Ədalətdən ən ucadan danışanların bəzisi əslində ədaləti deyil

24.08.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Bəzən insanı axmaq yerinə qoymağa çalışanlar onun susmasını qorxu, səbrini isə zəiflik hesab edirlər. Elə düşünürlər ki, qurduqları oyun görünmür, taxdıqları maskalar tanınmır, şəxsi mənafeləri naminə dəyişdikləri mövqe isə heç kimin diqqətini çəkmir.
Dünən bir həqiqəti müdafiə edənlər, bu gün həmin həqiqət maraqlarına toxunanda dərhal istiqamətlərini dəyişirlər. Sonra da oğru elə bağırır ki, doğrunun bağrı yarılır. Ədalətdən ən ucadan danışanların bəzisi əslində ədaləti deyil, təhlükəyə düşən şəxsi maraqlarını qoruyur.
Səhnəyə çəkib oynatdıqlarını düşündükləri insan isə çoxdan həmin oyundan çıxıb tamaşaçıya çevrilib. İndi sakitcə baxır. Kim maskasını dəyişir, kim rolunu unudur, kim ədalət adı altında öz mənafeyini müdafiə edir, kim isə əlində olan pullar kifayət etmirmiş kimi yenə də uzadılan pula göz dikir.
Bəzən belə tamaşalara baxıb sadəcə əl çalmaq qalır. Aktyorluğa görə deyil, insanların öz iç üzlərini bu qədər rahat və ustalıqla açdıqlarına görə.
Ən böyük Ali Baş Komandanlar da bəzən dünyada ədalətin olmadığı qənaətinə gəliblər. Çünki onlar da belə tamaşaları çox görüblər. Sadəcə, onların izlədiyi tamaşalar daha böyük səhnələrdə oynanılıb. Səhnələr dəyişib, aktyorlar dəyişib, epizodlar dəyişib, amma ssenari həmişə eyni qalıb.
Lakin tarix göstərir ki, ədalət geciksə də, səhnəyə mütləq çıxır:
İşğal dövründə dəfələrlə düşünürdük ki, dünyada ədalət yoxdur. Ancaq həyat göstərdi ki, ədalət var. Sadəcə, səbirli olmaq, ədalətə inanmaq, onun uğrunda çalışmaq və ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır.
Ona görə susmaq qorxmaq deyil. Bəzən susmaq insanların bütün maskalarını öz əlləri ilə çıxarmasına verilən vaxtdır. Səbir isə zəiflik deyil. Səbir həqiqətin səhnəyə çıxacağı anı gözləmək gücüdür.
Pərdə bağlananda kimin daha ucadan danışdığı deyil, hansı mənafe naminə hansı rolu oynadığı xatırlanır. Ədalət isə tamaşaya baxmır. Gec də olsa, hər kəsi oynadığı rola görə deyil, əslində kim olduğuna görə qiymətləndirir.
Pərdə hələ bağlanmayıb, əsas səhnələr qarşıdadır
David Seliverstov, beynəlxalq hüquq müdafiəçisi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью