Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO

04.02.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ağır sınaqlarla, ədalətsiz mövqe ilə üzləşdi. Torpaqlarımız Ermənistanın işğalına məruz qaldı, vətəndaşlarımız öz yurd-yuvasından didərgin düşdü. Təxminən 30 il sonra Azərbaycan tarixi ədaləti bərpa etdi. 44 günlük Vətən müharibəsində tam qələbə qazanmaqla ərazilərimizi işğaldan azad etdi. Dünya hərb tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail oldu.

Prezident İlham Əliyev qəti iradə, prinsipiallıq nümayiş etdirdi, xalqımız qarşısında verdiyi sözə həmişə əməl etdiyi kimi, bu dəfə də vədinə sadiq qaldı. “Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq”. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bu gün bir daha öz təsdiqini tapdı.

Açıq və şəffaf keçirilən məhkəmə prosesi zamanı təqdim olunan sübutlar, arxiv materialları, zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilənlərin etirafları Ermənistan dövlətinin işğal siyasətində birbaşa rolu olduğunu sübuta yetirdi.

30 illik işğal dövründə Ermənistan xalqımıza qarşı ağır cinayətlər, soyqırımı, qətliamlar, deportasiya, həmçinin, təbiətə, mili-mədəni, dini abidələrə qarşı vandalizm aktları törədib. Məhkəmə prosesindən faktiki aydın oldu ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün qondarma rejim yaradıb.

Bir çox münaqişə və müharibələr bitir, lakin çoxsaylı mülki insanların qətlində əli olan cinayətkarlar məsuliyyətdən kənarda qalırlar. Amma Azərbaycan öz seçdiyi yolun fərqli olduğunu göstərdi. Bizim üçün cinayətin cəzasız qalmaması əsas şərtdir və bu, beynəlxalq humanitar hüququn fundamental tələblərinə tam uyğundur.

Ekspertlərin fikrincə, bu ədalət məhkəməsi tarixdə öz yerini tutaraq həm də presedent rolunu oynayacaq.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью