Olke.az saytına istinadən Icma.az xəbər verir.
Bəs hazırda ölkədə epidemioloji vəziyyət necədir?
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycan ərazisində virus infeksiyalarına yoluxma hallarının nəzərəçarpacaq artımı müşahidə olunmur.
Qeyd olunub ki, hər hansı mövsümi virus ştamının geniş yayılması və digər viruslarla müqayisədə üstünlük təşkil etməsi müəyyən edilməyib:
"Bu səbəbdən əhali arasında müşahidə olunan ayrı-ayrı virus infeksiyası hallarını ümumilikdə koronavirus infeksiyası ilə əlaqələndirmək üçün heç bir əsas yoxdur.
Hazırda ölkədə COVID-19-a qarşı kütləvi vaksinasiya mərhələsi başa çatıb. Sözügedən proses əsasən əvvəlki illərdə həyata keçirilib. Əhalinin böyük hissəsində koronavirusa qarşı stabil immunitet formalaşdığından COVID-19 infeksiyası hazırda mövsümi respirator viruslar səviyyəsində qiymətləndirilir və xüsusi epidemioloji təhlükə yaratmır".
Mərkəzdən vurğulanıb ki, epidemioloji vəziyyətin daimi qiymətləndirilməsi və mümkün yoluxucu xəstəliklərin vaxtında müəyyən edilməsi məqsədilə müvafiq nəzarət və monitorinq tədbirləri sistemli şəkildə davam etdirilir:
"Vətəndaşlara xüsusilə mövsümi respirator xəstəliklərin yayıldığı dövrlərdə şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə digər insanlarla təması məhdudlaşdırmaq və zərurət yarandıqda dərhal tibb müəssisəsinə müraciət etmək tövsiyə olunur".
Həmidə İbrahimova