Icma.az bildirir, Marja.az portalına istinadən.
“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti istiqraz buraxır.
Marja.az təşkilatın baza emissiya prospektinə istinadən xəbər verir ki, emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 20 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz emissiya olunur.
Beləliklə, istiqraz buraxılışının ümumi həcmi 2 milyon manat təşkil edir.
Prospektə əsasən, birinci buraxılış üzrə istiqrazların illik faiz dərəcəsi 15 faiz müəyyən edilib. İkinci buraxılış üzrə illik faiz dərəcəsi isə yekun şərtlərlə müəyyən olunacaq.
Birinci buraxılış istiqrazları üzrə faizlər istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər ay ödəniləcək. Hesablamalarda bir ay 30 gün qəbul ediləcək. İstiqrazların tədavül müddəti 24 ay təşkil edir. İstiqrazların nominal dəyəri tədavül müddətinin sonunda ödəniləcək.
Prospektdə qeyd olunur ki, istiqrazlar təmin edilməmiş formada buraxılır. Emitent tərəfindən istiqrazların tədavül müddəti ərzində geri satın alınması nəzərdə tutulmur.
İstiqraz sahibləri istiqrazların tədavül müddətinin sonunda nominal dəyərin ödənilməsini, həmçinin yekun şərtlərdə müəyyən olunmuş faiz dərəcəsinə uyğun faiz gəliri almaq hüququna malik olacaqlar. İstiqraz mülkiyyətçiləri öz hüquqlarını qanunvericiliklə nəzərdə tutulmuş qaydada digər şəxslərə ötürə bilərlər.
“Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qısa və uzunmüddətli, təminatlı və təminatsız kreditlər verə bilər. Təşkilat müvafiq lisenziyaya malik olmaqla yanaşı, borc öhdəliklərinin alqı-satqısı, lizinq, veksellərin uçotu, qarantiyanın verilməsi, sığorta agenti xidmətlərinin göstərilməsi və borcalanlara maliyyə, texniki, idarəetmə və maliyyə məsələləri üzrə məsləhət xidmətləri də göstərə bilər.
Təşkilatın yeganə payçısı Əliyev Əbülfəz Əlihəsən oğludur. Onun “Kəpəz BOKT” MMC-də payı 50 min manat olmaqla 100 faiz təşkil edir.