Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Qazaxıstanda böyük şəhərlərdən və əhalisi çox olan bölgələrdən könüllü olaraq işçi qüvvəsinin çatışmazlığı olan ərazilərə köçənlərə pul veriləcək.
Hökumət ödənişlərin verilməsi qaydalarını təsdiqləyib. Hökumət proqramında köçmə və kommunal xərclərin ödənilməsi, şirkət mənzilinin verilməsi və ya kirayə xərclərinin ödənilməsi, peşə təlimini və biznesin qurulmasında kömək nəzərdə tutulur. Köçürülənlər, həmçinin mənzil sertifikatı almaq hüququna malikdirlər. Proqram iştirakçılarını işə götürən işəgötürənlər subsidiyalar almaq hüququna malik olacaqlar. Əmr 2027-ci ildə qüvvəyə minəcək.
Qeyd edək ki, ölkəmizdə də bölgələrdə yaşayan əhalinin sayının azalması, bir çox vətəndaşların paytaxta üz tutması ilə bağlı problemlərə dəfələrlə toxunulmasına baxmayaraq, məsələ aktual olaraq qalır. Hətta bölgələrdə yaranmış vəziyyətə Milli Məclisdə də dəfələrlə toxunulmasına baxmayaraq, problem öz həllini tapmır. Millət vəkili Zahid Oruc Milli Məclisdə bölgələrdəki problemlərə toxunaraq bildirib ki, poçt, rabitə, tibb məntəqələri və digər sahələrin optimallaşdırılması son nəticədə kənd məktəblərində təhsilin vəziyyətinə birbaşa təsir edir:
“Nəticədə şagird sayının azalması məktəblərin bağlanması təhlükəsini yaradır. Həqiqətən, şəhərlə kənd arasında mütənasibliyin qorunması və əhalinin coğrafi paylanması baxımından hökumət maksimum dərəcədə çalışmalıdır ki, kəndlərdə yaşayan insanların mənafeləri dövlət siyasətində ön yerə qoyulsun”.
Millət vəkili Razi Nurullayev isə təklif edib ki, kənd əhalisi üçün elektrik, qaz, su və digər kommunal xidmətlərdə daha əlverişli, sosial və differensial tariflərin tətbiq edilməlidir:
“Yəni kənddə yaşayan insanın kommunal yükü şəhərdə yaşayan vətəndaşla eyni olmamalıdır. Çünki kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil”.
O qeyd edib ki, kənd və rayonlarda yaşayan insanlar üçün kreditlər daha əlçatan və faizlər daha aşağı olmalıdır.
Qazaxıstanda həyata keçiriləcək proqramın bənzərinin Azərbaycanda da tətbiqi mümkündürmü?
Məsələ ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov “Cebheinfo.az”-a bildirib ki, urbanizasiyanın sürətlənməsi kənddən şəhərə köçlə nəticələnir və bu da əmək bazarına təsiri, mədəni uyğunsuzluq, infrastrukturun inkişafı, şəhərlərin sıxlığı, əhalinin artması kimi sosial problemlər yaradır:
“Şəhərlərdə əhalinin artması iqtisadi və sosial infrastrukturun inkişafına paralel getmədikdə işsizlik, yoxsulluq və sosial gərginlik artır. Eyni zamanda, kənd yerlərindən gələn işsiz əhalinin sayının artması, şəhər əmək bazarına əlavə təzyiq göstərə bilir. Yeni məskunlaşan kənd sakinləri şəhər həyat tərzi, dəyərləri və davranış nümunələri ilə qarşılaşır, bu da mədəni uyğunsuzluğa və münaqişələrə yol açır.
Ölkəmizdə urbanizasiya prosesi ötən əsrin 90-cı illlərinin ortalarından başlayıb. Həmin dövrdə iqtisadiyyatın digər bölmələri kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların dağılması ciddi şəkildə məşğulluq probleminə yol açdı. Kənd və rayonlarda istehsal müəssisələrinin bağlanması, torpağın əkib-becərilməsinin çətinləşməsi ucqar bölgələrin sakinlərinin miqrasiyasına səbəb oldu və ümidlərini şəhərə, əsasən də Bakıya bağladı.
İqtisadi çətinlik nəticəsində regionlarda yaşayan əhalinin şəhərə üz tutması paytaxtda əlavə problemlərin meydana gəlməsilə nəticələnib. Şəhərlərə axın mənzil çatışmazlığına, sıxlığın artmasına və sosial infrastrukturun təzyiq altında qalmasına səbəb olur. Sənayeləşmə və əhali sıxlığının artması nəticəsində səs, hava və torpaq çirkliliyi kimi ekoloji problemlər yaranır”.
Sosioloqun sözlərinə görə, şəhərə köç ənənəvi ailə strukturunu poza, valideynlər və uşaqlar arasında yeni sosial münasibətlər yarana bilər:
“Kəndlərdəki geniş qohumluq və sosial əlaqələr şəhərdə zəifləyə bilər, bu da ailələrin sosial dəstək sistemini pozur. Gənclərin həyat tərzində, dəyərlərində və gələcək planlarında bir sıra dəyişikliklər baş verir. Onların daha böyük mədəni və təhsil imkanlarına, müasir texnologiyalara və fərqli həyat tərzinə məruz qalırlar, bu da dəyərlərində fərdiyyətçiliyin, müstəqilliyin və müasirlik ideyalarının önə çıxmasına səbəb olur.
Bu dəyişikliklər gənclərin təhsillərini davam etdirmək, peşə qazanmaq və karyera qurmaq üçün şəhərlərə axın etməsinə, eyni zamanda bu prosesin cəmiyyətdə yeni sosial-iqtisadi münasibətlərin yaranmasına və cəmiyyətin ümumi modernləşməsinə töhfə verməsinə gətirib çıxarır”.
Həmsöhbətimiz onu da vurğulayıb ki, ölkəmizdə də regionların canlandırılması, işçi qüvvəsinin cəlb edilməsi və "Böyük Qayıdış" proqramı çərçivəsində dövlət tərəfindən çox ciddi maliyyə, mənzil və sosial dəstək paketləri tətbiq olunur:
“Hazırda ölkədə ən böyük regional köç proqramı işğaldan azad edilmiş ərazilərə - Qarabağ və Şərqi Zəngəzura yönəlib. Bu proqram çərçivəsində Bakı və digər şəhərlərdən köçən keçmiş məcburi köçkünlərə bir sıra dəstəklər verilir. Onlardan biri də ödənişsiz mənzil təminatıdır. Köçən ailələr dövlət tərəfindən tam təmirli fərdi evlər və ya mənzillərlə təmin olunur, bu evlər sonradan onların şəxsi mülkiyyətinə verilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər: bölgələrə köç Fariz Əkbərov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin