Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
74 səhifəlik hesabatda II Qareginin məkrli əməlləri geniş açıqlanıb
Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi (EAK) arasında 1 ildən çoxdur davam edən qarşıdurma yeni mərhələyə keçib. Baş nazir Nikol Paşinyanın tapşırığı ilə hazırlanmış 74 səhifəlik hesabatın dünən ictimaiyyətə təqdim olunması qarşıdurmanı artıq ayrı-ayrı bəyanatlar səviyyəsindən çıxararaq, kilsənin fəaliyyəti ilə bağlı konkret iddiaların sistemləşdirildiyi mərhələyə gətirib.
Dünən yayılan məlumata görə, hesabat Ermənistan Baş naziri aparatının nəzdində fəaliyyət göstərən “İctimaiyyətlə əlaqələr və informasiya mərkəzi” adlı dövlət qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb. Hələ avqustun 24-də N.Paşinyan sənədin hazırlanmasına göstəriş verdiyini, hesabatın isə 2026–2031-ci illər üzrə hökumət proqramına əsaslandığını bildirmişdi. Hesabatın adı da kifayət qədər diqqətçəkəndir: “Erməni Apostol Müqəddəs Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksəkrütbəli din xadimlərinin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhran və onun həlli yolları haqqında”.
Hədəf din yox, onun pozulmasıdır
Hesabat müəlliflərinin ən mühüm qeydlərindən biri ondan ibarətdir ki, sənəd kilsənin doqmatik əsaslarını, müqəddəs ənənəni və kanonik quruluşunu mübahisələndirmir. Əksinə, hesabatda məhz bu əsasların pozulduğu bildirilən halların sənədləşdirildiyi qeyd olunur. Ermənistan hökumətinin açıqlamasına görə, məqsəd kilsənin kimliyinə və muxtariyyətinə zərər vurmaq deyil, həmin kimliyin və muxtariyyətin qorunması kontekstində ortaya çıxdığı bildirilən problemləri müəyyənləşdirməkdir. Sənəddə söhbət dini ayinlərdən və kilsənin teoloji baxışlarından daha çox onun idarə olunması, maliyyə şəffaflığı, ruhani heyətin fəaliyyəti, kilsə strukturlarının siyasi proseslərə münasibəti və idarəçilik mexanizmlərindən gedir.
Hesabatda kilsədə yaranmış böhranı ifadə edən 16 protokol sənədləşdirilib. Bu müddəalar kilsədə mövcud olan böhranın müxtəlif istiqamətlərini əhatə edir. İlk məsələlərdən biri ruhanilərin subaylıq andının pozulması və bu cür hallara görə məsuliyyətin tətbiq edilməməsi ilə bağlıdır. Bunun ardınca bəzi ruhanilərin özbaşına təqib və rütbədən məhrum edilməsi məsələsi qaldırılır.
Hesabatda kilsəyə məxsus əmlakın istifadəsi və maliyyə fəaliyyəti ilə bağlı da sualların olduğu bildirilir. Xüsusilə maliyyə şəffaflığının yetərli olmadığı, iri ianələr barədə hesabatların təqdim edilmədiyi və kilsə mülkiyyətindən məqsədyönlü istifadə ilə bağlı şübhələrin mövcud olduğu qeyd olunur. Burada bir mühüm məqamı da nəzərə almaq lazımdır. Ermənistanın öz qanunvericiliyində kilsənin dövlət qarşısında müstəqil statusu var. Hesabatda da bu müstəqillik inkar edilmir. Əksinə, sənəddə kilsənin dövlət qurumlarından ayrı fəaliyyət göstərdiyi vurğulanır.
Tayfa idarəçiliyi və qohumluq
Hesabatda ən çox diqqətçəkən məsələlərdən biri EAK rəhbərliyində qohumluq əlaqələrinin roluna dair iradlardır. Sənəddə katolikos II Qareginin qohumlarının ruhani və digər yüksək vəzifələrə təyin olunması, kilsə daxilində “tayfa idarəçiliyi” formalaşdığı barədə iddialar yer alır. Hesabatda onun doğulduğu kənddən, təxminən, 20 nəfərin kilsənin yüksək vəzifələrinə gətirildiyi bildirilir.
Bu məlumatın özünü ayrıca təsdiqləyən müstəqil araşdırma təqdim edilməsə də, onun hökumət hesabatında konkret ittiham kimi yer alması siyasi mübahisənin hansı istiqamətə keçdiyini göstərir. Məsələ artıq yalnız II Qareginin siyasi mövqeyi və ya hakimiyyətlə münasibətləri ətrafında qurulmur. Kilsənin daxilində vəzifələrin bölüşdürülməsi və idarəçilik prinsipləri də müzakirə predmetinə çevrilir. Hesabatda kilsə rəhbərliyinin göstərişləri ilə razılaşmayan ruhanilərin təqib edilməsi və rütbədən məhrum olunması ilə bağlı da iddialar yer alır. Sənədə görə, bəzi hallarda bunun lazımi araşdırma aparılmadan həyata keçirildiyi bildirilir. Həmin bölmədə kilsə rəhbərliyinə qarşı çıxan ruhanilər haqqında nüfuzdan salan materialların yayılması barədə də iddialar səsləndirilir.
