Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əfqanıstanda Taliban rəhbərliyi qadınların və qız uşaqlarının təhsilə çıxışını qadağan edən tətbiqi rəsmi və daimi dövlət siyasəti səviyyəsinə qaldırıb.
Qaynarinfo xəbər verir ki, hərəkatın hakimiyyətə gəlişindən sonra tətbiq etdiyi məhdudiyyətlər müvəqqəti tədbir olmaqdan çıxarılaraq idarəçilik modelinin əsas elementlərindən biri kimi təqdim olunur.
2,2 milyon qız uşağı təhsildən məhrum oldu
Beynəlxalq insan hüquqları və təhsil təşkilatları bildirir ki, bu qərarlardan sonra Əfqanıstan qız uşaqlarının ibtidai məktəbdən sonrakı təhsilə tam çıxışının olmadığı dünyadakı yeganə ölkə statusuna malikdir.
UNESCO-nun məlumatlarına görə, Taliban rəhbərliyinin təhsil siyasəti səbəbindən təxminən 2,2 milyon qız uşağı və gənc qadın orta və ali təhsil hüququndan məhrum edilib. Ölkədə qız uşaqları üçün təhsil altıncı sinifdən sonra tamamilə dayandırılır. Mütəxəssislər vurğulayırlar ki, bu vəziyyət təkcə fərdi hüquq pozuntusu deyil, eyni zamanda ölkənin uzunmüddətli sosial və iqtisadi strukturuna təsir edən sistemli problemdir.
Sosial bərabərsizlik dərinləşir
Talibanın Təhsil Nazirliyinin qərarlarına əsasən, qadınlar və qız uşaqları orta məktəb, lisey və universitet səviyyəsində təhsil ala bilmirlər. Təhsil sahəsindəki bu məhdudiyyətlərin iqtisadi inkişafı ləngitdiyi, səhiyyə xidmətlərində keyfiyyət itkisinə səbəb olduğu və sosial bərabərsizliyi daha da dərinləşdirdiyi qeyd olunur. UNICEF və "UN Women” tərəfindən yayımlanan hesabatlarda isə Əfqan cəmiyyətinin əhəmiyyətli hissəsinin qız uşaqlarının təhsilini dəstəklədiyi və qadağanın ləğvini tələb etdiyi bildirilir.
Eyni zamanda Taliban rəhbərliyi yeni cəza tənzimləmələri ilə Əfqan cəmiyyətini sosial statusa görə təsnif edən sistem formalaşdırıb. Qaydalar din alimləri, elita, orta təbəqə və aşağı təbəqə üçün fərqli cəza mexanizmləri nəzərdə tutur. Cinayətin xarakterindən asılı olaraq xəbərdarlıqdan həbsə və bədən cəzalarına qədər müxtəlif sanksiyalar tətbiq edilir. Hüquq mütəxəssisləri bu yanaşmanın qanun qarşısında bərabərlik prinsipini pozduğunu bildirirlər.
"Köləlik leqallaşdırılıb"
Taliban rəhbərliyi təhsil qadağası ilə yanaşı, ölkə üzrə tətbiq olunacaq yeni cəza prosedurlarını da ictimaiyyətə açıqlayıb. AFP-nin yaydığı məlumatlara görə, yeni tənzimləmələrdə köləlik açıq şəkildə tərif edilərək cəza hüququnun bir hissəsinə çevrilib. Mətnə köləliklə bağlı müddəalar ətraflı daxil edilib və bu praktikanın hüquqi çərçivəsi Taliban qanunları ilə müəyyənləşdirilib.
Yeni sənəddə "ağa” və "kölə” ifadələrinin tez-tez istifadə olunduğu, kölənin cəzalandırılması səlahiyyətinin isə birbaşa ağaya məxsus olduğu qeyd edilir. Bu yanaşma beynəlxalq hüquqda qadağan edilmiş köləliyin legitimləşdirilməsi kimi qiymətləndirilir. İnsan hüquqları təşkilatları bunun əsas insan ləyaqəti prinsiplərinə zidd olduğunu vurğulayırlar.
"Üsyançılara ölüm cəzası"
Yeni cəza sistemində müxaliflərə dair müddəalar da diqqət çəkir. Taliban məhkəmələrinə "üsyançı” kimi tanınan şəxslərə ölüm cəzası vermək səlahiyyəti tanınır. Müxalif fəaliyyətlərə şahid olub məlumat verməyən şəxslər üçün isə həbs cəzası nəzərdə tutulur. Bundan əlavə, "günaha şahidlik edilməsi” hallarında vətəndaşlara müdaxilə və cəzalandırma səlahiyyətinin verilməsi beynəlxalq dairələrdə mübahisə doğurub.
Rəqs etmək və izləmək qadağandır
Cəza qanunvericiliyində rəqs etməyin və izləməyin qadağan olunması, "əxlaqsız məkanlar” anlayışının qeyri-müəyyənliyi, sümük sınığına səbəb olmayan zorakılığın cəzalandırılmaması və məzhəb dəyişdirmənin cinayət sayılması da yer alır. Qohum olmayan qadın və kişinin birlikdə olması da cinayət tərkibli əməl kimi qiymətləndirilir.
Beynəlxalq ekspertlər Talibanın bu tənzimləmələrinin insan hüquqları, əsas azadlıqlar və ədalətli məhkəmə prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirirlər. Buna baxmayaraq, Taliban rəhbərliyi 2021-ci ildə ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu siyasətləri ölkə üzrə tətbiq etməkdə davam edir. Qəbul edilən qərarlar Əfqanıstanda təhsil və insan hüquqları sahəsindəki vəziyyətin beynəlxalq gündəmdə qalmasına səbəb olur.
Aydın