu vurğulayıb. Ukrayna prezidenti təhlükəsizlik təminatları məsələsinə də toxunaraq deyib: “Müharibənin yenidən başlamasının qarşısını almaq üçün real mexanizmlərə ehtiyac var”.

“Anadolu Agentliyi”: ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabidə keçirilən danışıqların ilk gününü “çox məhsuldar” qiymətləndirib. Lakin o, yaxın zamanda yekun razılaşma əldə olunacağına dair gözləntiləri real hesab etməyib. Dövlət katibinin sözlərinə görə, Vaşinqton gələcəkdə danışıqlar formatını genişləndirərək Avropa müttəfiqlərini də birbaşa danışıqlar masasına gətirmək istəyir. Rubio bunun uzunmüddətli həll üçün vacib olduğunu bildirib.

“Associated Press”: Lavrov Əbu-Dabi danışıqları ilə paralel olaraq Moskvanın əsas diplomatik prioritetlərindən birini açıqlayıb. O, Ukrayna münaqişəsinin həllindən əvvəl Avropanın gələcək təhlükəsizlik sisteminin ümumi prinsiplərinin müəyyənləşdirilməsini məqsədəuyğun hesab edib. Lavrovun sözlərinə görə: “Gələcək təhlükəsizlik arxitekturasının aydın parametrlərinin müəyyənləşdirilməsi və yalnız bundan sonra Rusiya-Ukrayna münaqişəsinin həllinə keçilməsi ideyası tamamilə məntiqlidir”.

“Consilium Europa”: Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna, ABŞ və NATO nümayəndələrinin görüşündən sonra birgə bəyanat yayımlanıb. Sənəddə bildirilib ki, istənilən gələcək razılaşma Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqil qərar qəbul etmək hüququna hörmət etməlidir. Bəyanatda xüsusi olaraq vurğulanıb ki, güclü NATO Avro-Atlantik kollektiv müdafiənin əsas elementi olaraq qalacaq. Tərəflər, həmçinin Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin edəcək mexanizmlərin yaradılmasının və müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasının gücləndirilməsinin vacibliyini qeyd ediblər.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner də “X” platformasında görüşlə bağlı paylaşımında ABŞ, Rusiya və Ukrayna arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair Əbu-Dabidə keçirilən danışıqların ilk gününü konstruktiv və ümidverici adlandırıb.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью