Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2026-cı ildə görüləcək işlər, gələcək hədəflər və ilin iş planında qarşıya qoyulan məqsədlərin müzakirəsinə həsr edilmiş yığıncaq keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin şöbələrində müasir dövrün tələblərinə uyğun dəyişikliklərin aparılması və genişlənən fəaliyyət istiqamətlərinə müvafiq olaraq adlanmaların dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilib.
Muzeyin direktoru akademik Rafael Hüseynov bildirib ki, arxada qoyduğu 85 il ərzində Ədəbiyyat Muzeyi böyük inkişaf yolu keçərək yalnız ədəbiyyatın deyil, dilimizin və mədəniyyətimizin də əsas təqdim və təbliğ ocağına çevrilib.
Yığıncaqda muzeyin inkişaf perspektivləri, cari ildə keçiriləcək elmi konfrans və yubiley tədbirləri müzakirə edilib.
Müzakirələrdə şöbə müdirləri filologiya elmləri doktoru Şəfəq Əlibəyli, filologiya elmləri doktoru Xatirə Bəşirli, filologiya üzrə fəlsəfə doktoru Gülsəba Həsənova çıxış edərək öz fikir və təkliflərini səsləndiriblər.