Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Efir dili gənclərin dil vərdişlərinə birbaşa təsir göstərir və bu səbəbdən hər söz və intonasiya ictimai məsələ hesab olunmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Fazil Mustafa İTV Yayım Şurası üzvlüyünə namizədlərin seçilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
Deputat qeyd edib ki, İctimai Televiziyanın qarşısında mühüm vəzifələr dayanır. Dövlət İmtahan Mərkəzinin nəticələrini təhlil etdikdə görünür ki, ən yüksək nəticələr ingilis dilində, ən aşağı nəticələr isə Azərbaycan dilindədir. Ən böyük problem isə Azərbaycan dilinin mənimsənilməsi ilə bağlıdır.
Fazil Mustafa vurğulayıb ki, bu tövsiyələrdən daha çox daxili monitorinqlər aparılmalı, zərurət olduqda vətəndaşlar üçün xüsusi kurslar təşkil edilməlidir. Deputat əlavə edib ki, İctimai Televiziya bu sahədə önəmli rol oynayır, çünki kanal AzTV ilə birlikdə gənclər arasında dil modeli formalaşdırır. Ümumilikdə, televiziya işinə qoyulan məsuliyyət dərindən dərk olunmalı və prinsipial mövqe ortaya qoyulmalıdır.
Əli Hüseynov