Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq münasibətlər sistemində sabitliyin və təhlükəsizliyin təmin olunması dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn aliliyi, eləcə də münaqişələrin ədalətli həlli prinsiplərinin ardıcıl tətbiqindən asılıdır. Lakin müasir dünya siyasətinin təcrübəsi göstərir ki, beynəlxalq hüququn mövcudluğu özlüyündə ədalətin təmin olunmasına zəmanət vermir. Qəbul edilən qərarların icrasız qalması, münaqişələrə münasibətdə ikili standartların tətbiqi və təcavüzkarın məsuliyyətdən kənarda saxlanılması beynəlxalq institutların nüfuzuna xələl gətirməklə yanaşı, yeni qarşıdurmalar üçün də zəmin yaradır. Prezident İlham Əliyevin 15 oktyabr 2026-cı ildə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşündəki çıxışı məhz bu fundamental ziddiyyətləri ön plana çəkərək Azərbaycanın tarixi təcrübəsini beynəlxalq təhlükəsizlik və ədalət müstəvisində təqdim etdi.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi Ermənistan–Azərbaycan münaqişəsi beynəlxalq hüququn tətbiqindəki problemlərin konkret nümunəsidir. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin uzun müddət işğal altında qalması, azərbaycanlıların doğma yurdlarından qovulması və şəhər-kəndlərimizin dağıdılması ağır humanitar və siyasi nəticələr doğurdu. Bu proses təkcə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş təhdid deyildi, eyni zamanda beynəlxalq ictimaiyyətin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək imkanlarının ciddi sınağı idi.
Problemin əsas mahiyyəti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun illər icra edilməməsində özünü göstərdi. Münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti də davamlı nəticə vermədi. Beləliklə, beynəlxalq səviyyədə qəbul edilmiş hüquqi-siyasi qərarlarla onların icrası arasında dərin uçurum yarandı. Bu təcrübə mühüm bir həqiqəti ortaya qoydu: beynəlxalq hüququn effektivliyi yalnız onun norma və prinsiplərinin mövcudluğu ilə deyil, həmin prinsiplərin bütün dövlətlərə eyni qaydada tətbiqi və qərarların icrasını təmin edən təsirli mexanizmlərin mövcudluğu ilə ölçülür. Əks halda, beynəlxalq təşkilatların qərarları münaqişələrin qarşısını alan vasitə olmaq əvəzinə, icrasını gözləyən sənədlər səviyyəsində qala bilər.
Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə səsləndirdiyi fikirlərin qlobal əhəmiyyəti də bu məqamla bağlıdır. Azərbaycanın üzləşdiyi vəziyyət göstərdi ki, təcavüzkarın məsuliyyətdən kənarda qalması münaqişənin həllini uzadır, mövcud riskləri dərinləşdirir və beynəlxalq münasibətlərdə hüquqa olan inamı zəiflədir. Bu baxımdan, beynəlxalq təşkilatların qarşısında duran əsas vəzifə yalnız münaqişələri müzakirə etmək və qətnamələr qəbul etmək deyil, həm də həmin qərarların həyata keçirilməsini təmin edəcək siyasi iradə və institusional mexanizmlər formalaşdırmaqdır. Hüququn aliliyi prinsipinin real məzmun qazanması üçün məsuliyyət və hesabatlılıq beynəlxalq münasibətlərin ayrılmaz hissəsinə çevrilməlidir.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Qələbə və 2023-cü ildə suverenliyinin tam bərpası bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini təmin etməklə uzun illər davam edən münaqişənin hərbi-siyasi nəticələrini dəyişdi. Bununla yanaşı, Azərbaycanın təcrübəsi göstərdi ki, hərbi müstəvidə əldə edilən nəticə sonrakı mərhələdə siyasi məsuliyyət, diplomatik iradə və sülh quruculuğu ilə tamamlanmalıdır. Uzunmüddətli qarşıdurmanın ağır nəticələrinə baxmayaraq, Azərbaycanın Ermənistana sülh gündəliyi təqdim etməsi regionda yeni münasibətlər sisteminin formalaşdırılması baxımından mühüm addım oldu.
Burada prinsipial məsələ sülhün yalnız müharibənin başa çatması kimi qiymətləndirilməməsidir. Davamlı sülh qarşılıqlı suverenliyə hörmət, ərazi iddialarından imtina, sərhədlərin toxunulmazlığının qəbul edilməsi və öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənə bilər. Etimadın formalaşması üçün siyasi bəyanatlarla yanaşı, konkret addımlar və ardıcıl dialoq vacibdir. Deməli, Azərbaycanın irəli sürdüyü sülh yanaşmasının strateji mahiyyəti əldə olunmuş tarixi nəticələri regionun uzunmüddətli təhlükəsizliyinə və əməkdaşlıq imkanlarına çevirməkdən ibarətdir.
AQEM-in VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın bu məsələlərə münasibətinin daha geniş beynəlxalq müstəvidə təqdim olunmasına imkan yaratdı. Asiya və Avropa arasında mühüm coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və humanitar əlaqələr vasitəsilə regional və qlobal proseslərdə fəal iştirak edir. Ölkəmizin AQEM-ə ikiillik sədrliyi dövründə nəqliyyat, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri təşkilatın institusional imkanlarının gücləndirilməsinə xidmət edib. Sədrliyin 2026–2028-ci illər üçün uzadılması isə Azərbaycanın bu platformadakı fəaliyyətinə üzv dövlətlər tərəfindən göstərilən dəstəyin ifadəsi kimi qiymətləndirilə bilər.
Bununla belə, çoxtərəfli əməkdaşlığın real nəticələr verməsi üçün etimad tədbirləri siyasi bəyanatlarla məhdudlaşmamalıdır. Dövlətlər arasında dialoq mexanizmlərinin gücləndirilməsi, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, qarşılıqlı maraqların uzlaşdırılması və beynəlxalq hüququn prinsiplərinə sadiqlik təhlükəsizliyin möhkəmləndirilməsinin əsas şərtləridir. Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı əməkdaşlıq əlaqələri ölkəmizə bu proseslərdə fəal iştirak etmək, regional sabitliklə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqələri gücləndirmək imkanı verir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Bakı Zirvə Görüşündə səsləndirdiyi mesajların mahiyyəti beynəlxalq münasibətlərdə ədalət, məsuliyyət və sülh anlayışlarının bir-birindən ayrılmaz olduğunu göstərir. Azərbaycan nümunəsi sübut edir ki, suverenliyin və ərazi bütövlüyünün bərpası dövlətin milli iradəsi baxımından tarixi əhəmiyyət daşımaqla yanaşı, beynəlxalq hüququn tətbiqi və regional təhlükəsizliyin gələcəyi ilə bağlı daha geniş müzakirələr üçün də əsas yaradır. İndi əsas məsələ əldə olunmuş nəticələri davamlı sülhə çevirmək, qarşılıqlı etimadı möhkəmləndirmək və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Çünki ədalətin zəfəri yalnız pozulmuş hüquqların bərpası ilə deyil, həmin ədalətin gələcəkdə yeni münaqişələrin qarşısını alan etibarlı beynəlxalq prinsipə çevrilməsi ilə tamamlanır. Sülhün təntənəsi isə məhz bu prinsipin real həyatda təsdiqini tapdığı zaman mümkün olur.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri