Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kilsə ittihamlara cavab vermək əvəzinə, müdafiəyə keçir
Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi (EAK) arasında son ilyarım ərzində dərinləşən qarşıdurma yeni müstəviyə keçib. Bir neçə gün öncə hökumətin kilsənin fəaliyyətinə dair açıqladığı 74 səhifəlik “Kilsədəki böhran və onun həlli yolları haqqında” adlı hesabatda yer alan faktlar tərəflər arasındakı fikir ayrılıqlarını daha da dərinləşdirib. EAK isə yayılan sənədə münasibət bildirərək mövqeyini ortaya qoymağa, necə deyərlər, özünü təmizə çıxarmağa çalışıb.
Eçmiədzin özünü müdafiə etmək üçün yaydığı bəyanatda hökumətin hesabatını konstitusiyaya, kilsə qanunlarına və qanunvericiliyə zidd sənəd adlandırıb. Kilsə iddia edib ki, hesabat sosial şəbəkələrdə və mediada yayılan ittihamlar əsasında hazırlanıb və bununla hakimiyyət onun daxili işlərinə müdaxilə edir. Onların təbirincə, Ermənistan rəhbərliyi kilsəyə qarşı təqib siyasəti aparır və ölkənin dini həyatında süni böhran yaratmağa çalışır.
Kilsənin mövqeyinə görə, hakimiyyət EAK-ın müstəqilliyinə və özünüidarə hüququna hörmət etməli, ruhanilərə və bütün ermənilərin katolikosuna qarşı təqibləri dayandırmalıdır. EAK həmçinin hakimiyyəti Konstitusiya və beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərməyə, dini etiqad azadlığını təmin etməyə və mövcud problemləri dialoq yolu ilə həll etməyə çağırıb. Bəyanatda kilsənin islahatına yönələn təşəbbüslərin siyasi özbaşınalıq, manipulyasiya və məcburetmə ilə müşayiət olunduğu da iddia edilir. Yəni Eçmiədzin hökumətin hesabatında qaldırılan məsələlərin mahiyyətinə cavab vermək əvəzinə, diqqəti yenidən özünə qarşı siyasi təzyiq göstərildiyi iddiasına yönəldir. Başqa sözlə, kilsə öz fəaliyyətinə dair ciddi sualların cavablandırılması əvəzinə həmin sualları gündəmə gətirən hakimiyyətin ittiham olunmasını üstün tutur.
Öz gözündə tiri görmür...
Əslində, EAK-ın bu bəyanatı bir çox məqamları ilə “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq” məsəlinə uyğun gəlir. Çünki kilsə hakimiyyəti qanunsuzluqda, siyasi təqibdə və cəmiyyəti parçalamaqda ittiham edir, amma illərdir özünün siyasi proseslərdə tutduğu mövqeyə, revanşist çağırışlara və Azərbaycanla münasibətlər məsələsində formalaşdırdığı mövqeyə toxunmur. Eçmiədzin özünü dini qurum kimi təqdim etməyə çalışsa da, onun siyasi proseslərə münasibəti bununla bağlı sualları daim gündəmdə saxlayır.
Daha bir mühüm məqam isə katolikos II Qareginlə bağlıdır. Kilsə bəyanatında bütün ermənilərin katolikosunu hakimiyyətin, guya, saxta ittihamlarının hədəfi kimi təqdim edir. Halbuki II Qareginin illərdir davam edən və cəmiyyətdə ciddi narazılıq doğuran fəaliyyəti ilə bağlı sualların mövcudluğu kilsənin onları sadəcə “böhtan” adlandırması ilə aradan qalxmır. EAK-ın rəhbəri öz ətrafında yaranmış problemlərə cavab vermək əvəzinə bütün tənqidləri siyasi təqib kimi təqdim etməklə məsuliyyətdən yayınmağa çalışır.
Kilsənin cavabı göstərir ki, Eçmiədzin hökumətin hesabatında irəli sürülən konkret məsələlərə cavab verməkdənsə, müzakirənin istiqamətini dəyişməyə çalışır. Hesabatın məzmunu ilə bağlı sualların hər birinə faktlarla cavab vermək əvəzinə “siyasi təqib”, “böhtan”, “müdaxilə” kimi ifadələrdən istifadə edilməsi diqqəti əsas məsələdən yayındırır. Ən maraqlısı isə budur ki, EAK milli birlikdən danışır, lakin nədənsə, özünün cəmiyyətdə yaratdığı siyasi qarşıdurmanı görmür. Sülh və sabitlikdən söz açır, amma Azərbaycana münasibətdə qisascıl düşüncənin uzun müddət yaşamasına şərait yaradan mövqeyini izah etmir. Hakimiyyəti cəmiyyəti parçalamaqda ittiham edir, amma özü ilə razılaşmayanları necə qarşıladığı barədə susur. Beləliklə, Eçmiədzinin bəyanatı kilsənin qarşısında dayanan sualları cavablandırmaqdan çox, həmin suallardan yayınmaq cəhdi təsiri bağışlayır. Kilsənin özünü tənqiddən kənarda saxlamaq və bütün məsuliyyəti hakimiyyətin üzərinə atmaq cəhdi isə onun bəyanatındakı əsas ziddiyyəti üzə çıxarır: Öz fəaliyyətinə hesabat vermək istəməyən qurum başqalarından hesabat tələb edir.
Xaricdən dəstək axtarışı
Bu arada EAK-ın hakimiyyətlə qarşıdurması dərinləşdikcə, Eçmiədzinin kənardan dəstək axtarışları da diqqət çəkməyə başlayıb. Katolikos II Qareginin dünən öz iqamətgahında “Danimarka–Ermənistan xeyriyyə missiyası” adlı təşkilatın rəhbəri keşiş Maykl Tomsen və qurumun himayəçilər şurasının üzvləri ilə görüşməsi bunun göstəricisidir. Rəsmi məlumatda bildirildiyinə görə, görüşdə təşkilatın Ermənistanda həyata keçirdiyi təhsil və humanitar proqramlardan, bazar günü məktəblərinə göstərilən dəstəkdən və gələcək layihələrdən danışılıb.
İlk baxışda adi xeyriyyə görüşü təsiri bağışlayan bu tədbirin EAK-la Ermənistan hakimiyyəti arasında açıq qarşıdurmanın yaşandığı bir vaxtda keçirilməsi müəyyən suallar doğurur. Xüsusilə də Eçmiədzinin son bəyanatında hökuməti kilsəyə qarşı təzyiq göstərməkdə ittiham etməsindən sonra II Qareginin xarici təşkilatlarla belə təmasları təsadüfi görünmür. Kilsə daxildə ona ünvanlanan iradlara cavab vermək əvəzinə, özünə xaricdə dayaq axtarmaq görüntüsü yaradır.
Əslində, Eçmiədzinin belə davranışı yeni deyil. Ermənistan tarixində kilsənin müxtəlif dövrlərdə xarici əlaqələrdən və diaspor imkanlarından öz mövqeyini gücləndirmək üçün istifadə etməsinə dair kifayət qədər nümunə var. Bu baxımdan indiki görüş də həmin yanaşmanın davamı kimi qiymətləndirilə bilər. Məsələ heç də Danimarka–Ermənistan xeyriyyə missiyasının Ermənistanda humanitar və təhsil layihələri həyata keçirməsində deyil. Əsas məsələ budur ki, kilsə ölkə daxilində ciddi siyasi və ictimai mübahisənin mərkəzində olduğu bir vaxtda diqqəti öz fəaliyyətinə dair suallardan yayındıraraq xarici əlaqələrini ön plana çıxarır. Halbuki normal yanaşma yaranmış narazılıqların səbəblərini araşdırmaq, hakimiyyətin iradlarından nəticə çıxarmaq və cəmiyyətdə qarşıdurmanı dərinləşdirən addımlardan çəkinmək olardı. Eçmiədzin isə bunun əksinə, özünü təzyiq altında olan tərəf kimi təqdim edir. Hakimiyyətin kilsəyə yönəltdiyi iradların mahiyyətinə cavab vermək, çirkin əməllərdən əl çəkmək, illərdir davam edən mübahisələrdən nəticə çıxarmaq əvəzinə, xaricdən mənəvi və siyasi dəstək əldə etməyə çalışır.
Sülhə arxadan badalaq
Daha bir mühüm məqam EAK-ın Azərbaycana münasibətdə tutduğu mövqedir. Ermənistanın sülh gündəliyinin formalaşdığı, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların atıldığı bir vaxtda kilsənin revanşist düşüncələrdən tamamilə uzaqlaşması gözlənilirdi. Lakin Eçmiədzinin fəaliyyəti göstərir ki, bu istiqamətdə ciddi dəyişiklikdən danışmaq hələ tezdir. Kilsə sülh prosesinə dəstək vermək, keçmişin düşmənçilik yükündən xilas olmaq və Ermənistan cəmiyyətində yeni reallıqların qəbuluna yardım etmək əvəzinə, özünü ənənəvi milli-siyasi düşüncənin qoruyucusu kimi təqdim etməyə üstünlük verir. Belə şəraitdə xarici təşkilatlarla əlaqələrin genişləndirilməsi də kilsənin mövqeyinə əlavə legitimlik qazandırmaq cəhdi kimi görünə bilər.
Əslində, Eçmiədzin üçün ən doğru yol xaricdə yeni tərəfdarlar axtarmaq yox, öz daxilindəki problemlərlə üzləşməkdir. Hakimiyyətin iradlarından nəticə çıxarmaq, cəmiyyətdə qarşıdurmanı qızışdıran mövqelərdən əl çəkmək və ən əsası, Ermənistanın sülh prosesinə badalaq vuran yanaşmaları aradan qaldırmaq daha konstruktiv istiqamət olardı. II Qareginin Danimarka nümayəndələri ilə görüşü isə göstərir ki, Eçmiədzin hələ də daxili problemlərin həllini öz mövqeyinə yenidən baxmaqda deyil, kənardan dəstək toplamaqda görür. Bu yanaşma dəyişmədikcə, kilsə ilə hakimiyyət arasındakı qarşıdurmanın səngiməsi və Eçmiədzinin Ermənistanın yeni siyasi reallıqlarına uyğunlaşması da çətin görünür.
Şarmazanovun avantürası
Onu da bildirək ki, daha bir revanşist – “Respublika” partiyasının icra orqanının üzvü Eduard Şarmazanov hakimiyyətin II Qaregini vəzifədən uzaqlaşdırılmasına nail ola bilməyəcəyi təqdirdə, alternativ katolikosluq yaratmağa cəhd göstərə biləcəyini iddia edib. Şarmazanovun təbirincə, kilsə qanunlarına görə katolikosun vəzifədən kənarlaşdırılması mümkün deyil. Buna görə də hakimiyyət onun tanınmaması və Ermənistan üçün ayrıca alternativ katolikosluğun yaradılması yoluna gedə bilər. Erməni siyasətçi belə ssenarini “biabırçı” adlandıraraq bunun tarixdə 591–602-ci illərdə də (?) baş verdiyini xatırladıb. Şarmazanov hətta bəzi yüksəkrütbəli din xadimlərinin Eçmiədzin və II Qareginə qarşı çıxmasını da bu siyasətin nəticəsi kimi təqdim edir.
Şarmazanovun səsləndirdiyi “alternativ katolikosluq” ssenarisi daha çox siyasi avantüra təsiri bağışlayır. Çünki siyasətçi bu iddiasını təsdiqləyən hər hansı konkret fakt, hakimiyyətin belə bir hazırlıq gördüyünü göstərən sənəd və ya rəsmi açıqlama ortaya qoymur. Sadəcə, hakimiyyətin II Qareginin vəzifədən uzaqlaşdırılmasına nail ola bilməyəcəyi halda, belə bir addıma gedə biləcəyini ehtimal edir. Şarmazanovun bunu az qala hakimiyyətin növbəti addımı kimi təqdim etməsi isə faktlardan çox siyasi fərziyyəyə söykənir. Bu baxımdan onun “alternativ katolikosluq” ideyasını real prosesin təsviri kimi qiymətləndirmək mümkün deyil.
Səxavət HƏMİD
XQ