Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Yaxın Şərqdə böyük müharibə qlobal neft böhranına gətirib çıxara bilər.
ABŞ-İsrail və İran arasında qarşılıqlı hücumların intensivləşməsi və bunun bütöv bir regionu əhatə etməsi fonunda Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramco" və Qətər neft istehsalını dayndırıb. Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də neft istehsalını dayandırmağa hazırlaşır. Hörmüz boğazından keçməyə çalışan neft tankerləri də İran tərəfindən vurulmaqdadır.
Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, hazırki vəziyyətdə qlobal neft böhranın baş verməsi ehtimalları artmaqdadır:
“İndiki şərtlər daxilində müvafiq istiqamətlərdə ciddi proqnozlaşdırma aparmaq imkanları kifayət qədər məhduddur. Yəni hadisələrin hansı formada inkişaf edəcəyini görmək çətindir. Lakin son bir neçə gündə baş verənlər onu deməyə əsas verir ki, hazırda münaqişənin genişlənməsi istiqamətində meyillər var.
Tehran müharibənin eskalasiyasında daha çox maraqlı görünən tərəfdir. Hazırda dünya bazarında əsas neft təchizatı ilə məşğul olan ölkələr - Küveyt, Qətər, Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləmiş Ərəb Əmirlikləri bu müharibəyə cəlb olunmağa çalışırlar.
Digər tərəfdən, Hörmüz boğazının bağlanması və Ərəb yarmadası ətrafında nəqliyyat daşınmaları infrastrukturunun risk altında olması, o cümlədən, Qırmızı dənizdə Tehrana bağlı olan Husilərin hücum təhlükələri – bütün bunlar qlobal neft təchizatı prosesində gecikmələrə və azalmalara gətirib çıxara bilər.
Təbii ki, bir sıra alternativ mənbələr hesabına bunu kompensasiya etmək mümkün ola bilər. Xüsusilə, bu prosesdə ABŞ Venesuelanın neft resurslarından istifadə etməyə çalışacaq, amma bu da qısamüddətli dövr ərzində effekt verə biləcək yanaşma deyil. Buna görə də hazırki vəziyyətdə qlobal neft böhranın baş verməsi ehtimalları artmaqdadır.
Belə olan halda dünya iqtisadiyyatının ciddi inflyasiya riskləri ilə üzləşməsi istisna deyil. Bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatları bu istiqamətdə təzyiqlərlə üzləşəcəksə, bu, qlobal iqtisadi böhrana səbəb olacaq”.
Ekspertin sözlərinə görə, indiki halda neft qiymətlərini proqnozlaşdırmaq o qədər də asan deyil. “Düzdür, bugünlərdə artıq bir sıra beynəlxalq maliyyə institutları bir barel neftin qiymətinin 100 dollar olacağı ilə bağlı proqnozlar verirlər.
Burada əsas məsələ qiymətin hansı səviyyələri test edəcəyi deyil, məsələ qiymətin hansı səviyyələrdə dayanacağıdır. Qiymətin davam etmək müddəti burada həlledici rol oynayacaq. Bu məqam xüsusilə diqqətdə saxlanılmalıdır". R.Həsənov bunu da vurğulayıb: “Burada aydın olan məsələ var.
Bu, baş verən proseslərin neft tədarükü zəncirində və neft hasilatı prosesində pozulma hallarının çoxalmasına, qiymət artımlarına gətirib çıxarması və bu artımların da inflyasiyanı tətikləməsi, inflyasiyanın güclənməsi fonunda dünya əhalisinin yoxsulluq risklərinin artması istiqamətində çağırışlar formalaşdırır”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Açar sözlər: neft Rəşad Həsənov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin