Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təşkil edilən “WSIS Prizes 2026” beynəlxalq müsabiqəsində növbəti böyük uğura imza atıb.
XQ xəbər verir ki, nazirliyin təqdim etdiyi “Himayədar ailə” qayğı modelinin elektron sistemi 1500-dən çox qlobal layihənin mübarizə apardığı müsabiqədə "İnformasiya cəmiyyətinin etik aspektləri" kateqoriyası üzrə dünya birincisi seçilərək əsas mükafata layiq görülüb.
Sözügedən innovativ elektron sistem valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələr əvəzinə sağlam ailə mühitində böyüməsini və inkişafını təmin edən rəqəmsal platformadır. Bu sistem vasitəsilə:
Himayədar valideyn olmaq istəyən şəxslərin qeydiyyatı,
Namizəd ailələrin fərdi qiymətləndirilməsi,
Uşaqların xüsusiyyətlərinə uyğun olaraq ailələrlə uyğunlaşdırılması,
Uşaqların ailələrdəki vəziyyətinin dövri monitorinqi tam şəffaf şəkildə, vahid rəqəmsal mühitdə idarə olunur.
“WSIS Prizes 2026” platformasında nazirliyin daha iki mühüm rəqəmsal həlli yüksək qiymətləndirilib. Belə ki, “Rəqəmsal əmək müqavilələri” layihəsi “Elektron məşğulluq” kateqoriyasında, “Əlillik” altsistemi isə "İnformasiya cəmiyyətinin etik aspektləri" kateqoriyasında uğurlu fəaliyyətinə görə xüsusi Namizədlik Sertifikatı ilə təltif edilib.
Qeyd edək ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti (WSIS) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən ən nüfuzlu qlobal İKT platformasıdır. Hər il ənənəvi olaraq keçirilən müsabiqə texnoloji innovasiyalardan istifadə etməklə sosial rifaha və dayanıqlı inkişafa real töhfə verən dövlət layihələrini müəyyənləşdirir. Azərbaycanın sosial təminat sahəsindəki növbəti rəqəmsal uğuru ölkədə aparılan elektronlaşma islahatlarının qlobal miqyasda qabaqcıl təcrübə kimi qəbul olunduğunu təsdiqləyir.