Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
27 avqust 2026-cı il. Saat 20:00. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. UEFA Konfrans Liqası turnirinin pley-off mərhələsinin cavab görüşü. “Qarabağ” (Ağdam, Azərbaycan) – “Tvente” (Enshede, Niderland). Oyunun hakimləri – başda Rohit Saqqi olmaqla Norveç Futbol Federasiyasının nümayəndələri.
…İki gün əvvəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”i (Beer-Şeva, İsrail) Bakıdan əliboş yola salan (5-2 / 1-2 (6-4)) və tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah”ın möhtəşəm qələbəsindən sonra bu gün tamaşaçılar eyni stadionda “Qarabağ”ı da alqışlamağa hazırlaşırlar. Bütün Azərbaycan xalqı kimi, mən də bu axşam “Qarabağ” komandasının 13-cü dəfə avrokuboklarda əsas mərhələ yarışlarına vəsiqə qazanmasının şahidi olmaq, qürur və fəxarət hissi yaşamaq istəyirəm. Şübhə də etmirəm ki, bu gün respublikanın istisnasız olaraq, bütün şəhər və rayonlarında hamı yenə “Qarabağ”la nəfəs alacaq, “Qarabağ”! deyə-deyə saat 8-i, hakimin start işarəsini qələbəyə böyük ümid və inamla gözləyəcək.
Zarafat deyil, 18 ildir komandanı yorulmadan böyüdən baş məşqçimiz Qurban Qurbanov sanki rekord müəyyənləşdirirmiş kimi, 13-cü dəfədir futbolçuları ilə birlikdə avrokuboklar meydanındadır və indi buradan əl uzatsa, mərhələnin qapısını aça bilər. Bunun gerçəkləşməsi üçün yalnız bir inamlı addım qalır.
Bir həftə əvvəl Kadi Borges zəngin futbol ənənələri ilə fəxr edə biləcək Niderlandın Enshede şəhərində yerli “Tvente”nin qapısına vurduğu 52-ci dəqiqə qolu ilə oradakı azarkeşləri məyus edəndə, bizim yerlərdə hamı onun uğurunu ayaqüstə alqışlamağa başladı. Çox mühüm həmin qol oyunda yeganə oldu və “Qarabağ” iki raunddan ibarət döyüşün birinci raundundan qalib ayrılıb, ümumi hesabda irəli çıxdı (1:0).
İndi komandaları və onların pərəstişkarlarını qarşıda həlledici görüş gözləyir. Demək olar, hamı – evdəki məğlubiyyətdən sonra qətiyyən ruhdan düşməyən niderlandlı qonaqlarımız da, azərbaycanlı azarkeşlər də bu qənaətdədirlər ki, 90 dəqiqədən sonra Ağdam komandasının hesabda kiçik üstünlüyü olsa da, hələ heç nə tam həll olunmayıb, rəqiblərin pley-off səddini dəf etmək imkanları təxminən bərabərdir. Deməli, bu axşam yaxşı bir oyun izləmək istəyənlər nəzərlərini Bakı stadionuna yönəltməyə hazırlaşsınlar. “Qarabağ” onları sevindirmək əzmindədir.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist