EBV virusu: Bu əlamətləri görsəniz...

25.07.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illər insanlar arasında halsızlıq, uzunmüddətli yorğunluq, tez-tez boğaz ağrısı və limfa düyünlərinin böyüməsi kimi şikayətlərlə bağlı aparılan müayinələr zamanı Epstein-Barr virusu (EBV) adı ilə daha tez-tez qarşılaşılır. 

Bir çoxları analiz nəticəsində bu virusun aşkar edilməsinin nə demək olduğunu, onun nə dərəcədə təhlükəli olduğunu və hansı hallarda müalicəyə ehtiyac yarandığını bilmir.

Bəs Epstein-Barr virusu nədir, necə yoluxur və sağlamlıq üçün hansı riskləri yarada bilər?

"Cebheinfo.az"-ın araşdırmasına əsasən Epstein-Barr virusu (EBV) herpes virusları ailəsinə aid olan və dünyada ən geniş yayılmış viruslardan biridir.

İnsanların böyük əksəriyyəti həyatının hansısa dövründə bu virusa yoluxur. Bir çox hallarda infeksiya heç bir əlamət vermir və ya yüngül soyuqdəyməyə bənzər əlamətlərlə keçir.

Virus əsasən tüpürcək vasitəsilə, yəni öpüşmək, eyni stəkan, qaşıq və ya digər şəxsi əşyalardan istifadə zamanı yoluxur. Daha nadir hallarda isə qan köçürülməsi və ya orqan transplantasiyası zamanı keçə bilər.

Epstein-Barr virusu ən çox infeksion mononukleoz, yəni "öpüş xəstəliyi" kimi tanınan infeksiyaya səbəb olur.
Bu zaman yüksək hərarət, boğaz ağrısı, boyun nahiyəsində limfa düyünlərinin böyüməsi, güclü halsızlıq, uzun müddət davam edən yorğunluq, bəzən isə qaraciyər və dalağın böyüməsi müşahidə oluna bilər. 

Xəstəlikdən sonra yorğunluq hissi bir neçə həftə, bəzi hallarda isə daha uzun müddət davam edə bilər.
Virus orqanizmə daxil olduqdan sonra tamamilə yox olmur və ömür boyu gizli vəziyyətdə qala bilir. Əksər insanlarda bu, heç bir problem yaratmasa da, immun sistemi zəiflədikdə virus yenidən aktivləşə bilər.

Nadir hallarda isə Epstein-Barr virusu bəzi limfoma növləri, burun-udlağın xərçəngi və digər xəstəliklərlə əlaqələndirilir.

Bununla belə, virusa yoluxan insanların böyük əksəriyyətində belə ağır fəsadlar inkişaf etmir. Buna görə də EBV-yə yoluxmaq hər kəsdə ciddi xəstəlik yaranacağı anlamına gəlmir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью