Eçmiədzin Qaregin “düyün”ünü açmağa çarə axtarır

08.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

3 hakim prosesdən çəkildi, son sözü Kassasiya Məhkəməsi deyəcək

Erməni Apostol Kilsəsinin (EAK) yepiskopu, bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin, habelə Ali Ruhani Şuranın 6 yepiskopu ilə bağlı cinayət işi artıq üçüncü hakimin də imtinası ilə üzləşib. Hakim Vaaqn Məlikyan da işi araşdırmaqdan imtina edib və məsələnin hansı məhkəməyə aid olduğunu müəyyənləşdirmək üçün Kassasiya Məhkəməsinə müraciət edib. O, müraciətdə katolikos və 6 yepiskopla bağlı işə məhz İrəvan məhkəməsinin baxmalı olub-olmadığı məsələsini qarşıya qoyub. Beləliklə, sözügedən cinayət işinin hansı məhkəmədə araşdırılacağına dair son sözü Ermənistanın Kassasiya Məhkəməsi deməlidir.

Cinayət işi əvvəlcə Armavir vilayətinin ümumi yurisdiksiya məhkəməsində başlanmışdı. Lakin ilk iclasın keçirildiyi avqustun 7-dən sonra proses gözlənilməz istiqamət aldı. Hakim Akop Manukyan özü özünə etiraz etdi. O, səbəb kimi iş üzrə vəkil Ara Zöhrabyanın vaxtilə ona vəkillik vəsiqəsi verməsini göstərdi. Sonradan iş hakim Serj Ruşanyana verildi. O da işi mahiyyəti üzrə araşdırmaqdan imtina edərək materialları İrəvan Cinayət Məhkəməsinə göndərdi. Hakim öz mövqeyini belə əsaslandırdı ki, II Qareginə qarşı ittihamda yepiskop Gevork Saroyanın (dünyəvi adı Arman Saroyan – S.H.) tituldan məhrum edilməsi barədə patriarxal sərəncamın harada qəbul edildiyi göstərilməyib.
İndi isə üçüncü hakim Vaaqn Məlikyan eyni işi qəbul etməyib. O, Cinayət-Prosessual Məcəllənin 263-cü maddəsinin 4-cü hissəsinə əsaslanaraq aidiyyət məsələsinin Kassasiya Məhkəməsində həllini istəyib. 
Prokuror da istefa verdi
İşin ətrafında yaranmış suallar bununla bitmir. İttihamı dövlət adından müdafiə edən prokuror Xaçatur Qalstyan da istefa verib. “5-ci kanal”ın məlumatına görə, Qalstyan əvvəlcə bu işlə məşğul olmaq istəməyib və onun üçün mümkün reputasiya nəticələrindən narahat olub. 
Kanalın mənbəyi iddia edib ki, prokurora işin məhkəməyə qədər gedib çıxmayacağı, hətta ibtidai istintaq mərhələsində dayandırılacağı bildirilib. Lakin sonradan Qalstyanın qarşısında iki seçim qoyulub: ya məhkəmədə dövlət ittihamçısı kimi çıxış etmək, ya da vəzifəsindən getmək. O, ikinci variantı seçib.
Bununla belə, Ermənistan Baş Prokurorluğu prokurorun istefasını təsdiqləsə də, onun qərarının II Qareginin işi ilə bağlı olmadığını bildirib.
Bu məqamı xüsusi qeyd etmək lazımdır. Çünki prokurorun istefasının səbəbləri barədə yayılan məlumatlarla rəsmi mövqe arasında fərq var. Deməli, bu məsələdə “5-ci kanal”ın irəli sürdüyü versiyanı hazırkı mərhələdə təsdiqlənmiş fakt kimi təqdim etmək mümkün deyil. Məlumata görə, bundan sonra işi Ermənistan Baş prokurorunun müavini Aram Aramyan aparacaq.
Moskva ilə “qardaşlıq”
Məhkəmə prosesinin yaratdığı gərginliyin fonunda II Qaregin Rus Pravoslav Kilsəsinin Moskva patriarxlığının xarici kilsələrlə əlaqələr şöbəsinin rəhbəri, Volokolamsk mitropoliti Antonini qəbul edib. 
“Sputnik Ermənistan”ın təqdim etdiyi məlumata görə, mitropolit II Qareginə Moskva və bütün Rusiyanın patriarxı Kirillin “qardaşlıq salamlarını” çatdırıb və Rus Pravoslav Kilsəsinin Erməni Apostol Kilsəsinə dəstəyini təsdiqləyib. Antoninin sözlərinə görə, dünyəvi hakimiyyətlərin kilsənin daxili həyatına hər hansı müdaxiləsi yolverilməzdir. Görüş zamanı müxtəlif kilsələrə qarşı “təqiblər və repressiyalar” barədə də danışılıb. II Qaregin isə Rus Pravoslav Kilsəsinin və patriarx Kirillin ona göstərdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib, iki kilsə arasındakı münasibətlərin daha da möhkəmlənəcəyinə ümid etdiyini deyib.
Burada diqqətçəkən məqam sadəcə iki dini rəhbərin görüşü deyil. Söhbət Ermənistanın daxilində hakimiyyətlə kilsə arasında açıq qarşıdurmanın yaşandığı bir vaxtda II Qareginin Moskva Patriarxlığının yüksək rütbəli nümayəndəsi ilə həmrəylik nümayiş etdirməsindən gedir. Eçmiədzinin təqdimatında bu, dini həmrəylik kimi göstərilir. Lakin Ermənistan daxilində gedən siyasi proseslərin fonunda həmin görüşün siyasi çalarlarını görməmək çətindir.
Eçmiədzinin yeni ittihamı
EAK-ın hakimiyyətlə qarşıdurmasının başqa bir istiqaməti isə Ovanavank kilsəsi ətrafında davam edir. Eçmiədzin sentyabrın 7-də monastır ərazisində keçirildiyi deyilən məclisləri və şənlikləri pisləyib. 
Kilsənin mətbuat xidmətinin məlumatına görə, monastırın ərazisində dini məkanın statusuna uyğun olmayan məclislər keçirilir. Bu iddiaların yayılmasına səbəb kimi əvvəlcə diakon Samvel Qriqoryanın sosial şəbəkələrdə paylaşdığı məlumatlar göstərilir. Onun kənd sakinlərinə istinadən bildirdiyinə görə, monastır ərazisində süfrələr açılır, müxtəlif “partilər” düzənlənir, musiqi, o cümlədən erməni şansonu səsləndirilir və kommersiya fəaliyyəti həyata keçirilir.
Kilsə bu məlumatları öz mövqeyinin təsdiqi kimi təqdim edir. Eçmiədzinin fikrincə, baş verənlər monastırın “mənəvi aurasını” pozur və ətraf ərazidə yaşayanları narahat edir. Daha da irəli gedən kilsə baş verənləri hakimiyyətin “açıq səhlənkarlığı” və tituldan məhrum edilmiş Stepan Asatryanın himayə olunması ilə əlaqələndirir. 
Lakin məsələnin digər tərəfi də var. Asatryan bu ittihamları qəbul etmir. O, sosial şəbəkələrdə yayılan görüntülərin montaj edildiyini və məlumatların həqiqəti əks etdirmədiyini bildirib. 
Qarşıdurmanın kökləri
Hazırda əsas sual bundan ibarətdir ki, cəmiyyətin mənəvi həyatında fəal rol oynamalı, dini institut kimi fəaliyyət göstərməli olan Erməni Apostol Kilsəsi niyə ardıcıl şəkildə siyasi gündəmin mərkəzində görünür? Eçmiədzinin demək olar ki, hər açıqlamasında hakimiyyətin addımlarına münasibət, kilsənin daxili məsələlərinə dövlət müdaxiləsi barədə ittihamlar və “təqib” mövzusu ön plana çıxarılır. Kilsənin təqdimatına görə, bütün bunlar onun dini fəaliyyətinə təzyiqdir. Lakin məsələyə bir qədər geniş baxanda mənzərə daha mürəkkəb görünür.
Halbuki kilsə uzun müddətdir Ermənistan cəmiyyətində yalnız dini institut kimi çıxış etmir. Onun siyasi proseslərə münasibəti, ayrı-ayrı ruhanilərin siyasi aksiyalarda görünməsi və hakimiyyətə qarşı mövqeləri bu qurumu ölkənin daxili siyasi mübarizəsinin tərəflərindən birinə çevirib.
Bu baxımdan II Qareginin Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşü də təsadüfi məqam kimi görünmür. Ermənistan hakimiyyəti ilə kilsənin münasibətlərinin gərgin olduğu bir vaxtda ­Eçmiədzin xarici dini mərkəzdən dəstək nümayiş etdirir. Kilsə bunu “qardaşlıq” adlandırır. Amma siyasi baxımdan bu addımın başqa mesajı da var: Eçmiədzin özünü yalnız dini mübahisənin tərəfi kimi deyil, daha geniş qarşıdurmada dəstək axtaran güc kimi təqdim edir. Ovanavank məsələsində də eyni mənzərəni görürük. Kilsə bir tərəfdən dini məkanın qorunmasını tələb edir, digər tərəfdən isə hakimiyyəti “himayəçilikdə”, “səhlənkarlıqda” və kilsə daxilində parçalanma yaratmaqda ittiham edir. Qarşı tərəf isə ittihamları rədd edir. Beləliklə, hər yeni hadisə Eçmiədzin tərəfindən hakimiyyətlə qarşıdurmanın növbəti epizoduna çevrilir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью