Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı məhsulları, buğda, un və çörəyin ƏDV-dən azad edilməsi müddətinin 2029-cu ilin sonuna qədər uzadılması nəzərdə tutulur. Lakin bu güzəştlərin ərzaq qiymətlərinə və yerli istehsala real təsirinin necə olacağı sual doğurur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakupost”a bildirib ki, ƏDV güzəştinin uzadılması ərzaq qiymətlərinin sabitləşməsinə kömək edə bilər, lakin bu addım təkbaşına qiymətləri ciddi şəkildə aşağı salmayacaq.
Onun sözlərinə görə, güzəşt istehsalçı və satıcıların vergi yükünü azaldaraq un, çörək və buğda kimi əsas məhsulların qiymətinə təzyiqi yumşalda bilər. Bununla belə, çörəyin qiymətinə taxılın dünya bazarındakı dəyəri, daşınma, yanacaq, elektrik enerjisi, əməkhaqqı və emal xərcləri də təsir göstərir. Bu amillər bəzən ƏDV güzəştindən əldə olunan qənaəti üstələyir. Buna görə də vergi güzəşti davam etsə belə, onun bütün faydası istehlakçıların ödədiyi qiymətlərdə görünməyə bilər.
O qeyd edib ki, vergi güzəştindən əldə olunan üstünlüyün istehlakçıya tam çatmaması bazardakı vasitəçilərlə və rəqabət səviyyəsi ilə bağlıdır. İstehsal, un istehsalı, daşınma və pərakəndə satış mərhələlərində bir neçə vasitəçi iştirak etdikdə qənaətin bir hissəsi onların mənfəətində qala bilər. Rəqabətin zəif olduğu şəraitdə satıcılar vergi yükünün azalmasına baxmayaraq qiymətləri endirməyə tələsmirlər.
Akif Nəsirli başqa bir məqama da diqqət çəkib. Onun sözlərinə görə, fermer və ya istehsalçı xammal alarkən ƏDV ödəyir, lakin satışları vergidən azad olduğu üçün həmin məbləği geri ala bilmirsə, bu vəsait onun üçün gizli xərcə çevrilir. Nəticədə güzəştdən əldə olunan real qənaət azalır.
O hesab edir ki, güzəştlərin uzadılması fermerlərin inkişafına və idxaldan asılılığın azalmasına müəyyən töhfə verə bilər. Çünki sabit vergi rejimi əkin və investisiya qərarlarının planlaşdırılmasını asanlaşdırır. Lakin əsas faydanın daha çox emal və ticarət zəncirindəki iri şirkətlərə çatması ehtimalı var.
Onun fikrincə, kiçik fermerlərin əsas problemləri vergi ilə məhdudlaşmır. Suvarma, toxum, gübrə, texnika, kreditə çıxış, məhsulun saxlanması və satış bazarının zəifliyi kənd təsərrüfatının inkişafına mane olan əsas amillərdəndir. ƏDV güzəşti isə bu problemləri öz-özlüyündə həll etmir.
Akif Nəsirli vurğulayıb ki, dövlət güzəştlərin nəticəsini yalnız vergi göstəriciləri ilə deyil, çörək və unun istehlak qiymətləri, fermerlərin gəlirləri, yerli buğda istehsalının həcmi, idxaldan asılılıq və bazardakı rəqabət səviyyəsi əsasında qiymətləndirməlidir.
Onun sözlərinə görə, qiymətlərin aşağı düşməsi üçün vergi güzəştləri ilə yanaşı, logistika və saxlama infrastrukturu yaxşılaşdırılmalı, rəqabət gücləndirilməli, qiymət artımının səbəbləri şəffaf açıqlanmalı, dövlət dəstəyi isə daha çox birbaşa fermerlərə, məhsuldarlığın artırılmasına və yeni texnologiyalara yönəldilməlidir.
Vüsalə Hüseynova,
BakuPost