ƏHALİ HANSI DÖVLƏT QURUMLARINDAN VƏ NƏLƏRDƏN NARAZIDIR? Statistika AÇIQLANDI + SİYAHI

03.02.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Ombudsmanın “916” Çağrı Mərkəzinə daxil olan müraciətlərin statistikası yayılıb.

"AzPolitika" xəbər verir ki, Ombudsman Aparatına istinadən yaydığı məlumata görə, ötən il çağrı mərkəzinə daxil olan müraciətlər arasında kommunal problemlərlə bağlı şikayətlər üstünlük təşkil edib.

Belə ki, bu istiqamətdə 1172 müraciət qeydə alınıb. Kommunal məsələlərdən cüzi fərqlə geri qalan ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərin sayı isə 1171 olub.

İlk onluqda yer alan digər müraciətlər arasında müayinə və müalicə məsələləri (755), Dövlət Yol Polisinin fəaliyyəti (712), qeyri-obyektiv təhqiqat və istintaq halları (702), məhkəmə qərarlarının icra olunmaması (627), əlilliyin müəyyən edilməsi (616), müraciətlərin qeydə alınmaması (602), aliment məsələləri (602) və məşğulluq problemləri (599) yer alıb.

Statistik göstəricilər eyni zamanda ən az müraciət daxil olan sahələri də ortaya qoyur. Belə ki, miqrasiya məsələləri üzrə 46, uşaq zorakılığı ilə bağlı 37, gömrük məsələləri üzrə 31, məhkəmə qərarının verilməməsi ilə bağlı 22, cinsi zorakılıq mövzusu üzrə isə cəmi 13 müraciət qeydə alınıb.

Bununla yanaşı, 2025-ci il ərzində Ombudsmanın “916” Çağrı Mərkəzinə edilən müraciətlərin dövlət orqanları üzrə bölgüsü də açıqlanıb. Ən çox şikayət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı olub. Belə ki, qurumla əlaqədar il ərzində 2602 zəng daxil olub. İkinci sırada ədliyyə orqanları yer alır. 2025-ci ildə bu qurumlarla bağlı Ombudsmanın çağrı mərkəzinə 2272 müraciət daxil olub. Daxili İşlər Nazirliyi ilə bağlı şikayət zənglərinin sayı 1882 təşkil edib.

Statistikaya əsasən, TƏBİB-dən şikayətlərin sayı 750, Elm və Təhsil Nazirliyi ilə bağlı müraciətlərin sayı isə 686 olub. Daha çox şikayət edilən qurumlar sırasında prokurorluq orqanları da yer alır. Belə ki, ötən il prokurorluq orqanları ilə bağlı Ombudsmanın çağrı mərkəzinə 650 zəng daxil olub.

Hüquqşünas Əkrəm Həsənov “AzPolitika”-ya şərhində bildirib ki, prinsip etibarilə Ombudsman institutu vətəndaşları dövlət qurumlarının özbaşınalığından qorumaq, onların hüquqlarını müdafiə etmək üçün fəaliyyət göstərir. O, qeyd edib ki, bu baxımdan dövlət orqanlarından edilən şikayətlərin çoxluğu başadüşüləndir.

Ə. Həsənovun sözlərinə görə, bu vəziyyət Azərbaycanda qanunçuluğun səviyyəsinin yetərli olmadığını göstərir:“Ölkədə İnsan hüquqları kobud şəkildə pozulur. Əgər normal məhkəmə sistemi olsaydı, bu qədər hüquq pozuntusu qeydə alınmazdı və vətəndaşların hüquqları daha effektiv şəkildə qorunardı. Təəssüf ki, hazırkı mərhələdə bu sahədə ciddi problemlər mövcuddur”.

E. Bəyməmmədli

"AzPolitika.info" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью