Ədalətin Təntənəsi: Hərbi cinayətkarlar layiqli cəzalarını alacaq

04.02.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Müasir dünya tarixi müharibələrin bitməsi, lakin cinayətkarların cəzasız qalması ilə bağlı çoxsaylı nümunələrlə doludur. Lakin Azərbaycan dövləti həm hərb meydanında, həm də hüquq müstəvisində nadir bir presedent yaratdı. Azərbaycan həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər, soyqırımı və ekosid törədən şəxsləri ədalət mühakiməsi qarşısına çıxararaq ədaləti bərpa etdi.

Bu kontekstdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi sabah davam etdiriləcək. Müharibə canilərinin mühakiməsi və ədalət məhkəməsi qarşısında cavab verməsi Azərbaycan xalqının çoxillik arzusunun reallaşması olacaq.

Prezident İlham Əliyevin Qətiyyəti: Vədə Sadiqlik

Prezident İlham Əliyev hələ müharibədən illər əvvəl xalqımıza müraciət edərkən Xocalı soyqırımını, mülki insanlara qarşı terroru və şəhərlərimizin dağıdılmasını təşkil edənlərin mütləq qanun qarşısında cavab verəcəklərini bəyan etmişdi:

“Biz o qanicanları tapıb məsuliyyətə cəlb edəcəyik. Günahsız qurbanların qanı yerdə qalmayacaq!” – bu sözlər sadəcə siyasi bəyanat deyil, dövlət başçısının qəti iradəsi idi.

Azərbaycan müasir tarixdə yeganə ölkələrdəndir ki, heç bir kənar yardıma söykənmədən, xarici təzyiqləri dəf edərək həm torpaqlarını azad etdi, həm də hərbi cinayətkarları qandallayıb Bakıya gətirdi.

Beynəlxalq Təcrübə və Azərbaycan Modeli

Ədalətin bərpası baxımından Azərbaycanın bu uğuru dünya təcrübəsi ilə müqayisədə daha mükəmməl görünür:

İsrail nümunəsi: İsrail faşist canilərini illər sonra dünyanın müxtəlif yerlərində tapıb mühakimə etsə də, bu proses həm onilliklər çəkdi, həm də cinayətkarların böyük hissəsi cəzasız qaldı.

Keçmiş Yuqoslaviya: Balkanlarda müharibə cinayətkarları yalnız beynəlxalq birliyin və güclü dövlətlərin birbaşa müdaxiləsi və təzyiqi nəticəsində mühakimə olundular.

Azərbaycan isə bu prosesi tamamilə öz gücü və qətiyyəti hesabına həyata keçirdi. Xaricdən gələn əsassız siyasi təzyiqlərə rəğmən, rəsmi Bakı hüququn aliliyindən geri çəkilmədi.

Məhkəmə Prosesi: Ermənistanın "Müstəqillik" Mifinin Çökməsi

Bakıda keçirilən açıq məhkəmə prosesləri, təqdim olunan faktlar və təqsirləndirilən şəxslərin ifadələri Ermənistan dövlətinin birbaşa məsuliyyətini gün işığına çıxardı.

Canilərin etirafarı

Levon Mnatsakanyanq qondarma rejimin "ordusunun" müstəqil olmadığını, əslində Ermənistan Silahlı Qüvvələrinin bir hissəsi olduğunu açıq etiraf etdi. O bildirdi ki, hərbi təyinatlar birbaşa İrəvanda təsdiqlənir, təminat isə Ermənistan büdcəsindən həyata keçirilirdi.

Arayik Arutyunyanın hərbi əməliyyatlarda iştirakı, Bako Saakyanın Şuşanın işğalındakı rolu məhkəmə zalında nümayiş etdirilən konkret video və sənədlərlə sübuta yetirildi.

Məhkəmə prosesindən aydın oldu ki, Ermənistan işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətdən gizlətmək üçün "qondarma rejim" pərdəsindən istifadə edib. Əslində isə bu şəxslər Ermənistanın işğal siyasətinin icraçıları olublar.

Dövlət Məsuliyyəti: Urbisid və Ekosid

Məhkəmə materialları yalnız fərdlərin deyil, Ermənistanın bir dövlət olaraq Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri də sənədləşdirdi. Şəhərlərimizin yerlə-yeksan edilməsi (urbisid), təbiətimizə vurulan qəsdli zərər (ekosid) və etnik təmizləmə faktları beynəlxalq hüquq qarşısında Ermənistanın dövlət məsuliyyətini qaçılmaz edir.

İnsanlıq əleyhinə cinayət törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi münaqişələrin həlli üçün ən ədalətli modeldir. Azərbaycan sübut etdi ki, cinayət cəzasız qaldıqda yeni cinayətlərə yol açır, cəzalandırıldıqda isə sülhün təməli olur. Bu, ədalətin təntənəsidir!

Elnur ƏMİROV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью