Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin Tennessi ştatında Krista Paykın edam edilməsi cəhdi uğursuzluqla nəticələnib.
Son 200 ildə ilk dəfə baş verməsi gözlənilən bu hadisə ölümcül inyeksiya prosedurunun iki dəfə uğursuz olması və məhkumun sağ qalması ilə dünya mediasının diqqətini cəlb edib.
“Cebheinfo.az” xəbər verir ki, hadisədən sonra xəstəxanaya aparılan Payk bir həftədən az müddət ərzində özünə gəlib və danışmağa başlayıb. Onun vəkili Rendi Spayvinin sözlərinə görə, əvvəlcə onlara Paykın beyninin öldüyü və tezliklə həyat dəstəyi sistemindən ayrılacağı barədə məlumat verilib. Lakin Spayvi oktyabrın 6-da baş verənləri belə təsvir edib: “Mən də daxil olmaqla, həm onun hüquq müdafiə qrupunun, həm də tibb işçilərinin hamısının təəccübünə səbəb olan hadisə baş verdi: Krista ayıldı və danışmağa başladı”.
Xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə olarkən özünə gələn Paykın ilk olaraq “Mən haradayam və siz kimsiniz?” deyə soruşduğu bildirilir. Daha sonra onun 1995-ci ildə qətlə yetirdiyi sinif yoldaşı Kollin Slemmerin ailəsinin vəziyyəti ilə maraqlandığı qeyd olunur. Uğursuz edam cəhdindən sonra Paykın qolunda qan laxtası yarandığı, pnevmoniyaya tutulduğu və bir müddət qidalana bilmədiyi bildirilib.
Vəkili Spayvi məhkumun əllərində də ciddi şişkinlik yarandığını deyib. Hadisədən bir aydan çox vaxt keçdikdən sonra Payk yenidən tam cümlələrlə danışmağa başlayıb. Vəkilləri 50 yaşlı məhkumun hərəkət qabiliyyətinin də yaxşılaşdığını açıqlayıblar. Paykın səhhətində müşahidə olunan irəliləyişdən sonra onun gələcək taleyi ilə bağlı mühüm sual gündəmə gəlib.
Onu yenidən edam etməyə cəhd göstərəcəklər? İndiyədək yeni edam cəhdi ilə bağlı qəti qərar qəbul edilməyib. Paykın vəkilləri Respublikaçı qubernator Bill Lini ölüm hökmünü şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz etməyə razı salmağa çalışacaqlarını bildiriblər. Məhkumun fiziki vəziyyətində yaxşılaşma əlamətləri müşahidə olunsa da, onun idrak və psixoloji sağlamlığı ilə bağlı qiymətləndirmələr davam edir.
Vəkillərin cəzanın dəyişdirilməsi istiqamətində atacağı addımların nəticəsi və ştat rəhbərliyinin bundan sonra hansı qərarı verəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Krista Payk 1995-ci ildə 19 yaşlı sinif yoldaşı Kollin Slemmerə işgəncə verərək onu qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilib.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin