Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyədə, Qədim Dünyanın yeddi möcüzəsindən biri hesab edilən Efesdəki Artemida məbədinin yaxınlığında arxeoloqlar təxminən 1200 il əvvələ ait qeyri-adi bir məzar aşkar ediblər. "Live Science" nəşrinin verdiyi məlumata görə, istifadədən çıxmış antik drenaj kanalının içərisində tapılan daş sərdabədə vaxtından əvvəl doğulmuş əkiz körpələrin skelet qalıqları yer alır. Tədqiqatçılar hesab edirlər ki, körpələr axirət dünyasında qorunması məqsədilə qəsdən bu xüsusi məkanda dəfn ediliblər.
Məzar II–III əsrlərə aid qədim su kanalının içərisində yerləşdirilmiş daş qutudan ibarətdir. Sümüklərin ölçüsünə əsasən, alimlər əkizlərin hamiləliyin təxminən 33–34-cü həftəsində dünyaya gəldiyini müəyyən ediblər. Əkizlərin genetik rabitəsini tam təsdiqləmək üçün genetik analizin (DNT) keçirilməsi planlaşdırılır. Körpələrdən birində insan populyasiyasının cəmi 1 faizində rast gəlinən nadir anatomik patologiya — "əlavə boyun qabırğası" aşkarlanıb. Mütəxəssislər bu anomaliyanın vaxtından əvvəl doğuşa və ya körpələrin qəfil ölümünə gətirib çıxaran genetik amillərlə bağlı ola biləcəyini ehtimal edirlər.
Tədqiqatçıların fikrincə, əkizlərin ümumi qəbiristanlıqdan kənarda dəfn olunmasının əsas səbəbi onların xaç suyuna çəkilmədən vəftiz olunmazdan əvvəl vəfat etmələri ola bilər.
Bununla belə, möhkəm daş sərdabə körpələrin qalıqlarını min ildən artıq bir müddətdə toxunulmaz saxlayıb. Arxeoloqların bildirdiyinə görə, bu fakt qalıqların sadəcə atılmadığını, əksinə, dərin ehtiram və xüsusi dini-mənəvi qayğı ilə dəfn edildiyini aydın göstərir. Məzarın yaxınlığında anaya ait hər hansı bir iz və ya qalıq aşkar edilməyib.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