Əgər qlobal kriptovalyuta formalaşarsa, bu... AÇIQLAMA

12.11.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Hazırda dünyanı düşündürən ən ciddi məsələlərdən biri, rəqəmsal və bütövlükdə bütün dünyanı əhatə edəcək qlobal kriptovalyutanın, yəni vahid, rəqəmsal əsaslı valyutanın istifadəsidir. Bu prosesin ictimai və iqtisadi baxımdan bir sıra problemlər yarada biləcəyi istisna deyil".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, əgər qlobal rəqəmsal valyuta formalaşarsa, dövlətlərin pul siyasətini idarə etmək imkanları xeyli zəifləyə bilər:
"Bu halda mərkəzi banklar öz funksionallığını itirə, nəticədə qlobal maliyyə asılılığı yarana bilər. Bununla yanaşı, texnoloji platformalardan asılı iqtisadiyyatlar formalaşacaq ki, bu da xüsusilə kiçik və inkişaf etməkdə olan dövlətlər üçün ciddi təhlükələr doğura bilər. Belə bir vəziyyətdə vergidən yayınma, kölgə iqtisadiyyatının genişlənməsi və cinayət yolu ilə əldə edilən pulların yığılması kimi risklər də arta bilər. Rəqəmsal və kriptovalyuta platformalarının qloballaşması, texnoloji imkanları məhdud olan ölkələrin dünya iqtisadi proseslərindən kənarda qalmasına, eləcə də sürətli qiymət dalğalanmaları və sabitlik böhranlarına səbəb ola bilər".
Ekspert bildirib ki, əgər qlobal kriptovalyuta formalaşarsa, bu, rəqəmsal mərkəzi bankların yaradılmasını zəruri edəcək:
"Bu prosesə əvvəlcədən hazır olan ölkələr yeni mərhələyə daha asan və daha az zərərlə keçid edə biləcəklər. Lakin rəqəmsallaşmış bank sistemi qura bilməyən dövlətlər zəifləyəcək, nəticədə asılı və idarə olunan sistemlərin təsiri altına düşəcəklər. Bu mənada qlobal kriptovalyutanın yaranması dövlətlərin suverenliyini təhdid edən, sosial bərabərliyi və maliyyə sabitliyini pozan mühüm məsələdir. Buna görə də dövlətlər rəqəmsal bankçılığa keçid üçün ciddi investisiyalar ayırmalı, peşəkar kadr bazası formalaşdırmalıdır".
Onun sözlərinə görə, bu proses gec-tez baş verəcək:
"Yaxın 20–40 il ərzində rəqəmsal bankçılığa mərhələli keçid reallaşacaq. Hansı ölkələr indidən bu istiqamətdə addımlar atır və investisiyalar yatırırsa, onlar dövlət suverenliyini və maliyyə sabitliyini qoruyub saxlaya biləcəklər. Əks halda, bu sahədə geri qalan ölkələr qlobal güclərin təsiri altına düşərək, həm suverenliklərini, həm maliyyə azadlıqlarını, həm də maliyyə idarəetmə imkanlarını itirə bilərlər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью