Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Turan Tovuz” Misli Premyer Liqasının VI turunda “Zirə”yə minimal hesabla qalib gəldi. Görüşün taleyini həll edən yeganə qol oyunun son dəqiqələrində vuruldu.
Dramatik yekunlaşan matça ümumi baxsaq, hər iki tərəf ehtiyatlı oyunu ilə diqqət çəkdi. Həm “Turan Tovuz”, həm də “Zirə” müdafiədə kompakt oynayan komandalardır və standart vəziyyətlərdə effektivdirlər. Tərəflərin duelində də demək olar ki, əsas təhlükələr məhz standartlardan oldu.
İlk hissədə meydan sahibləri üstün oynasa da, fasilədən sonra oyunda balans yarandı. Matçın məntiqi sonluğu, bəlkə də, bərabərlik idi. Lakin son dəqiqədə “Zirə”nin cərimə meydançasında standart vəziyyətdən sonra yaranan qarışıqlıq qolla nəticələndi.
Görüşün gərgin keçəcəyi ehtimal edilsə də, tərəflər sakitliyini qoruya bildi. Ötən mövsüm “Turan Tovuz”un mükafatçılar sırasında olmasına baxmayaraq, avrokuboklardan kənarda qalması və onların əvəzinə “Zirə”nin beynəlxalq arenaya çıxması yerli publikanın narazılığına səbəb olmuşdu. Hətta illər əvvəl olan problemin yenidən üzə çıxmasında bakılıları günahlandıranlar az deyildi. Bunlar fonunda oyunun gərgin keçəcəyi proqnozlaşdırılırdı, amma gözlənilən kimi olmadı. Hər iki komanda təmkinini qoruya bildi. Bəzi anlarda qısa müddət davam edən aqressiyalar olsa da, bu, ümumi oyunun mənzərəsinə yansımadı.
Əsas gərginlik isə tovuzlu bir qrup azarkeşlə “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov arasında oldu. Artıq neçənci dəfədir ki, bu komandaların görüşündə Sadıqov fanatlar tərəfindən aqressiyaya məruz qalır.
Mütəxəssis matçdan sonra da açıqlamasında məsələyə toxundu, həmin azarkeşlərin sadəcə müəyyən bir qrup olduğunu və eyni halı hər matçda təkrarladığını bildirməklə, ümumi Tovuz futboluna və bu kluba hörmətini növbəti dəfə göstərdi.
Şahin Cəfərov