Əczaçılarla bağlı YENİ QAYDA: Tibb bacılarına da aid ediləcək?

22.01.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mövcud qanunvericiliyə əsasən fasiləsiz olaraq ixtisası üzrə 5 ildən artıq fəaliyyət göstərməyən əczaçıların yenidən əczaçılıq fəaliyyəti ilə məşğul olması üçün müvafiq tədris müəssisələrində hazırlıq keçməsi tələb olunur. Maraqlıdır, bu yanaşma gələcəkdə tibb bacılarına da şamil edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, hazırda bu praktika təkcə əczaçılara deyil, tibb bacıları da daxil olmaqla digər tibbi ixtisas sahələrinə də tətbiq olunur.

Onun sözlərinə görə, tibb sahəsində uzun müddət fasilə verən mütəxəssislər yenidən sistemə qayıtmaq üçün müəyyən mərhələlərdən keçməlidirlər:

“İndi yalnız əczaçılar üçün deyil, digər ixtisas sahələri üzrə, o cümlədən tibb bacıları üçün də bu mexanizm mövcuddur. Əgər tibb bacısı bir müddət işləməyibsə, o, əvvəlcə müvafiq kurslardan keçməli, daha sonra imtahan verməlidir. İmtahandan sonra isə mövcud boş iş yerlərinə uyğun olaraq işə yönləndirilir”.

Rasif Bağırov qeyd edib ki, əczaçılıq sahəsi əsasən özəl xidmət olduğu üçün bu sahədə də ixtisaslaşma və hazırlıq mərhələləri mühüm əhəmiyyət daşıyır:

“Əczaçılar müəyyən müddət ərzində ixtisaslaşma keçib həmin sahədə fəaliyyət göstərə bilirlər. Eyni qayda tibb bacılarına da aiddir. Uzun müddət işləməyən tibb bacısı mütləq kurs keçməli, daha sonra imtahan verməlidir. Tibb sistemində işə qəbul məhz imtahan yolu ilə həyata keçirilir”.

Mütəxəssis vurğulayıb ki, bu yanaşmanın əsas məqsədi tibbi xidmətin keyfiyyətini qorumaq və peşəkar biliklərin aktuallığını təmin etməkdir:

“Sadəcə “yerim boşdur” prinsipi ilə işə qəbul yoxdur. Uzun müddət fasilə verən hər kəs əvvəlcə bilik və bacarıqlarını yeniləməli, sonra isə imtahanla sistemə qayıtmalıdır”.

Beləliklə, mövcud təcrübə göstərir ki, əczaçılar üçün tətbiq edilən qaydalar artıq tibb bacılarına da şamil olunur və bu yanaşmanın gələcəkdə də davam etdirilməsi gözlənilir.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью