Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 14,9565 milyon manat dəyərində dərman istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,9 % çoxdur.
Tibbi maska istehsalı isə 3,9 milyon ədədə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə maska istehsalı 2,1 dəfə artıb.
1 avqust 2026-cı il tarixinə hazır məhsul ehtiyatları da açıqlanıb. Həmin tarixdə anbarlarda 553,7 min manatlıq dərman və 1,5 milyon ədəd tibbi maska olub.
Dərman istehsalının artması xaricdən dərman asılılığımızı azaltmaq üçün kifayət edirmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Tibb Universitetinin dosenti, farmakoloq Aydın Əliyev bildirib ki, bir çox ölkələrdə dərman istehsalı dövlət büdcəsində mühüm yerlərdən birini tutur:
"İnsanların sağlamlığında problem yarandıqda ilk növbədə həkimə müraciət edilir. Həkimin əsas vəzifələrindən biri isə düzgün diaqnoz müəyyənləşdirmək və həmin diaqnoza uyğun müalicə üsulu seçməkdir.
Bu müalicədə dərman terapiyası mühüm yer tutur. Sovet dövründə Azərbaycanda dərman istehsalı demək olar ki, yox səviyyəsində idi. Bu gün isə vəziyyət tədricən dəyişir, yerli dərman istehsalı artır və bu sahə iqtisadiyyata da müəyyən töhfə verir.
Bununla belə, Azərbaycanda hələ də xaricdən dərman asılılığı yüksəkdir. Xaricdən dərman idxalının çox olması müəyyən risklər də yaradır.
Yerli istehsal zamanı məhsulun keyfiyyətinə görə birbaşa özümüz məsuliyyət daşıyırıq. Ona görə də istehsal etdiyimiz dərmanların keyfiyyəti sənədlərdə göstərilən tələblərə tam uyğun olmalıdır.
Yerli dərmanlarla bağlı ciddi keyfiyyət şikayətlərinin olmaması isə bu sahədə görülən işlərin əhəmiyyətini göstərir. Öz istehsalımıza və öz əməyimizə düzgün qiymət verməli, yerli məhsulların inkişafına şərait yaratmalıyıq".
Onun sözlərinə görə, səhiyyədə təkcə dərman istehsalı deyil, tibbi məhsulların istehsalı da mühüm əhəmiyyət daşıyır:
"Məsələn, müxtəlif infeksiyalardan qorunmaq üçün maskalardan istifadə olunur. Maskalar yalnız xəstəliklərin yayılmasının qarşısının alınması üçün deyil, gündəlik tibbi fəaliyyət zamanı da geniş istifadə edilir.
Cərrahlar, tibb bacıları, anestezioloqlar və digər tibb işçiləri daim maskalardan istifadə edirlər. Bu baxımdan tibbi məhsulların yerli istehsalının artırılması da vacibdir".
O qeyd edib ki, dünyada müxtəlif xəstəliklərin artması səhiyyə xidmətlərinə olan tələbatı da artırır:
"Azərbaycanda da insanların xəstəxanalara və həkimlərə müraciətlərinin çoxaldığını görürük. Bunun səbəbləri arasında insanların öz sağlamlıqlarına kifayət qədər diqqət yetirməməsi, qidalanma və həyat tərzi ilə bağlı problemlər, içməli su və qida məhsullarının keyfiyyəti kimi amillər də var.
Son dövrlərdə ürək-damar xəstəlikləri, diabet və onkoloji xəstəliklərlə bağlı artım müşahidə olunur. Buna görə də xəstəlik yarandıqdan sonra müalicə almaqla yanaşı, onun qarşısının alınmasına da diqqət yetirilməlidir.
İnsanlar fəsillərə uyğun geyinməli, düzgün qidalanmalı və sağlam həyat tərzinə üstünlük verməlidirlər. Fast-food və digər sağlamlığa mənfi təsir göstərə biləcək qidaların qəbulunda da diqqətli olmaq lazımdır.
Yerli məhsullara üstünlük verilməsi və yerli istehsalın genişləndirilməsi bu baxımdan mühüm məsələdir. Dərmanın hazırlanması elmi və mürəkkəb prosesdir.
Dərmanı alimlər hazırlayır, daha sonra isə istehsal prosesi sənaye müəssisələrində həyata keçirilir. Buna görə də məhsulun bütün mərhələlərində keyfiyyətə nəzarət güclü olmalıdır.
Yerli dərman istehsalını artırmaqla yanaşı, əsas məqsəd keyfiyyətli və təhlükəsiz məhsul istehsal etmək olmalıdır".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: əczaçılıq Aydın Əliyev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin