Əhalinin gəlirləri qiymət artımını tam kompensasiya etmir, buna görə kreditlərin ödənilməsi çətinləşir

04.09.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda əhalinin banklara olan borcu artır və bununla yanaşı, vaxtı keçmiş kreditlərin həcmi də böyüməkdədir. 2025-ci il avqustun 1-nə olan məlumata görə, problemli kreditlərin məbləği 529,4 milyon manat təşkil edib. Bu, ilin əvvəlinə nisbətən 17,9 faiz və ya 80,3 milyon manat çoxdur. Son bir ildə isə artım 16,7 faiz - 75,7 milyon manat olub.Bu borc artır? Bu borcun artması iqtisadiyyatın büdrəməsindən xəbər verir, yoxsa necə adlandıraq? Əhalinin borc qaytarma səviyyəsi necədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, problemli kreditlər (vaxtı keçmiş borcların) 2025-ci ilin əvvəlindən bəri 17,9% artıb. Son 1 ildə isə artım 16,7% olub. Bu, kifayət qədər sürətli artım tempidir.

Bu tendensiyanin səbəbi inflyasiya və real gəlirlərin azalmasıdır. Əhalinin gəlirləri qiymət artımını tam kompensasiya etmir, buna görə kreditlərin ödənilməsi çətinləşir.

Akif Nəsirli

İqtisadçı bildirib ki, istehlak kreditləri geniş yayılmaqdadır, son illər banklar daha çox istehlak və nağd kreditlər verirlər, bu da riskləri böyüdür.

Akif Nəsirlinin sözlərinə görə, dollar krediti problemi azalsa da, hələ də bəzi hallarda valyuta riskləri qalır: “Faizlərin yüksək olması da problemlərdən biridir. Çünki yüksək faizli kreditin qaytarılması çətinləşdikdə, ödəniş gecikir. Bu artım birbaşa iqtisadi böhran demək deyil, amma iqtisadiyyatda borc yükünün ağırlaşmasının göstəricisidir. Yəni “büdrəmə” yox, əhalinin maliyyə dayanıqlığının zəifləməsi adlandırmaq olar”.

Akif Nəsirli qeyd edib ki, Azərbaycan bank sektorunda ümumi kredit portfelində problemli kreditlərin payı hazırda təxminən 3-4% civarındadır və bu göstərici beynəlxalq standartlarda orta riskli hesab olunur (məsələn, bəzi inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 7–10% olur), amma artım tendensiyası göstərir ki, əgər əhalinin gəlirləri sürətli artmasa, bu faiz yüksələ bilər.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью