ƏHD Partiyası hökumətə çağırış edib

07.09.2026

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda respublika və dünyada baş verən sosial-iqtisadi, ictimai-siyasi məsələlər müzakirə olunub. Müzakirələrdən sonra İdarə Heyətinin bəyanatı qəbul olunub.

Bəyanatda deyilir: “Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası tibb işçilərinin əməkhaqlarının artırılamasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyasının “20 Sentyabr” adlandırılması ilə bağlı qərarını təqdir edir.

ƏHD Partiyası eyni zamanda hesab edir ki, dövlət suverenliyinin tam bərpası, erməni separatçılığına, erməni faşizminə və terroruna son qoyulması 44 günlük Vətən müharibəsində əldə olunan qələbə qədər tarixi əhəmiyyət daşıyır.

2023-cü il sentyabrın 20-də Uca Tanrının köməyi, Ali Baş Komandanın siyasi iradəsi, Azərbaycan xalqının birliyi və ordunun uğurlu əməliyyatları nəticəsində Azərbaycanın bütün ərazisində, o cümlədən Xankəndidə dövlət suverenliyi tam təmin olundu. 20 sentyabr həm də mərhum Prezident Heydər Əliyev tərəfindən gələcək qələbələrimizin əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalandığı gündür.

ƏHD Partiyası hökumətə çağırış edir ki, bu nailiyyətin tarixi əhəmiyyəti nəzərə alınaraq, Təzəpir məscidinin yaxınlığında yerləşən və şəhərin ən böyük istirahət məkanlarından olan Mərkəzi Park da “20 Sentyabr Parkı” adlandırılsın”.

Bəyanatda eyni zamanda aztəminatlı insanların sosial müdaifəsinin gücləndirilməsinin vacib olduğu diqqətə çatdırılıb: “ƏHD Partiyası eyni zamanda hökuməti aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi qərarlar qəbul etməyə çağırır.

Müvafiq dövlət orqanları ölkə üzrə neçə nəfərin yaşa görə müavinət (220 manat), neçə nəfərin minimum pensiya (320 manat ) və neçə nəfərin minimum əməkhaqqı (400 manat) aldığına dair ictimaiyyətə rəsmi statistik məlumatları tam açıqlamasa da, statistik modellərə əsaslanan təxmini hesablamalara görə, onların sayı yüz minlərlədir. Rəqəmlər göstərir ki, hazırki qiymət artımı qarşısında həmin soydaşlarımız normal qidalanma problemi ilə üzləşə bilər. Tibb işçilərinin əməkhaqlarının artırılmasının ardınca, müəllimlərin, elm sahəsində çalışanların, hakimlərin və polis əməkdaşlarının da məvacibləri əhəmiyyətli səviyyədə artırılmalıdır. ƏHD Partiyası artan cari xərcləri qarşılamaq üçün hökuməti inkişafımız qarşısında ən böyük maneələrdən biri olan dövlət idarəetməsində ifrat mərkəzləşməyə son qoymağa, azad bazar iqtisadiyyatına keçidi tam təmin edəcək böyük iqtisadi islahatlar aparmağa çağırır”.

Bəyanatda həmçinin ABŞ vitse-prezidentinin açıqlaması tənqid edilib: “ƏHD Partiyası hesab edir ki, ABŞ vitse-prezidentinin və CNN-in Azərbaycanın ABŞ-nin İrana qarşı müharibədə onlara kömək etməsi barədə açıqlamaları Azərbaycanın İranla münasibətlərini gərginləşdirmək məqsədi daşıyan təxribatdır. Azərbaycan İrana qarşı savaşda ABŞ-yə kömək etsəydi, onlar bunu açıqlamazdılar, çünki bu, sadəcə xəyanət olardı. Görünür, ABŞ İrana qarşı savaşda Azərbaycanın ona kömək etməməsindən və İrana qarşı sanksiyalara qoşulmamasından narazı qalıb”.

Diqqət çəkilən daha bir məsələ isə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı olub: “Artıq Azərbaycan üzərindən Ermənistana yüklərin daşınmasını və iki ölkə arasında ticarət əlaqələrinin yaranmasını nəzərə alaraq, ƏHD Partiyası təklif edir ki, yekun sülh sazişi imzalanana qədər Azərbaycan Ermənistanla diplomatik əlaqələr qursun.

Beynəlxalq təcrübədə də belə bir nümunə var. 1956-cı ildə Yaponiya ilə Rusiya sülh sazişi imzalamadan diplomatik əlaqələri bərpa ediblər və bu gün də əlaqələr davam edir”. 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью