Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əfqanıstan hakimiyyəti BBC radiostansiyasının yayımını ölkə miqyasında dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya korporasiyasının bəyanatına istinadla “Times of India” qəzeti məlumat yayıb.
Məlumata görə, Əfqanıstanın İnformasiya və Mədəniyyət Nazirliyinin xüsusi nümayəndəsi Hubib Qufran BBC-nin fəaliyyətinin “təkrarlanan pozuntular səbəbindən” müvəqqəti olaraq dayandırıldığını bildirib.
Lakin o, bu pozuntuların hansılar olduğunu dəqiqləşdirməyib.
Yayımın dayandırılmasının səbəbləri rəsmi olaraq açıqlanmasa da, bəzi mənbələr bu qərarı qadın şəkillərinin dərc olunması və Budda heykəllərinin məhv edilməsi haqqında sənədli filmin yayımlanması ilə əlaqələndirirlər.
BBC Əfqanıstanda FM yayımlarının dayandırıldığını təsdiqləyib və vəziyyəti həll etmək üçün yerli hakimiyyət orqanları ilə danışıqlar apardığını bildirib.
“Əfqanıstanda milyonlarla insan dəqiq xəbər və məlumat üçün BBC-yə etibar edir və biz vəziyyəti həll etmək üçün hakimiyyət orqanları ilə işləyirik”, - BBC-nin mətbuat katibi bildirib.
BBC-nin məlumatına görə, Əfqanıstandakı radio auditoriyası 5,4 milyon nəfərə çatır ki, bu da ölkə əhalisinin 20%-ni təşkil edir. Korporasiya radio, veb sayt və peyk vasitəsilə puştu, dari və ingilis dillərində auditoriyaya xəbər və məlumat verməyə davam edəcəyini əlavə edib.