Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq bir neçə aydır ki, paytaxt sakinləri arasında qrip və uzunmüddətli soyuqdəymə əlamətləri geniş yayılıb. Müşahidələr göstərir ki, insanlar tez-tez yorğunluq, yüksək hərarət və digər qrip simptomlarından şikayətlənirlər. Həkimlərə müraciət edənlərin sayı artmaqda davam edir və şəhərin müxtəlif rayonlarında xəstəlik hallarının artdığı görünür. Sakinlər və valideynlər xüsusilə uşaqların və yaşlıların tez-tez xəstələnməsindən narahatdır. Hazırda paytaxtda qripin uzun müddət müşahidə olunması ictimaiyyətdə ciddi narahatlıq doğurur.
Bununla bağlı həkim-infeksionist Mərdan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, insanların respirator virus infeksiyaları, ümumi əlamətlərlə müşahidə olunur. Boğaz ağrısı, burun axması, burun tutulması, öskürək, bədən temperaturunun yüksəlməsi, oynaq və əzələ ağrıları və s:
“Bunlar ümumi xəstəliklər qrupuna daxildir. Respirator virus infeksiyaları, yəni tənəffüs yollarının kəskin xəstəlikləri, 200-ə qədər virus tərəfindən törədilir və müxtəlif formalarda müşahidə olunur. Bu xəstəliklər çox yüngül formadan tutmuş ağır formalaradək davam edə bilər. Bu virusların içində qrip virusu, yəni influenza da var. El arasında hamısına qrip deyilsə də, influenza yüksək temperatur, əzələ ağrıları və uzun müddət davam edən əlamətlərlə özünü göstərir. Uzun müddət dedikdə, qulluqdan asılı olaraq xəstəliyin 1 həftədən 10 günə qədər davam edə bilir. Payız-qış mövsümündə bu xəstəliklər daha çox yayılır və xüsusən dekabr-yanvar aylarında pik nöqtəyə çatır. Bundan sonra yavaş-yavaş xəstələnmə hallarının azalması müşahidə olunur. Hazırda respirator virus infeksiyalarının sayında artım müşahidə olunur. Bunun əsas səbəbi insanların kollektiv şəkildə işləməsi və yaşamasıdır. Xəstəliklər daha çox uşaqlar arasında yayılır. Məktəblərdə və bağçalarda uşaqlar arasında sürətlə yayılan infeksiya, valideynlərə də yoluxur, onlar isə iş yerlərində başqalarına yoluxdurur. Xüsusilə aktiv əhali qrupu bu xəstəliklərə daha çox yoluxur”.
Nurcan Babək
Oxunub 48