Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xanların, qalaların və siyasi mübarizələrin yaddaşında qalan özbək dövləti
Tarix bəzən böyük imperiyaların salnamələrində deyil, xəritənin kənarında qalan şəhərlərin yaddaşında daha aydın görünür. Bir şəhərin adı əsrlərlə dəyişməz qalır, amma həmin adın arxasında dayanan dövlətlər, hökmdarlar, sərhədlər və siyasi münasibətlər bir-birini əvəz edir.
Bu gün Əfqanıstanın şimalında, eyniadlı vilayətin mərkəzi kimi tanınan Sari-Pul XVIII–XIX əsrlərdə Əfqan Türküstanının mühüm siyasi mərkəzlərindən biri olub. Burada özbək xanları hökmranlıq edir, yerli əhali öz siyasi və iqtisadi həyatını həmin xanlıqların idarəçiliyi altında qururdu.
Sari-Pulun tarixi əslində bir şəhərin və ya bir xan nəslinin tarixindən daha genişdir. Bu tarix Əfqanıstanın şimalında yaşayan özbəklərin siyasi ənənəsini, xanlıqlar arasındakı rəqabəti, Kabulin mərkəzləşmə siyasətini və XIX əsrin ikinci yarısında bütün Türküstanın siyasi xəritəsini dəyişdirən böyük geosiyasi hadisələri özündə birləşdirir.
Bir vaxtlar Sari-Pulun öz xanı, öz qalası, öz ordusu vardı, sonra isə onun sonuncu xanı Kabildə əsirə çevrilib. Bu dəyişiklik necə baş verib?
Maymanadan ayrılan xanlıq
Sari-Pulun müstəqil siyasi mərkəz kimi meydana çıxmasını XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Əfqan Türküstanında yaranan siyasi vəziyyətdən ayrı təsəvvür etmək mümkün deyil.
Həmin dövrdə bu ərazilər vahid və möhkəm mərkəzi idarənin nəzarətində deyildi. Yerli xanlar, tayfa başçıları və hakim ailələr öz ərazilərində kifayət qədər geniş səlahiyyətlərə malik idilər.
Əfqan Türküstanının qərb və şimal-qərb hissəsində Maymana, Sari-Pul, Şibirxan və Əndxoy kimi siyasi mərkəzlər xüsusi rol oynayırdı. Sonralar bu dörd xanlıq “Çahar vilayət”-“Dörd vilayət” adı ilə tanınacaqdı. Sari-Pul əvvəlcə Maymana hakimiyyətinin tərkibində idi. Lakin Maymananın daxilində baş verən siyasi çəkişmələr və yerli hakim ailələr arasındakı rəqabət Sari-Pulun ayrıca siyasi qüvvəyə çevrilməsinə imkan verirdi.
Mənbələrdə Sari-Pulun təxminən 1814-cü ildən müstəqil siyasi mərkəz kimi meydana çıxdığı göstərilir. Bu ayrılmanı sadəcə “Maymanadan qopma” kimi qiymətləndirmək isə hadisənin mahiyyətini tam ifadə etmir, əslində, burada daha mürəkkəb proses gedirdi.
Yerli hakim ailələr öz siyasi dayaqlarını möhkəmləndirməyə çalışırdılar. Xanlar öz ərazilərinə, gəlirlərinə, hərbi qüvvələrinə və ticarət yollarına nəzarəti əldən vermək istəmirdilər. Mərkəzi hakimiyyətin zəifliyi isə belə siyasi qurumların yaşaması üçün əlverişli şərait yaradırdı. Beləcə, Sari-Pul tədricən Maymananın siyasi kölgəsindən çıxaraq öz taleyini müəyyənləşdirməyə başlamışdı.
Zülfüqar Şir xan
Sari-Pulun ilk böyük hakimlərindən biri Zülfüqar Şir xan idi, onun hakimiyyət illəri ilə bağlı mənbələr arasında müəyyən fərqlər mövcuddur. Bəzi xronologiyalarda 1830–1838-ci illər göstərilir, başqa mənbələr isə Zülfüqar Şir xanın hakimiyyətini təxminən 1800–1840-cı illərə aid edir. Bu fərqlər Sari-Pul xanlığının siyasi statusunun və hökmdarların hakimiyyət tarixlərinin müxtəlif mənbələrdə müxtəlif cür hesablanması ilə bağlıdır. Lakin bir məsələ aydındır: Zülfüqar Şir xan Sari-Pulun siyasi simasının formalaşmasında mühüm rol oynayıb. Onun Maymana ilə münasibətləri yalnız düşmənçilikdən ibarət deyildi. Əksinə, iki hakim ailə arasında qohumluq əlaqələri vardı. Zülfüqar Şir xanın bacısı və qızı Maymana hakim ailəsinin nümayəndələri ilə ailə qurmuşdu, bu nikahlar təsadüfi deyildi.
XIX əsrin siyasi dünyasında nikah çox vaxt diplomatiyanın başqa forması idi. Bir qızın başqa xan ailəsinə ərə verilməsi iki siyasi mərkəz arasında münasibətlərin möhkəmləndirilməsi, ittifaqın yaradılması və qarşılıqlı təhlükəsizliyin təmin edilməsi demək idi lakin siyasətdə qohumluq həmişə sülh gətirmir.
Maymanada hakimiyyət uğrunda mübarizə kəskinləşdikcə, Sari-Pulla münasibətlər də dəyişir. Mizrab xanın hakimiyyətə gəlməsi ilə rəqib hakim ailə qoluna qarşı təzyiqlər artır. Zülfüqar Şir xanın bacısının öldürülməsi isə münasibətləri daha da kəskinləşdirir.
Beləliklə, bir ailənin faciəsi iki siyasi mərkəzin qarşıdurmasına çevrilir. Sari-Pul ilə Maymana arasındakı mübarizədə artıq torpaq və hakimiyyətlə yanaşı, qohumluq və qan məsələləri də iştirak edirdi, bu həmin dövrün siyasi həyatının xarakterik xüsusiyyətlərindən biri idi.
Qılınc və qohumluq
Bugünkü siyasi terminlərlə XIX əsrin xanlıqlarını izah etmək bəzən çətindir. Çünki o dövrdə dövlət və ailə, hakimiyyət və qohumluq, diplomatiya və şəxsi münasibətlər bir-birindən tam ayrılmırdı.
Bir xan digər xanla müttəfiq ola bilərdi, çünki onların ailələri qohum idi. Eyni xan sabah həmin qohumluq əlaqəsinə görə müharibəyə başlaya bilərdi. Sari-Pulun Maymana ilə münasibətləri bunun bariz nümunəsidir. Zülfüqar Şir xan yalnız öz şəhərini müdafiə edən yerli hakim deyildi. Onun bölgədə siyasi nüfuzu artır, Sari-Pulun ətrafında yerləşən ərazilərə nəzarət genişlənirdi.
Beləliklə, Sari-Pul Çahar vilayətin siyasi həyatında getdikcə daha mühüm mövqeyə yüksəlirdi. Maymana ilə yanaşı, Şibirxan və Əndxoy da bu siyasi sistemin mühüm iştirakçıları idi. Amma onların münasibətləri heç vaxt sabit ittifaq şəklində olmadı. Bəzən bir-birlərinə qarşı çıxır, bəzən üçüncü qüvvəyə qarşı birləşir, bəzən isə yeni hakimiyyət dəyişiklikləri nəticəsində mövqelərini dəyişirdilər. Parçalanmış siyasi sistemin ən böyük zəifliyi də elə burada idi.
Sari-Pulun qüdrətli dövrü
Sari-Pulun siyasi əhəmiyyətini yalnız xanların şəxsi nüfuzu ilə izah etmək olmazdı, xanlığın müəyyən hərbi və iqtisadi bazası vardı.
XIX əsrin ortalarına aid məlumatlarda Mahmud xanın təxminən iki min süvari və iki min piyada saxlaya bildiyi göstərilir. Bu rəqəmlər, əlbəttə, müxtəlif dövrlərdə dəyişə bilərdi, lakin Sari-Pulun sadəcə kiçik şəhər hakimiyyəti olmadığını göstərmək baxımından əhəmiyyətlidir. Şəhərin ətrafında əkinçilik üçün əlverişli torpaqlar, bağlar və suvarılan sahələr yerləşirdi. Sari-Pul həm də müxtəlif istiqamətlərdən gələn yolların kəsişdiyi bir bölgədə yerləşirdi.
Əfqan Türküstanının siyasi xəritəsində onun əhəmiyyəti, müəyyən mənada, coğrafiyasından doğurdu. Şəhər öz ətrafındakı kənd təsərrüfatı rayonları ilə birlikdə xanlığın iqtisadi dayağını formalaşdırırdı. Əhalinin əhəmiyyətli hissəsini özbəklər təşkil edirdi. XIX əsrin bəzi mənbələrində şəhər və ətrafında yaşayan əhalinin təxminən üçdə ikisinin özbək olduğu göstərilir. Beləliklə, Sarı-Pulda siyasi hakimiyyətlə etnik-demoqrafik struktur arasında da sıx əlaqə vardı. Bu, Əfqan Türküstanının digər xanlıqlarına da xas xüsusiyyət idi.
4 xanlığın dünyası
Maymana, Sari-Pul, Şibirxan və Əndxoy... Bu adlar XIX əsrin Əfqan Türküstanının siyasi xəritəsində yanaşı dayanırdı.
Tarixdə “Çahar vilayət” kimi tanınan bu siyasi məkan vahid dövlət deyildi. Hər xanlığın öz hakimi, öz maraqları və öz siyasi hesabları vardı. Maymana daha güclü siyasi mərkəz kimi seçilirdi. Sari-Pul isə onunla rəqabət aparacaq qədər müstəqil mövqe qazanmışdı. Şibirxan və Əndxoy da bu siyasi sistemdə mühüm rol oynayırdı.
Bu xanlıqların bir-birindən fərqli maraqları olsa da, onların hamısını birləşdirən bir xüsusiyyət vardı: Onlar Kabilin birbaşa idarəçiliyindən kənarda yerli siyasi hakimiyyətlərini qorumağa çalışırdılar. Lakin XIX əsrin ortalarına doğru onların qarşısına əvvəlkindən daha güclü rəqib çıxdı. Bu rəqib ayrı-ayrı xanlıq deyil, mərkəzləşməkdə olan Əfqan dövləti idi.
Kabilin şimala yürüşü
Əfqan əmiri Dost Məhəmməd xanın hakimiyyətinin möhkəmlənməsi Əfqanıstan tarixində dönüş nöqtələrindən biri olur. Kabil artıq yalnız ölkənin cənub və mərkəz hissələrinə nəzarət etməklə kifayətlənmək istəmirdi. Şimaldakı siyasi mərkəzlər də mərkəzi dövlətin tərkibinə daxil edilməli idi.
Bəlx və Məzari-Şərif istiqamətində aparılan yürüşlərdən sonra Əfqan hakimiyyəti Əfqan Türküstanının digər siyasi mərkəzlərinə doğru irəliləyir. 1849–1850-ci illərdə baş verən hadisələr Sari-Pul üçün ciddi dönüş yaradır.
Bəlx, Xulm və Aqça istiqamətində mövqelərini möhkəmləndirən Dost Məhəmməd xan Şibirxan, Sari-Pul və Əndxoyun da öz hakimiyyətini tanımasına nail olur, bu, xanlığın tarixində yeni dövrün başlanğıcı idi, amma hələ son deyildi, çünki Sarı-Pulun siyasi həyatı bundan sonra da bir neçə dəfə dəyişəcəkdi.
Xanlığın süqutu
Tarixi hadisələri müəyyən bir tarixə bağlamaq rahatdır, məsələn, “Sari-Pul 1850-ci ildə fəth edildi” demək asandır amma tarix həmişə belə sadə olmur. Sari-Pulun siyasi tabeçiliyi mərhələli proses idi. Kabilin üstünlüyü qəbul edildikdən sonra da yerli xanların siyasi çəkisi tamamilə yox olmur, Əfqanıstandakı hakimiyyət dəyişiklikləri Sari-Pulda da öz əksini tapır.
Dost Məhəmməd xanın ölümündən sonra başlayan siyasi mübarizə vəziyyəti yenidən dəyişir. Şir Əli xanın hakimiyyət uğrunda mübarizəsi zamanı Əfqan Türküstanında yerli hakimlərin manevr imkanları artır. Sari-Pulda xan hakimiyyəti bir müddət yenidən güclənir, bu fakt özü çox əhəmiyyətlidir. Onun sosial dayaqları, yerli hakim ailələri və siyasi ənənəsi hələ yaşayırdı. Lakin bu, əvvəlki müstəqilliyin bərpası demək deyildi, artıq Kabil də əvvəlki Kabil deyildi.
Şir Əli xan və mərkəzləşmə
XIX əsrin ikinci yarısında Əfqanıstanın siyasi mənzərəsi dəyişirdi. Şir Əli xan mərkəzi hakimiyyəti möhkəmləndirmək istəyirdi. Bunun üçün isə yerli xanlıqların müstəqil hərəkət imkanlarının məhdudlaşdırılması vacib idi.
Sari-Pul, Şibirxan, Əndxoy və Maymana kimi siyasi mərkəzlər bu siyasətin qarşısında dayanırdı. Əvvəllər onların hər biri ayrı-ayrılıqda öz siyasi manevr imkanlarına malik idi. İndi isə qarşılarında mərkəzləşdirilmiş ordu və daha sistemli dövlət idarəçiliyi dayanırdı. Mübarizənin nəticəsi getdikcə aydınlaşırdı, xanlıqların dövrü başa çatırdı. Amma Sari-Pulun tarix səhnəsindən çəkilməsi yalnız daxili siyasi proseslərlə bağlı deyildi. Türküstanın şimalında başqa bir böyük qüvvə də irəliləyirdi, bu qüvvə Rusiya imperiyası idi.
“Böyük oyun”
XIX əsrdə Türküstanın siyasi xəritəsini dəyişdirən əsas proseslərdən biri Rusiya ilə Britaniya arasında gedən geosiyasi rəqabət idi. Rusiyanın Türküstanda cənuba doğru irəliləməsi Britaniya Hindistanının təhlükəsizliyi baxımından ciddi narahatlıq yaradırdı. Əfqanıstan bu iki imperiya arasında mühüm tampon məkanına çevrilmişdi. Belə şəraitdə Əfqan Türküstanının taleyi artıq yalnız yerli xanların qərarlarından asılı deyildi.
Xəritələr çəkilir, sərhədlər diplomatik danışıqlarda müəyyənləşdirilir, yerli xanlıqlar isə öz siyasi manevr imkanlarını getdikcə itirirdilər. 1873-cü ildə Britaniya və Rusiya arasında Əfqanıstanın şimal sərhədləri ilə bağlı əldə olunan razılaşmalar bu yeni siyasi reallığın mühüm mərhələlərindən biri olur. Sari-Pul artıq öz gələcəyini yalnız qonşu xanlıqlarla münasibətlər əsasında müəyyənləşdirə biləcək siyasi mərkəz deyildi, dövr dəyişmişdi. Sari-Pul xanlığının tarixində ən təsirli epizodlardan biri onun sonuncu xanının taleyidir.
Rus səyyahı və hərbi xadimi Nikolay Qrodekov 1878-ci ildə Əfqanıstana səfəri zamanı Sari-Pul haqqında yazarkən bildirirdi ki, Maymana Əfqanıstanla müharibə zamanı Sari-Pul və Şibirxanın yardımından istifadə etmişdi və buna görə bu xanlıqlar da tabe etdirilərək Şir Əli xanın hakimiyyətinə birləşdirilmişdi.
Qrodekov daha sonra sonuncu Sari-Pul xanının Məhəmməd olduğunu və həmin vaxt onun Kabildə əsir saxlanıldığını qeyd edirdi. Bir vaxtlar öz torpaqlarında hökmranlıq edən xan artıq öz xanlığında deyildi, o, Kabildə əsir idi, onun qalası, ordusu və siyasi hakimiyyəti geridə qalmışdı. Sari-Pul xanlığının tarixi isə artıq başqa dövlətin idarəçilik sistemi daxilində davam edirdi.
Sari-Pulun xanları
Sari-Pul xanlığının hökmdarlarının siyahısı ilə bağlı tarixşünaslıqda diqqətəlayiq problem var. Bir sıra mənbələr ardıcıllığı belə verir:
Zülfüqar xan, 1830–1838-ci illərdə hakimiyyətdə olub.
Mahmud xan, 1838–1850
Qılınc xan, 1851–1862
Fəiz Məhəmməd xan, 1863–1867
Hakim xan, 1867–1879
Mir Məhəmməd, 1879–1886
Lakin digər mənbələrdə tamamilə fərqli tarixlərə rast gəlirik. Məsələn, Zülfüqar Şir xanın hakimiyyəti təxminən 1800–1840, Mahmud xanın hakimiyyəti 1840–1851 kimi göstərilir. Daha sonrakı mərhələdə Məhəmməd xanın müxtəlif illərdə yenidən hakimiyyətə gəldiyi qeyd olunur.
Sari-Pulun qədim yaddaşı
Sarı-Pul adı daha qədim bir hadisə ilə də tarixə düşüb. 1501-ci ildə Məhəmməd Şeybani xanla Zahirəddin Məhəmməd Babur arasında Sari-Pul döyüşü baş verib. Bu döyüş Türküstanın siyasi tarixində mühüm hadisələrdən biri sayılır. Lakin burada mühüm fərq var: 1501-ci il Sari-Pul döyüşünü XVIII–XIX əsrlərdə mövcud olmuş Sari-Pul xanlığının yaranması ilə birbaşa eyniləşdirmək olmaz. Sadəcə, eyni coğrafi məkanın əsrlər boyu böyük siyasi qarşıdurmaların səhnəsi olması diqqətəlayiqdir.
Bu torpaqlar bir dəfə Baburla Şeybani xanın qarşılaşmasına şahid olmuşdu. Əsrlər sonra isə Sari-Pul xanları ilə Kabil hakimiyyəti arasında mübarizəyə şahidlik edəcəkdi. Tarix bəzən eyni məkanda müxtəlif nəsillərin taleyini təkrar yazır.
Sari-Pulun süqutu
Sari-Pul xanlığının tarixindən çıxan ən mühüm nəticə budur: onun süqutu yalnız hərbi məğlubiyyət deyildi, bu, siyasi sistemin dəyişməsi idi. Xanların yerli hakimiyyətini mərkəzi dövlət idarəçiliyi əvəz edirdi. Tayfa və ailə ittifaqlarına əsaslanan siyasi münasibətlər getdikcə dövlət institutlarının nəzarətinə keçirdi.
Əvvəllər bir xan qonşu xanla öz adına müqavilə bağlaya bilirdisə, mərkəzi hökumət indi onun qarşısında dayanımışdı. Əvvəllər bir qala siyasi hakimiyyətin dayağı idisə, indi mərkəzi ordunun və inzibati aparatın gücü daha mühüm idi.
Bu dəyişiklik təkcə Sari-Pulda baş vermirdi. Maymananın, Şibirxanın və Əndxoyun tarixində də eyni proses gedirdi, Əfqan Türküstanının xanlıqlar dövrü başa çatırdı.
Sari-Pulun yaddaşı bizə XIX əsrin Əfqan Türküstanında özbək siyasi hakimiyyətlərinin necə formalaşdığını, hansı şərtlər altında gücləndiyini və nə üçün tədricən mərkəzləşən Əfqan dövlətinin tərkibində əridiyini göstərir. Bu baxımdan Sari-Pul xanlığı tarix kitablarının kənarında qalan kiçik bir dövlət deyildi, o, Türküstanın xanlıqlar dövründən müasir dövlətlər dövrünə keçidinin kiçik, lakin olduqca canlı bir nümunəsidir. Və bəlkə də Sari-Pulun tarixindən bizə qalan ən mühüm sual budur: xanlıqlar niyə məğlub oldu?
Cavab yalnız qılıncın gücündə deyildi, siyasi dünya dəyişmişdi. Sari-Pul həmin dəyişən dünyanın içində öz müstəqil yerini qorumaq üçün artıq əvvəlki imkanlara malik deyildi.
Beləcə, bir xanlığın qapıları bağlanır, amma Sari-Pulun tarixi hələ də Əfqan Türküstanının yaddaşında yaşayır.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd