Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan İstiqlal Muzeyində “Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində görkəmli ictimai-siyasi xadim və mütəfəkkir Əhməd bəy Ağaoğluna məxsus nadir kitabların təqdimat mərasimi keçirilib.
525.az xəbər verir ki, təqdim olunan nəşrlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professoru, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı tərəfindən muzeyə hədiyyə edilib.
Tədbiri muzeyin direktoru Sədi Mirseyibli açaraq, milli-mədəni irsin qorunması və tədqiqatçılara göstərilən dəstəkdən bəhs edib. Daha sonra Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova və professor, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı çıxış edərək Əhməd bəy Ağaoğlunun elmi, ictimai və maarifçi irsinin müasir dövr üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirdə ADMİU-nun Kulturologiya fakültəsinin Muzeyşünaslıq və turizm kafedrasının, eləcə də Sosial-mədəni fəaliyyət kafedrasının müəllim heyəti, həmçinin Bakı Hərbi Kollecinin kursantları iştirak ediblər.
Qeyd edək ki, təqdimat mərasimi 2019-cu ildə Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə keçirilmiş yubiley tədbirinin məntiqi davamı kimi qiymətləndirilir. Layihənin əsas məqsədi milli-mədəni irsin təbliği və mədəni xeyriyyəçilik dəyərlərinin təşviqidir.
Şahanə Müşfiq