Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomaterialların yayılması ilə bağlı saxlanılan “Ehdiparfum” ləqəbli Əhdiman Osmanovun və onun tanışı Həsən Əliyevin məsuliyyət məsələsi gündəmin əsas hüquqi mövzularından birinə çevrilib.
Faktla bağlı cinayət işinin başlanılması cəmiyyətdə “bu şəxsləri hansı cəza gözləyir” sualını aktuallaşdırıb. Xüsusilə sosial şəbəkələrdə yayılan materialların xarakteri, onların hansı məqsədlə və hansı formada yayıldığı, eləcə də bu hərəkətlərin qanunun konkret hansı normasına uyğun gəldiyi hüquqi qiymətləndirmənin əsasını təşkil edir.
Bakıvaxtı.az məsələ ilə bağlı hüquqşünas Ayxan Məmmədliyə müraciət edib.
Hüquqşünasın sözlərinə görə, belə işlərdə yalnız videonun mövcudluğu deyil, onun hazırlanması, yayılması, nümayiş etdirilməsi və ictimaiyyətə çatdırılması mexanizmi də hüquqi baxımdan əhəmiyyət daşıyır.
“Bu cür hallarda cəmiyyətin emosional reaksiyası ilə hüquqi məsuliyyəti bir-birindən ayırmaq lazımdır. Şəxsin sosial şəbəkədə tanınması, geniş auditoriyaya malik olması və ya paylaşımın böyük rezonans doğurması öz-özlüyündə onun təqsirli olması demək deyil. Hüquqi məsuliyyət yalnız istintaqla müəyyən edilmiş konkret hərəkətlər və həmin hərəkətlərin qanunun müvafiq maddəsinə uyğunluğu əsasında formalaşa bilər”, – deyə Ayxan Məmmədli bildirib.
Onun sözlərinə görə, əgər araşdırma nəticəsində pornoqrafik xarakterli materialların qanunsuz şəkildə yayılması və ya nümayiş etdirilməsi təsdiqlənərsə, əmələ Cinayət Məcəlləsinin müvafiq normaları əsasında hüquqi qiymət verilə bilər.
Hüquqşünas qeyd edib ki, burada əsas məsələ materialın hansı məzmun daşıması ilə yanaşı, həmin materialın yayılmasının hüquqi mexanizmi və şəxsin bu prosesdəki konkret roludur. İstintaq orqanı bütün bunları sübutlarla əsaslandırmalıdır. Sadəcə sosial şəbəkədə materialın yayılması faktına istinad etməklə avtomatik olaraq ağır nəticə çıxarmaq olmaz”.
Ayxan Məmmədli onu da vurğulayıb ki, konkret cəzanın müəyyənləşdirilməsi üçün yalnız ittihamın hansı maddə ilə irəli sürülməsi deyil, həmin maddənin hansı hissəsinin tətbiq olunması, şəxsin əməlində digər hüquq pozuntularının olub-olmaması və məhkəmənin qiymətləndirdiyi hallar da nəzərə alınmalıdır.
“Əgər əməl Cinayət Məcəlləsinin 242-ci maddəsinin tərkibinə uyğun olaraq tövsif edilərsə, qanun müəyyən cəza növləri nəzərdə tutur. Lakin hazırkı mərhələdə ‘mütləq həbs cəzası veriləcək’ və ya ‘filan qədər il həbs olunacaq’ demək hüquqi baxımdan əsassız yanaşmadır. Cəzanı istintaq yox, məhkəmə müəyyən edir və bunun üçün iş üzrə bütün sübutlar məhkəmədə qiymətləndirilməlidir”, – deyə o bildirib.
Müsahibimiz xüsusilə təqsirsizlik prezumpsiyasına diqqət çəkib.
“Şəxsin saxlanılması, barəsində cinayət işinin başlanması və ya onun şübhəli şəxs qismində tutulması hələ onun cinayət törətdiyinin hüquqi baxımdan sübuta yetirilməsi deyil. Qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç bir şəxsi təqsirli elan etmək olmaz. Bu prinsipdən kənara çıxmaq həm hüquqi, həm də media baxımından ciddi problemlər yarada bilər”, – Ayxan Məmmədli əlavə edib.
Əhdiman Osmanovla bağlı iş üzrə əsas sual yalnız “ona neçə il həbs verilə bilər?” deyil, həm də istintaqın onun konkret hansı əməlini, hansı sübutlarla və hansı maddə ilə tövsif edəcəyidir.
Hazırda iş üzrə araşdırmalar davam edir.
Murad İsmayıl