Siyasi fəaliyyət ittihamı
Sənədin ən mühüm istiqamətlərindən biri isə EAK-ın siyasi proseslərdə iştirakına dair iradlardır. Hesabat qeyd edilir ki, kilsənin faktiki rəhbəri və bir sıra yüksəkrütbəli ruhanilər açıq siyasi fəaliyyət göstərir, müxtəlif kilsə strukturları və Eçmiədzin siyasi təbliğat məqsədləri üçün istifadə olunur. Həmçinin bəzi ruhanilərin siyasi aksiyalarda iştirak etməyə və ya onları təşkil etməyə məcbur edildiyi iddia olunur. Bu iddialar Ermənistanın son dövr siyasi həyatının fonunda xüsusilə diqqət çəkir. Çünki hakimiyyətlə kilsə arasında qarşıdurmanın əsas düyünlərindən biri məhz dini qurumun siyasi proseslərdə rolunun nə qədər geniş olması məsələsidir.
27 ildə qapadılmış məclis
Hesabatda EAK-ın idarəçilik mexanizmləri ilə bağlı başqa bir mühüm məsələ də qaldırılır. Söhbət Milli Kilsə Məclisinin 27 il ərzində keçirilməməsindən gedir. Bununla yanaşı, kilsə üçün vahid nizamnamənin olmaması problem kimi göstərilir. Xaricdəki bəzi yeparxiyalarda yaranmış parçalanmalar da böhranın göstəricilərindən biri kimi təqdim edilir. Bu müddəalar əslində məsələnin yalnız II Qareginin şəxsiyyəti ətrafında qurulmadığını göstərən əsas məqamlardandır. Sənəddə kilsənin ümumi idarəçilik sisteminin necə işlədiyi, müxtəlif icmaların və yeparxiyaların qərarvermə prosesində iştirak imkanları da müzakirəyə çıxarılır. Hesabata görə, Ermənistanın özündə, keçmiş sovet respublikalarında və bəzi Qərb ölkələrində yaşayan dindarlar kilsənin idarə olunmasında iştirak imkanlarından faktiki olaraq məhrum vəziyyətdədirlər. Yeparxiyaların da kifayət qədər müstəqil olmadığı bildirilir.
Kilsənin öz daxilində islahat
Hesabatın ən mühüm müddəalarından biri də kilsədə dəyişikliklərin necə aparılmalı olması ilə bağlıdır. Sənədə əsasən, islahat kilsənin öz daxilində, onun iyerarxiyasının və dindarların iştirakı ilə məsləhətləşmələr yolu ilə həyata keçirilməlidir. Dövlət isə öz fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirməlidir. Sənəddə böhranın aradan qaldırılması üçün beşmərhələli yol xəritəsinin təklif edildiyi də bildirilir. Lakin ictimaiyyətə açıqlanan məlumatda həmin 5 mərhələnin bütün detalları göstərilmədiyindən onların məzmununu əvvəlcədən müəyyənləşdirmək mümkün deyil.
Simonyanın Eçmiədzin açıqlaması
Bununla belə, Ermənistan hakimiyyətinin bəzi nümayəndələrinin açıqlamaları göstərir ki, məsələ yalnız idarəçilik və hüquqi prosedurlarla məhdudlaşmır. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Alen Simonyan açıqlamasında hakim “Mülki müqavilə” partiyasının kilsə rəhbərliyi ilə bağlı mövqeyinin erməni xalqının iradəsini əks etdirdiyini bildirib. Onun sözlərinə görə, II Qareginlə əlaqəli siyasi qüvvə Vaqarşapat icmasında uduzdu, daha sonra isə respublika üzrə seçkilərdə uğursuzluğa düçar oldu.
Simonyan daha sonra məqsədin “Ktriç Nersisyanın uzaqlaşdırılması” olduğunu deyib. Jurnalistin həmin şəxsin bütün ermənilərin katolikosu II Qaregin olduğunu xatırlatmasına cavab olaraq isə Simonyan bildirib ki, seçkilərdə “Mülki müqavilə”yə səs verən Ermənistan vətəndaşlarının əksəriyyəti onu sadəcə Ktriç Nersisyan kimi qəbul edib.
II Qaregin və başqaları...
Ermənistanda kilsə ilə hakimiyyət arasındakı qarşıdurmanın yeni mərhələsində diqqətçəkən əsas məqam budur ki, mübahisə tədricən bir şəxsin siyasi mövqeyindən daha geniş məsələlərə keçir. Geniş hesabatda maliyyə şəffaflığından tutmuş, ruhani heyətin idarə olunmasına, qohumluq əlaqələrindən kilsənin siyasi fəaliyyətinə, Milli Kilsə Məclisinin çağırılmamasından xaricdəki yeparxiyalarındakı parçalanmalara qədər bir sıra məsələlər bir sistem daxilində təqdim olunur.
Məsələnin bundan sonrakı inkişafı məhz hansı xəttin praktikada həyata keçiriləcəyindən asılı olacaq. Ortada həm kilsə idarəçiliyi ilə bağlı ciddi iddialar, həm də həmin iddiaların siyasi məqsədlərlə irəli sürüldüyünü düşünən qüvvələrin mövqeyi var. Ermənistan üçün əsas məsələ isə bu qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyi və kilsənin daxili idarəçiliyində müzakirəyə çıxarılan problemlərin nə dərəcədə real, əsaslandırılmış və hüquqi prosedurlar çərçivəsində həll olunacağıdır.
S.HƏMİD
XQ