Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ədalət Partiyası 8 Noyabr - Zəfər Gününün 26-cı ildönümü münasibətilə bəyanat yayıb.
Redaktor.az xəbər verir ki, bəyanatda 8 Noyabrın Azərbaycan dövlətçiliyinin müasir tarixində yeni siyasi və geostrateji reallıqların əsasını qoyan möhtəşəm tarixi hadisə olduğu vurğulanıb.
Bildirilib ki, bu Qələbə təkcə hərbi uğur deyil, həm də onilliklər ərzində davam edən münaqişəyə son qoyaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və dövlət suverenliyini təmin edən tarixi dönüş nöqtəsidir.
Bəyanatda qeyd olunub ki, tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin strateji qərarları həlledici əhəmiyyət daşıyıb:
"Bununla yanaşı, Vətən müharibəsi dövründə xalqın, hakimiyyətin və siyasi partiyaların nümayiş etdirdiyi milli birlik, ortaq dövlətçilik mövqeyi və siyasi həmrəylik Qələbənin mühüm dayaqlarından biri oldu. Müxtəlif siyasi baxışlara malik qüvvələrin Azərbaycanın milli maraqları ətrafında birləşməsi ölkəmizin siyasi tarixində xüsusi əhəmiyyətə malik hadisə kimi qiymətləndirilməlidir".
Ədalət Partiyası hesab edir ki, Zəfərin siyasi və mənəvi məsuliyyəti onun nəticələrini qorumaq, sülh və sabitliyi təmin etmək, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi prosesini davam etdirməkdən ibarətdir.
Partiyanın bəyanatında vurğulanıb ki, Qələbənin qazanılmasında nümayiş etdirilən həmrəyliyin qorunması, siyasi dialoqun və ümummilli maraqların bütün siyasi yanaşmalardan üstün tutulması Azərbaycanın gələcək inkişafı üçün də mühüm şərtdir.
Ədalət Partiyası əlamətdar gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edib, Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edib, qazilərə şəfa və uzun ömür arzulayıb.
AYTƏKİN