Əhalinin əmanətlərində yeni rekord: Manata etibar artıb

26.11.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı ilin ilk 10 ayında Azərbaycan əhalisinin banklardakı əmanətlərinin həcmi təxminən 15 % artaraq 18,7 milyard manata yüksəlib.

Bu, ölkənin bank sektorunda əhali əmanətləri üzrə tarixi rekord göstəricidir.

Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunun aktivləri 14 %-dən çox artaraq 65 milyard manatı ötüb.

Eyni dövrdə kredit portfelinin həcmi 14 % artaraq 34 milyard manatdan çox olub. 

Bankların biznes kreditləri üzrə portfeli isə ilin əvvəlindən 17 % artaraq 19 milyard manata yaxınlaşıb.

Əliyar Məmmədyarov qeyd edib ki, son illərdə bank sektorunda unikal əmanətçilərin sayında da əhəmiyyətli artım qeydə alınıb.

Belə ki, 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 min nəfəri ötüb.

AMB sədrinin birinci müavini əhalinin bank əmanətlərində dedollarlaşma meyilinin davam etdiyini də vurğulayıb. Hazırda əhalinin əmanətlərinin yalnız 28 %-i xarici valyutada saxlanılır.

Vətəndaşların pullarını banklarda saxlamağa üstünlük verməsində əmanətlər üzrə yüksək faiz dərəcələri nə dərəcədə rol oynayır, yoxsa bu, daha çox manatın məzənnəsinə və bank sisteminə olan etimadla bağlıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, əhalinin banklardakı əmanətlərinin artmasını yalnız faiz gəlirləri ilə izah etmək düzgün olmaz:

“Burada bir neçə amilin təsiri var. İlk növbədə, bankların manatla əmanətlər üzrə təklif etdiyi faiz dərəcələri və bu gəlirlərin müəyyən həddə qədər vergidən azad olması vətəndaşlar üçün bankda pul saxlamağı cəlbedici edir. 

İnsanlar vəsaitlərini evdə nağd şəkildə saxlamaq əvəzinə, müəyyən gəlir əldə etmək və pullarını təhlükəsiz qorumaq məqsədilə banklara yerləşdirirlər. Xüsusilə manatla əmanətlər üzrə faiz gəlirlərinin inflyasiyanı müəyyən qədər kompensasiya etməsi bu seçimə marağı artırır. 

Digər mühüm amil manatın məzənnəsinə olan etimaddır. Məzənnənin uzun müddətdir sabit qalması əhalinin yığımlarını milli valyutada saxlamaqla bağlı riskləri daha az hiss etməsinə səbəb olur”. 

Onun sözlərinə görə, əmanətlərin yalnız 28 faizinin xarici valyutada olması da manatla yığımlara marağın artdığını göstərir:

“Əgər insanlar manatın yaxın perspektivdə ciddi dəyər itirəcəyini gözləsəydilər, yığımlarını dollar və digər xarici valyutalara çevirməyə daha çox meyil göstərə bilərdilər.

Bu baxımdan dedollarlaşma bank sektoruna və milli valyutaya etimadın müəyyən göstəricisi kimi qiymətləndirilə bilər.

Bununla yanaşı, əmanətlərin artmasında əhalinin gəlirlərinin yüksəlməsi, pul köçürmələri, sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitlər, eləcə də istehlak xərclərinin bir hissəsinin məhdudlaşdırılması da rol oynaya bilər.

İnsanların bank xidmətlərinə çıxış imkanlarının genişlənməsi, rəqəmsal bankçılığın inkişafı və əmanət yerləşdirmə prosesinin asanlaşması da bu tendensiyanı dəstəkləyir”.

Ekspert qeyd edib ki, lakin əmanətlərin rekord həddə çatması əhalinin bütün təbəqələrinin maddi vəziyyətinin yaxşılaşması demək deyil:

“Banklarda yığılan vəsaitlərin böyük hissəsi daha yüksək gəlirli əhali qruplarının əlində cəmləşə bilər.

Buna görə əmanət artımını həm bank sektoruna etimadın, həm manatın sabitliyinə inamın, həm də müəyyən əhali qruplarında yığım imkanlarının genişlənməsinin nəticəsi kimi qiymətləndirmək daha doğru olar”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: əmanətlər Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью