525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elə insanlar var ki, onları görməsən, tanımasan da, sözlərindən, yazdıqları fikirlərindən necə olduqlarını anlayırsan. Bir dəfə müharibə mövzusunda yazdığım statusun altından Şamil Əliyevin yazdığı cümlələr diqqətimi çəkdi. “Vətən, torpaq o qədər şirindi, o qədər əzizdi ki, onun yolunda nəyin varsa, kimin varsa, qurban verirsən. Vətən torpağı darda olanda, düşmən tapdağında qalanda heç düşünmədən, kimsənin məsləhətinə baxmadan, geriyə dönmədən onu azad etməyə, qorumağa gedirsən və bunu özünə şərəf sanırsan. Qarabağ hadisələri başlayanda dörd qızımı, yeganə oğlumu arxada qoyub geriyə baxmadan müdafiə dəstəsinə qoşuldum. Fikirləşdim ki, bu dörd qıza, yeganə oğluma Vətənsiz heç nə lazım deyil. İnsan torpaqsız heç kimdi. İstər şah olsun, istər nökər. Mənim qızlarımın şanı da, şöhrəti də, əvəzsiz cehizləri də onların azad ölkədə yaşamalarıdı. Onlar ancaq bunla fəxr edə bilərlər, bununla ucalarlar. O zaman başlarını dik tuta bilərlər, qürur duyarlar. Ölərəmsə şəhid atalarıyla, yaralanaramsa qazi atalarıyla, sağ-salamat dönərəmsə də müharibə iştirakçısı atalarıyla fəxr edərlər. Əsarətdə, kiminsə işğalı altında yaşamaq mənim övladlarım üçün baş alçaqlığıdı...”
Bu, bir qazi sözüydü, müharibə iştirakçısının qəlbindən keçənlər idi, sətirlərə tökülmüşdü. Belə atayla övladları ancaq fəxr edə bilərdilər...
Fikirləşirdim ki, nə bəxtəvər qızlardı onlar...
Vətən aşiqinin, illər əvvəl silah götürüb Qarabağ torpağında vuruşan bir əsgərin düşündükləriydi oxuduqlarım. Günlərcə onun ürəyindən keçənlər məni çox düşündürdü. Beləliklə, onu tanımaq istədim. Hər zamankı kimi bir Vətən aşiqini dinləmək, düşüncələrini bilmək fikirinə düşdüm...
O, qarabağlı deyil. Biləsuvar rayonunda dünyaya göz açıb. 1956-cı ildə, Ağalı kəndində...
Bütün uşaqlar, oğlanlar kimi müxtəlif arzularla böyümüş, müxtəlif istəklərlə məktəbi başa vurmuşdu. Çətinliklərlə qarşılaşmışdı. Şirinli, acılı günlər yaşamışdı. Onu fərqləndirən çox özəl bir fərqliliyi var ancaq. Özünün dediklərindən, özünün arzularından savayı heç kimin dediklərini dinləməmişdi, sənət seçimində də, gələcək yolunu yüyürməkdə də... Güclü xarakter sahibi olduğunu bu günə qədər də sürdürür. Bəlkə də bunlar da babası Kərbalayı Musaxanın nəslindən olduğundan irəli gəlib. Çünki babası Kərbalayı Musaxan imkanlı olduğuna görə yetimxanalarda olan, imkanı olmayan uşaqlara Bakı Dövlət Universitetində təhsil almağına kömək edib. Onların bütün xərclərini ödəyib. “Gərək, mənim ölkəmdə təhsilsiz uşaq olmasın” deyib. Təhsilsiz bir ölkədə inkişaf olmaz. Bizim hamımız savadsızlığı aradan qaldırmaqda əlimizdən gələni əsirgəməyək. Həmişə ağılılar, müdrüklər, başbilənlər belə düşünürlər...
Orta məktəbi bitirdikdən sonra Bakıya üz tutan Şamil Əliyev rəssamlıq məktəbinə daxil olur. Bakı həyatı, gəncliyinin qızıl dövru onu daha da irəlilərə aparıb. Yeni-yeni dostlarla, dünyagörüşü yüksək olan gənclərlə qarşılaşdırıb, birləşdirib...
Elə həmin illərdə eyni həyətdə kirayə qalan qıza vurulub. Ömür-gün yoldaşıyla görüşüb. Bir-birilərini Leyli-Məcnun kimi seviblər. Hər iki tərəfin narazılığına baxmayaraq evləniblər. Öz toylarını özləri ediblər. Şamil öz ailəsinin arxasında həmişə mətanətlə dayanıb. “Əgər bir sözü vermisənsə, birinin taleyini öz taleyinə birləşdirmisənsə, sonuna qədər ona sahib çıxacaqsan, arxasında duracaqsan, heç kimə möhtac etməyəcəksən. Bu bir insan kimi, bir kişi kimi mənim borcumdu. Sənə verdiyi sözə xəyanət etməyən bir qadını baş tacı etmək lazımdı. Əslində, məndən çox o mənim arxamda durub. Mən cəbhədə olanda beş övladıma sahib çıxıb, onları heç kimə möhtac etməyib. İşləyib, övladlarımızı böyüdüb. Müharibədən yaralı döndüyüm həmin gündən mənə hər cür kömək edir. Bəlkə də o qədər yaralardan sonra məni indiyə qədər yaşadan başlıca səbəb elə budu...”
Evləndikdən sonra çətinliklərlə üzləşən Şamil Əliyev rəssamlıq sevdasından vaz keçib. “Ailəmi dolandırmaq üçün fabrikdə işləməli oldum. Bu, mənim borcumdu. Hər iki tərəf bizdən üz döndərmişdi. Mənim buna çox ehtiyacım vardı. Elə orda, fabrikdə də içtimai işlərdə fəallıq göstərirdim...
Azadlığımızın ilk günlərindən meydanlara yığışanlar arasında ən birincilərdən olub Şamil Əliyev. Dostları, tanışlarıyla, azadlıq sevər insanlarla birlikdə gecə-gündüz Azadlıq meydanına toplaşıblar. “Mənim üçün azadlıqdan, Vətənimin müstəqilliyindən qiymətli heç nə yoxdu. Mən bunu həmişə deyirəm. Axı, Azərbaycan böyük bir ölkədi, bunu unutmaq olmaz. Həmin günlərdə biz nə yorulurduq, nə də öz dediyimizdən dönürdük. Bizə olunan haqsızlıqları düşündükcə sanki güclənirdik. Mümkün olsaydı, əlavə bir can da satın alardıq...”
Bəli, Vətəninin azdlığını sevənlər, onun uğrunda canını qurban verənlər tarix boyu hörmətə, alqışa layiq olublar. Heç bir çətinlikdən, işgəncədən qorxmayıblar. Şəhadətə yüksəlməyi özlərinə şərəf biliblər. Vətən sevdalıları belədi, mərd və qorxmaz...
Qarabağ hadisələri başlayanda Şamil müdafiə batalyonuna birinci qoşulanlardandı. Şuşaya könüllü gedən 120 nəfərin arasında Şamil Əliyev də olub. 864-cü əfsanəvi batalyonun qəhraman döyüşçüsü kimi yadda qalıb. "Çox şəhidlər verdik Şuşada. Ən çox da məni ağrıdan komandirimiz qorxmaz döyüşçü Tofiq Oğuzun itkin düşməsiydi...”
O heç vaxt kimsəyə müsahibə verməyib. Özündən, döyüş həyatından, göstərdiyi igidliklərdən danışmayıb. Sözləri, cümlələri zorla alırdım ondan. Yazmaq nəyə lazımdı ki, deyirdi. Biz borcumuzu verdik Vətən yolunda. Torpaqlarımızın işğal altında qalması mənim üçün ölümdən artıq olardı. O döyüşlərə qatılmasaydım bunu heç zaman özümə bağşlamazdım. Tanışlar o zaman məni çox qınadı. "Bu qədər uşağı qoyub cəbhyə getməyin ağılsızlıqdı" deyənlər də oldu. Mən deyilənlərlə razılaşmırdım. Deyirdim ki, getməsəm, sonra, uşaqlarımın ağlı kəsəndə bunu mənə bağışlamazlar. Çətinliklərdən qorxmaq doğru deyil, onlarla qarşılaşmaq lazımdı. İstədim, elə övladlarım da bunu görsünlər, onlar da belə böyüsünlər...
1992-ci ildə Ağdərə uğurunda gedən ağır döyüşlərdə Şamil Əliyev ağır yaralanır. Ayağından, qolundan, başından yaralanan qazi təəssüflənir bunları danışanda. Kaş ki, yaralanmayaydım. Kaş ki, döyüş yoldaşlarımla sona qədər gedəydim. Hətta, sonuncu şəhid mən olaydım...
Müsahibim sözlərini başa düşürəm: “Bilirsiniz, şəhidlər bir dəfə ölür. Amma, biz, o döyüşləri görənlər, döyüş yoldaşlarını itirirənlər hər gün ölüb-dirilirik. Yaralarımız, gözümüzün qarşısından getməyən ağır səhnələr bizi sakit buraxmır. Yaralarımız qaysaqlasa da, tez-tez qanayır...”
İkinci Qarabağ müharibəsinə qatılmaq üçün qazi Şamil Əliyev çox çalışır. Çox idarələrə baş vurur. Yenidən cəbhəyə getmək sevdasına düşür. Həm də tək yox, köhnə döyüş dostlarıyla. Yaralarının buna imkan vermədiyini desələr də, istəyindən dönmək istəmir. Sonra isə ona gözləməsini deyirlər. Başqa əlacı qalmır...
Söhbətimizin sonunda təəssüflə deyir ki, bizə sıra gəlmədi. Gəlsəydi, yenə o imansızların dərsini verərdik. Görünür, indiki təhsilli hərbçilərimiz, cəsur əsgərlərimiz, basılmaz ordumuz lazım olanı etdilər. Bizə, yaşlı döyüşçülərə ehtiyac qalmadı...
Demək istəyirəm ki, Şamil bəy, bu qələbədə, bu uğurda sizin kimi yüzlərlə Qarabağda döyüşənlərin, qazilərinin, müharibə veteranlarının öz payı var. Şanlı ordumuz qoymadı ki, sizin açdığınız cığırları ot bassın. Sizin istəklərinizi, bütün Azərbaycan xalqının arzularını yerinə yetirdilər. Şahadətə ucalan şəhidlərimiz öz qanları, canları bahasına torpaqlarımızı azad etdilər. Təəssüflənməyin, etdikləriniz sizlərin adlarını tarixə yazdı, əfsanələşdirdi... Gələcək nəsillər həmişə sizləri hörmətlə, ehtiramla anacaqlar...